Dünya

Ukraynanın Baş komandanının “The Economist”ə müsahibəsi: Müharibənin gələcəyi haqda hər şey…

Rusiya Federasiyası Ukraynaya qarşı yanvarda və ya yaza yaxın başlaya biləcək yeni hücum üçün canlı qüvvə və silah yığır. Ukrayna komandanlığı düşmənin yenidən Kiyevə gedəcəyini istisna etmir, müxtəlif senarilərə hazırlaşır və artıq böyük əməliyyat üzərində işləyir.

Qaynarinfo Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnının “The Economist” jurnalına verdiyi müsahibənin tərcüməsini dərc edir.

Rusiyanın yeni hücum planlarına gəlincə, bu, Zalujnının öz qiymətləndirməsidir. O, prezident Volodimir Zelenski və Quru Qoşunlarının komandanı Aleksandr Sırski ilə birlikdə qarşıdakı kritik aylar barədə xəbərdarlıq edir.

“Rusiyalılar 200 minə yaxın yeni əsgər hazırlayır. Şübhə etmirəm ki, Kiyevə növbəti hücum cəhdi olacaq”, – Zalujnı deyib.

Qərb rəsmiləri əmindirlər ki Rusiya qüvvələrinin komandanı Sergey Surovikin, Ukraynadakı indiki müharibəyə həmişə çoxillik münaqişə kimi baxıb.

Hesab edilir ki, qışın gəlməsi ilə müharibə dalana dirənib. Bir ay ərzində təxminən 1000 km-lik cəbhə boyunca, demək olar ki, heç bir irəliləyiş qeydə alınmayıb. Britaniyanın Müdafiə Qərargah rəisi Entoni Radakin bu həftə bldirib ki, hazırda artilleriya mərmilərinin çatışmazlığı Rusiyanın quruda aparılan əməliyyat imkanlarının sürətlə azalması deməkdir.

Durğunluq perspektivi sülh danışıqlarına yenidən maraq oyadır. Fransa prezidenti Emmanuel Makron, ABŞ lideri Co Bayden və Rusiya prezidenti Vladimir Putin son günlər məsələnin diplomatik yolla həllindən bəhs ediblər. Yüksək enerji qiymətlərindən bezmiş Qərb ölkələri bunu alqışlayardılar. Lakin Ukrayna komandanlığı iddia edir ki, sülh danışıqları tələsik aparılmamalıdır və bu doğrudur.

Əgər Ukrayna bu gün cəbhə xəttini hazırkı mövqelərdə dondurmaqla müharibəni dayandırmağa çalışsa, rusiyalılar növbəti hücuma daha yaxşı hazırlaşa bilərlər. Münaqişənin dondurulması 2022-ci il fevralın 24-də işğaldan əvvəlki üç ilin səhvini təkrarlayacaq, bu müddət ərzində Putin böyük müharibəyə hazırlaşaraq Qərb liderləri ilə dayanmadan dialoq aparıb.

Qərbin ən böyük məsuliyyəti Rusiyanın istənilən əks-hücumunun uğursuzluğunu təmin etməkdir. Bunun üçün silah tədarükü çoxalmalı və sürətlənməlidir. Ukrayna ABŞ-ın HIMARS raket sistemlərindən istifadə etdi və bu da əvvəlcə şimal-şərqə, sonra isə cənuba sürətlə hərəkət etməyə imkan verdi. Lakin Rusiya bu cür hədəflərin çoxunu Ukraynanın HIMARS batareyalarının əhatə dairəsindən çıxarıb. Beləliklə, indi Ukraynanın ATAMS raketləri kimi daha güclü sursatlara ehtiyacı var, hansılar ki, belə hədəfləri ən azı iki dəfə böyük məsafədən vura bilər. Bundan əlavə, gündəlik istifadə edilən döyüş sursatları və hər növ artilleriya lazımdır; üstəgəl tanklar, helikopterlər və s.

