Siyasət

“Rusiya və Vardanyan Arayikə deyir ki, “madam “prezident” sənsən, yolu aç…”

Xankəndi-Laçın yolunu kim və niyə bağlayıb?

Kimin bağladığı məlumdur: Yol Azərbaycan və Rusiya rəhbərliyinin ortaq qərarı ilə bağlanıb. Bu, sübuta ehtiyacı olmayan aksiom kimi bir şeydi…

Əsas sual isə budur ki, niyə bağlayıblar?

Rusiya Azərbaycanın əvvəlki aksiyalarını (həm hərbi, həm də dinc) Paşinyana qarşı təzyiq kimi istifadə edirdi. Budəfəki aksiyada birbaşa olaraq hədəf Paşinyan və Ermənistan deyil. Əsas hədəf Xankəndini Ermənistanın və diasporun nəzarətindən çıxarıb tamamilə Rusiyanın nəzarətinə keçirməkdir. Noyabrın 4-də Rusiyanın tələbiylə Ruben Vardanyan “dövlət naziri” oldu. Amma, görünür Arayik Harutunyan Xankəndi və ətrafındakı biznesini itirmək istəmir və bu səbəbdən də “siyasi səlahiyyətlərini” tam şəkildə Vardanyana təhvil vermək istəmir. Ehtimal etmək olar ki, Harutunyanın Fransaya son səfəri də diasporadan dəstək almaq niyyəti ilə edilib. Arayiki “France 24” kanalına çıxararaq “Artsax prezidenti” kimi təqdim etmək, əslində Rusiyaya və Vardanyana verilən mesaj idi. Yəni biz “prezident” kimi Arayiki tanıyırıq. Elə Xankəndi-Laçın yolu da Arayik Harutunyanın Parisdən Xankəndinə qayıtdığı gün bağlanıb. Rusiya və Vardanyan indi Arayikə deyir ki, “madam “prezident” sənsən, buyur, yolu da sən aç”…

Son 3 gündür Arayik ortalıqda yoxdur. Nə bir açıqlama verib, nə də bir görüntü. Sonuncu dəfə ayın 13-də “deputatlar” qarşısında çıxış edib və yoxa çıxıb. “Hökumət” adından bütün açıqlamaları Vardanyan verir. Arayik bütün “siyasi səlahiyyətlərini” və böyük ehtimalla biznesini də təhvil verdikdən sonra bağlanan yol da açılacaq…

5 gün əvvəl çəkilən foto

P.S. Bu şəkil ayın 13-də çəkilib. Yolun bağlanması ilə əlaqdar Vardanyan iclas keçirir. Mənim diqqətimi divardakı yazı cəlb etdi: “40-880” və aşağısında 13.12.2022-ci il tarixi. Üzərində qeydlər etmək üçün nəzərdə tutulan bu cür lövhələr adətən divara vurulmur. Vurulsa belə bir adamın belə keçə bilməyəcəyi stolun arxasından asılmır (5 gün əvvəl çəkilən fotodan da görünür ki, orda lövhə olmayıb). “40-880” nə deməkdir, niyə yazılıb ora? Ayın 13-də Vardanyanın “dövlət naziri” təyin olunmasının 40 günü tamam olub. Bəlkə onunla bağlı nəsə demək istəyib…

Bütün hallarda bu rəqəmlər “şubalı xanımın göyərçini öldürməsi səhnəsi”ndən daha maraqlıdır…

Allahverdi Cəfərov

Yeniavaz.com

Bənzər yazılar

Back to top button