GündəmManşetSağlamlıq

Bakı Qarabağ ermənilərinə yardım göndərəcək? – Ceyhun Bayramovdan vacib açıqlamalar

“Azərbaycanlı ekofəalların Xankəndi-Laçın yolundakı nümayişlərdəki tələbləri hələ də cavablandırılmayıb”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelərlə keçirdiyi görüşdə bildirib.

Onun sözlərinə görə, iki gün öncə keçirilən brifinqdə etiraz nümayişinin başlanmasına səbəb olan səbəblər açıqlanıb: “Eyni zamanda, ötən iki gün ərzində biz manipulasiyalar üçün ortaya atılan yalanların şahidi olduq”.

“Laçın yolundakı pozuntular üçtərəfli bəyanatın müddəalarına zidd olaraq baş verir. Diplomatlarla Laçın yolundan çoxsaylı sui-istifadə hallarından, qanun pozuntuları hallarından bəhs etmək istəyirik. Sui-istifadə halları, qanun pozuntuları üçtərəfli bəyanatın müddəalarının əksinə olaraq baş verir. Bu hadisədən ümumi anlayışımızın olmağı üçün önəmlidir”, deyə nazir qeyd edib.

Nazir bildirib ki, Şuşa-Xankəndi yolunun bağlanmasının humanitar böhrana səbəb olması ilə bağlı iddialar həqiqətə uyğun deyil. Onun sözlərinə görə, məqsəd qeyri-qanuni işlərin qarşının alınmasıdır: “Bu iddialar həqiqətə uyğun deyil”.

Ceyhun Bayramov qeyd edib ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə təbii qazın Azərbaycan tərəfindən kəsilməsi ilə bağlı açıqlamalar feykdir. O, “Azəriqaz”ın bununla bağlı açıqlama yaydığını xatırladıb: “Problem varsa, araşdırılmalı və qarşısı alınmalıdır. Azərbaycan tərəfi problem yaratmayıb. Hava şəraiti sərt keçən digər ərazilərimizdə də qaz təchizatı ilə bağlı problem yaşanıb. Bu, yeni hal deyil. Əgər yerli əhali ilə dövlət qurumları arasında əlaqə olsa idi, məsələ vaxtında həll olunardı. İndi onlar dramatizmi artırmaq üçün Azərbaycan tərəfi ilə ünsiyyətdən yayınırlar”.

“Qarabağda erməni əhalinin nə qida, nə tibbi ləvazimatlarla bağlı heç bir problem yoxdur. Azərbaycan tərəfi humanitar istiqamətlərlə bağlı nə yardıma ehtiyac varsa qarşılamağa hazırdır”, deyə nazir əlavə edib.

Ceyhun Bayramov bildirib ki, dekabr ayı ərzində Ermənistan XİN rəhbəri ilə görüşün keçirilməsi barədə plan var. Nazir qeyd edib ki, XİN rəhbərlərinin görüşünə dair əvvəlcədən razılaşma əldə olunub.

“Sülh sazişinin təşəbbüskarı ilk gündən Azərbaycan tərəfi olub. Bütün təşəbbüslər Azərbaycan tərəfindən həyata keçirilib. Bu ayın sonunadək növbəti raund danışıqlar aparılacaq”, deyə nazir əlavə edib.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq dörd gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Bənzər yazılar

Back to top button