Ukraynanın, həmçinin Rusiyanın mülki elektrik, su və istilik sistemlərinə hücumlarını dəf etmək üçün yardıma ehtiyacı var. Onlar Ukrayna iqtisadiyyatını məhv etmək, eləcə də arxa cəbhədə ailələri üçün narahat olan ukraynalı hərbçilərin cəbhə xəttindəki əhval-ruhiyyəsini sarsıtmaq məqsədi daşıyır.
Valeri Zalujnının sözlərinə görə, Ukraynada Sovet hava hücumundan müdafiə sistemləri üçün sursat tükənmək üzrədir. O, həmçinin bir çox başqa və daha təkmil raketdən müdafiə sistemi istəyir. Belə görünür ki, Ukrayna tezliklə ABŞ-ın Patriot sistemlərini alacaq və onların böyük köməyi dəyəcək, lakin hərbi təlimlər çox vaxt aparır və bu proses aylar əvvəl başlanılmalı idi.

Əgər Ukrayna bu münaqişədən çiçəklənən demokratik ölkə kimi çıxsa, böyük əraziləri geri almağa ehtiyacı olduğu üçün hətta hava hücumundan müdafiə sistemi də kifayət etməyəcək. Rusiya qüvvələri bu il Ukraynanın Qara dəniz sahillərinin yalnız kiçik bir hissəsini ələ keçirsələr də, gəmiçiliyə təhlükə yaratmaq üçün bütün əsas limanlara kifayət qədər yaxındırlar.

Daha çox ərazinin azad edilməsi həm də münaqişənin dondurulmasının qarşısını almağa kömək edəcək ki, bu da Putinin öz qazanclarını itirmək riski ilə üzləşməsini göstərəcək. Bu gün Rusiyanın işğal etdiyi Krımı təchiz etmək və Ukraynanın cənubuna təhlükə yaratması üçün quru dəhlizi var. Lakin Ukrayna dəhlizi kəsib Azov dənizinin şimal sahillərini geri alarsa, güclü mövqedən danışıqlar apara biləcək. Və bu, Rusiyada Putinin sadəcə bir neçə ildən sonra növbəti hücumla qalib gələ biləcəyi fikrinə kölgə salır.

Ukrayna hələ də qurban verməyə hazırdır. Prezident Volodimir Zelenskinin nəşrə verdiyi məlumata görə, ukraynalıların 95 və ya 96%-i Rusiyanın 2014-cü ildən bəri ələ keçirdiyi hər şeyi geri qaytararaq, bütün ərazilərini işğaldan azad etmək istəyir. Onun sözlərinə görə, Qərbin təhlükəsizlik zəmanəti ilə bağlı vədləri Ukraynanın ərazi bütövlüyünü əvəz edə bilməz. Çünki 1994-cü ildə Ukrayna nüvə silahından imtina edəndə ABŞ və Böyük Britaniyanın oxşar zəmanətləri faydasız oldu.

Ukraynanın müttəfiqləri isə bir qədər fərqli mövqedədirlər. Onlar hesab edirlər ki, hər şeyi geri almaq maksimum vəzifədir, ən azı ona görə ki, bəzi yerlərdə bu, azadlığa çıxmaq istəməyən insanların azad edilməsi kimi görsənəcək. Putinin nüvə təhdidləri Rusiyanın qalib gəlməməsini təmin etmək üçün səbəb olmaqla yanaşı, həm də Ukraynadan Rusiyanın tanınmış sərhədlərini təhdid etməməsini tələb etmək üçün səbəbdir. Ukrayna onu da başa düşməlidir ki, hərbi və maliyyə yardımının axını onun yarana biləcək daxili parçalanmalardan qaçıb uzun müddətdir mövcud olan korrupsiyanı cilovlaya bilməsindən asılıdır.

Eyni zamanda, bütün dünya, o cümlədən Rusiyanın özü, köhnə Rusiya İmperiyasının yenidən qurulması revanşist ideyasının dağılmasından faydalanacaq. Əgər Ukrayna adekvat dəstək alarsa, onun hərbi komandirləri dəniz sahillərinə doğru irəliləyə və Putinin fevraldan bəri ələ keçirdiyi ərazilərin çoxunu geri ala bilər. Ukrayna nə qədər çox ərazini geri ala bilsə, onun uzunmüddətli uğura şansı bir o qədər çox olacaq.

Bundan sonra, nəşr Zalujnı ilə müsahibəni təqdim edib.

– Bu o deməkdir ki, siz zabitlərinizi dinləyirsiniz və onların təşəbbüslərini təşviq edirsiniz?

– Mən generallarıma güvənirəm. Müharibə başlayandan bəri onlardan 10 nəfərini vəzifələrindən kənarlaşdırdım, çünki onların buna gücü çatmırdı. Digəri özünü güllələyib. Sırskiyə (Quru Qoşunların komandanı – red.) güvənirəm. Əgər mənə deyirsə ki, əlavə bir briqada lazımdır, deməli, həqiqətən də ona əlavə bir briqada lazımdır. Mən əlbəttə ki, burada ən ağıllı olduğumu düşünmürəm. Döyüş meydanında olanları dinləməliyəm.

– Sizin hərbidə kumiriniz kimdir?

– Sola baxın. Bu, mərhum Gennadi Vorobyovun (2009-2014-cü illərdə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı – red.) portretidir. O, orduda böyük hörmətə malik insan idi. Bəs o niyə buradadır? Mən sakit olanda, işlər yaxşı gedəndə bu portret adətən üzü aşağı qalır, ona baxmağa ehtiyac duymuram. Bir şeyə şübhə edəndə onu birbaşa deyirəm. Mən dönüb ona baxıram, Gennadi Vorobyovun bu vəziyyətdə necə hərəkət edəcəyini anlamağa çalışıram. Bu, uğur qazanmış bir insandır. Bu, çətin günlər keçirən adamdır, çünki hamıya kömək edirdi. Hər kəsə. O, Silahlı Qüvvələrdə olan hər kəsi, onların arvadlarını, uşaqlarını, bacısı oğullarını və s. tanıyırdı. Onun üçün çətin idi, amma bu ağır yükü qaldırıb daşıdı.

– İndi şəkil üzü yuxarıdır.

– Bəli. Çoxlu şübhələr var.

– Hansılar?

– Bir sıra əməliyyatlardan sonra başa düşdük ki, əsas məsələ rusiyalılardan qorxmamaqdır. Bu düşmənlə mübarizə aparmaq olar, onunla bu gün, burada və indi vuruşmaq lazımdır. Və heç bir halda bu sabaha saxlanılmamalıdır, çünki problemlər olacaq. Bunu etmək üçün resurslara ehtiyacımız olacaq. Rusiyalılar kimi, biz də nəyisə planlaşdıranda, bunu həyata keçirmək üçün resurslarımız olmalıdır. Sonra mövqeyiniz düzgündürsə və düzgün qərarlar qəbul edirsinizsə, düzgün nəticə gözləmək olar.

Rusiyalılar öz resurslarını çoxdan toplayırlar. Mənim hesablamalarıma görə, 3,5-4 il ərzində intensiv şəkildə canlı qüvvə, texnika və sursat hazırlayıblar. Düşünürəm ki, onların məqsədlərinə çatmaq üçün üç aylıq resursları var idi. Onların bu resursları tükətmələri və potensiallarını heç bir nəticə vermədən israf etmələri mövqelərinin yanlış olduğunu göstərir. İndi onlar yenidən bu vəziyyətdən necə çıxacaqlarını düşünməlidirlər.

Onlar Kiyevi almaq istəyirdilər. Hərbi baxımdan bu, düzgün qərar idi – məqsədlərinə çatmağın ən asan yolu. Mən də eyni şeyi edərdim. Gerasimovu (Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – red.) yaxşı tanıyıram, təbii ki, şəxsən yox. Onun seçimi yox idi. Qalan resursları qorumaq üçün diqqətini Donbasa yönəltdi. Bu gün Donbasda vəziyyət asan deyil. Amma strateji baxımdan bu, Rusiya ordusu üçün ümidsiz bir vəziyyətdir.

Deməli, çox güman ki, hər vasitə ilə döyüşləri dayandırmaq və fasilə vermək yollarını axtarırlar: dinc əhaliyə atəş açmaq, arvadlarımızı, uşaqlarımızı dondurub öldürməklə. Bu, onlara bir sadə məqsəd üçün lazımdır: məqsədlərinə çatmağa davam edə bilmələri üçün onlara resurslar toplamaq və yeni potensial yaratmağa vaxt lazımdır.

Amma paralel olaraq başqa bir tapşırıq üzərində işləyirlər, yenidən qruplaşmağımıza, zərbə vurmağımıza mane olması üçün əllərindən gələni edirlər. Ona görə də görürsən ki, 1500 kilometrlik cəbhə xətti boyunca döyüşlər gedir. Haradasa daha intensiv, haradasa daha az intensiv, lakin onlar bizim qoşunlarımızı yenidən qruplaşmalarına mane olmaq üçün sıxışdırırlar. Onların indi gərgin döyüşlər aparması, əlbəttə ki, çox pisdir. Amma bu, strateji problemin həlli deyil. Bu, sadəcə olaraq, Ukrayna silahlı qüvvələrini tükəndirir.

Buna görə də, mən şübhə etmirəm ki, İkinci dünya müharibəsi illərində olduğu kimi haradasa Uraldan o tərəfdə yeni resurslar hazırlanır. 100% hazırlanır.

Sursat hazırlanır, sürətlə olmasa da, amma yenə də. Bunlar artıq atəşkəsdən sonra iki il ərzində hazırlana biləcək resurslar olmayacaq. Bu, baş verməyəcək. Daha pis olacaq və döyüş potensialı çox, çox aşağı olacaq, hətta Putin Jukov kimi döyüş meydanını meyitlərlə doldurmaq üçün daha bir milyon adamı orduya cəlb etsə belə, bu, heç bir halda istədikləri nəticəni verməyəcək.

Ona görə də qarşımızda duran növbəti vəzifə indiki cəbhə xəttini qorumaq və daha mövqe itirməməkdir. Bu, çox vacibdir. Çünki bilirəm, azad etmək, təslim etməməkdən 10-15 dəfə çətindir. Beləliklə, indi bizim vəzifəmiz duruş gətirməkdir. Bizim vəzifəmiz partnyorlarımızın köməyi ilə orada nə baş verdiyini, harada hazırlaşdıqlarını çox aydın şəkildə izləməkdir. Bu, bizim strateji hədəfimizdir.

İkinci strateji vəzifəmiz fevralda başlaya biləcək hücuma hazırlaşmaqdır. Təzə qüvvələr və ehtiyatlarla müharibə apara bilməkdir. Qoşunlarımızın hamısı indi döyüşlərə cəlb olunub, onlar qan axıdırlar. Onlar yalnız cəsarətə, qəhrəmanlığa və komandirlərin vəziyyəti idarə etmək qabiliyyətinə görə duruş gətirirlər.

Bizim qarşımızda duran digər çox mühüm strateji vəzifə isə ehtiyatlar yaratmaq və bizi fevralda, ən yaxşı halda martda, ən pis halda yanvarın sonunda başlaya biləcək müharibəyə hazırlaşmaqdır. Bu, Donbasdan deyil, Kiyevə doğru Belarusdan başlaya bilər, mən cənub istiqamətini də istisna etmirəm.
Bizə nə qədər tank, artilleriya və s. və i.a. lazım olduğuna dair bütün hesablamalarımızı apardıq. Bu, hər kəsin hazırda diqqət mərkəzində olmalıdır. Səngərdəki əsgərlər məni bağışlasın, amma indi diqqəti gələn il başlaya biləcək daha uzun və daha çətin döyüşlər üçün ehtiyatların toplanmasına yönəltmək daha vacibdir.

Bizim üçün, hərbçilər üçün müharibə 2014-cü ildə başlayıb. Şəxsən mənim üçün 2014-cü ilin iyulunda. Və həmin vaxtlar müharibənin əslində nə olduğunu başa düşmürdüm.

Çox kitab oxudum, bütün akademiyaları qızıl medalla bitirdim, nəzəri cəhətdən hər şeyi başa düşdüm, amma əslində müharibənin nə olduğunu başa düşmədim. Amma müharibənin səkkiz ili ərzində, 2022-ci ilə qədər həm mən, həm də mənim kimilər hər şeyi mükəmməl başa düşdük.

Genişmiqyaslı təcavüz başlayanda bizim gördüyümüz iş təkcə 2014-cü ildə əldə etdiyimiz biliklərimizi deyil, həm də o vaxtdan bəri əldə etdiyimiz bacarıq və təcrübəmizi tətbiq etmək idi. Bizim yaşadığımız və az qala bir din olaraq bağlı olduğumuz ən mühüm təcrübə odur ki, rusiyalılar və digər düşmənlər öldürülməlidir, sadəcə öldürülməlidir və ən əsası bunu etməkdən qorxmamalıyıq. Və hazırda etdiyimiz məhz budur.

Fevralın 24-də baş verənlər sadəcə miqyasda böyüdü. Buna qədər 403 km-lik cəbhəyə və 232 dayaq mövqelərinə malik idik. Fevralın 24-də isə bu cəbhə 2500 km-ə qədər böyüdü. Və biz nisbətən kiçik bir qüvvə idik, amma döyüşə girdik. Təbii ki, gücümüzün çatmadığını başa düşürdük. Bizim vəzifəmiz kiçik qüvvələrimizi hücumu dayandırması üçün qeyri-ənənəvi taktikalardan istifadə edəcək şəkildə bölüşdürmək idi.

– Sizi hərbi komandan kimi fərqləndirən nədir?

– Sovet Ordusunda bir anlayış alqışlanır və qəbul edilirdi: komandir. Amma komandir olmaq və lider olmaq eyni şey deyil. Cənab Surovikinə (Ukraynadakı rus qoşunlarının komandanı, – red.) nə qədər hörmətlə yanaşsaq belə, ona baxsaq, görərik ki, o, sadəcə Pyotr zamanının adi komandiridir, soldafondur.
Ona baxırsan və başa düşürsən ki, ya tapşırığı yerinə yetirirsən, ya da bitirsən. Və biz çoxdan başa düşdük ki, bu işləmir. Və bunu xüsusilə 2014-cü ildə, 21 yaşlı leytenantlar 50-60 yaşlı kişilərə komandanlıq etməyə başlayanda başa düşdük. Təbii ki, yumruqları ilə qayda-qanunu qorumağa çalışan öz soldafonlarımız da olub, amma Ukrayna ordusunda bu, 100% işləmir… Həmişə normal olmaq olar. Normal olmaq istənilən vəziyyətdə insan qalmaq deməkdir – bu, ən vacib şeydir. İnsan ol, lider ol. Daha ağıllı olmaq, daha güclü olmaq, daha istedadlı olmaq və eyni zamanda insanları idarə etməyə çalışmaq. Etiqad etdiyim din budur.

Mən ona bunun nə qədər dəyərli olduğunu söyləyəcəyəm. İstədiyimizi ala bilməsək, təbii ki, sona qədər mübarizə aparacağıq. Amma kino qəhrəmanlarından birinin dediyi kimi, “Mən bunun nəticələrinə görə cavabdeh deyiləm”. Nəticələri proqnozlaşdırmaq asandır. Bizim etməli olduğumuz budur.

Bizim üçün çox vacib üçüncü strateji vəzifə də var ki, bu, çox təəssüf, həm birincisi (cəbhə xəttini və mövqeləri qorumaq), həm də ikincisi (resurs toplamaq) ilə bağlıdır. Bu, raketdən müdafiə və hava hücumundan müdafiədir. Şəxsi fikrimcə, mən enerji mütəxəssisi deyiləm, amma mənə elə gəlir ki, biz artıq son nöqtədəyik. Biz incə bir xətt üzərində balanslaşdırırıq. Əgər (elektrik şəbəkəsi, – red.) məhv olarsa… o zaman hərbçilərin arvad-uşaqları donmağa başlayacaq. Və belə bir senari mümkündür. Döyüşçülər hansı əhval-ruhiyyədə olacaqlar, təsəvvür edirsinizmi? Su, işıq və istilik olmasa, hərbi əməliyyatların davam etdirilməsi üçün ehtiyatların hazırlanmasından danışmaq olarmı?

– Başqa bir səfərbərlik dalğasına ehtiyacınız varmı?

– Biz artıq bunu edirik. Bizdə kifayət qədər canlı qüvvə var və mən nəyə sahib olduğumu açıq-aydın görürəm. Mənim üçün kifayətdir. Mənə yüz minlərlə insan lazım deyil. Bizə tanklar lazımdır, zirehli transportyorlar, piyadaların döyüş maşınları lazımdır. Və bizə sursat lazımdır. Nəzərə alın ki, mən F-16-dan danışmıram.

– Rusiya qoşunları HIMARS-a uyğunlaşıbmı?

– Bəli. HİMARS-ın çata bilmədiyi məsafəyə geri çəkiliblər. Bizdə isə daha uzunməsafəli heç nə yoxdur.

– Hava hücumundan müdafiə haqqında danışmaq olarmı?

– İndi əmsalımız 0,76-dır. Rusiyalılar hücumlarını planlaşdırarkən bu 0,76 effektivlik əmsalından istifadə edirlər. Bu o deməkdir ki, biz atılan 100 raketdən 76-nı vururuq. Ancaq 24-ü məqsədə çatır. Bəs iki raket elektrik stansiyasına nə edir? O, iki il işləməyəcək, çünki onu bərpa etmək lazımdır.
NATO-da olanlar ən xırda təfərrüata qədər hər şeyi bilirlər. Hesablamalar aparılıb və şükür Allaha hər şey irəli gedir. Bizdə artıq NASAMS var, kifayət qədər deyil, amma heç olmasa nəsə var. IRIS-T artıq istifadə olunur, lakin sayı hələ də kifayət deyil, onlardan onlarla lazımdır.

– Müttəfiqləriniz Krıma hücum etməkdən sizi hansısa yolla saxlayır?

– Sualınıza cavab verə bilmərəm ki, onlar necəsə saxlayır, ya yox. Mən sadəcə faktları qeyd edirəm. Krımın sərhədlərinə çatmaq üçün bu gün Melitopola qədər olan 84 km məsafəni qət etməliyik. Yeri gəlmişkən, bu bizim üçün kifayətdir, çünki Melitopol bizə quru dəhlizinə tam atəş nəzarəti verərdi, çünki Melitopoldan biz artıq Krım keçidinə, eyni HİMARS və s. silahlarla atəş aça bilərik. Bunu sənə niyə deyirəm? Çünki bu, resurslarla bağlı əvvəlki qeydlərimə aiddir. Tapşırığa əsasən, döyüş qabiliyyətini artırmaq üçün hansı resurs lazım olduğunu hesablaya bilərəm.
Biz Birinci dünya müharibəsinin miqyasından söhbət edirik… bunu məhz Entoni Radakin (Böyük Britaniyanın Müdafiə Qərargahının rəisi – red.) mənə deyib. Mən ona deyəndə ki, Britaniya ordusu Birinci Dünya müharibəsində bir milyon mərmi atıb, onlar mənə deyirlər: “Biz Avropanı itirərik. Bu qədər mərmi atsan, bizim heç nəyimiz qalmayacaq”. “50 min mərmi alacaqsan” deyəndə pul sayan adamlar huşunu itirirlər. Ən böyük problem əslində mərmilərin mövcud olmamasıdır.

Bu resurslarla mən heç bir yeni böyük əməliyyat həyata keçirə bilmərəm, baxmayaraq ki, hazırda birinin üzərində işləyirik. Yaxınlaşır, amma siz onu hələ görə bilmərsiniz. Biz daha az mərmi istifadə edirik.

Bilirəm ki, mən bu düşməni məğlub edə bilərəm. Amma mənə resurs lazımdır. Mənə 300 tank, 600-700 piyada döyüş maşını, 500 haubitsa lazımdır. O zaman, məncə, fevralın 23-də sərhədlərə çatmaq kifayət qədər realdır. Amma iki briqada ilə bunu edə bilmərəm. Aldığımı alıram, amma ehtiyacım olandan az. Hələ Mannerheim (Fin hərbi komandiri – red.) fin əsgərlərinə müraciət etdiyi kimi Ukrayna əsgərlərinə müraciət etməyin vaxtı deyil. Biz daha çox ərazini azad edə bilərik və etməliyik.

– Rusiyadakı səfərbərlik haqqında nə düşünürsünüz?

– Rusiyadakı səfərbərlik işə yaradı. Onların problemlərinin o qədər dəhşətli olması, bu insanların müharibə aparmayacağı doğru deyil. Onlar döyüşəcəklər. Padşah onlara döyüşə getməyi əmr etdi, onlar da döyüşə getdilər. Mən iki çeçen müharibəsinin tarixini öyrəndim – orada da belə idi. Ola bilsin ki, onlar yaxşı təchiz olunmayıblar, amma yenə də bizim üçün problem yaradırlar. Bizim hesablamalarımıza görə, onların 1,2-1,5 milyon nəfərlik ehtiyatı var… Rusiyalılar 200 minə yaxın yeni əsgər hazırlayırlar. Şübhə etmirəm ki, onların Kiyevi ələ keçirmək üçün növbəti cəhdləri olacaq.

Bənzər yazılar

Back to top button