Cəmiyyət

Həbsdə olan sayt redaktorunun xanımını da həbs təhlükəsi gözləyir

Demokratik.az saytının redaktoru, hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinərək həbs edilən Osman Nərimanoğlunun xanımı Arzu Rzayevanın barəsində böhtanla bağlı şikayət verilib.

Xüsusi ittihamçı kimi Göygöl rayon xəstəxanasının icraçı direktoru Vasif Əliyev çıxış edir. Bu barədə Turan-a Rzayeva özü bildirib.

147.2-ci maddə (ağır cinayət törətmək barədə böhtan) üzrə iddianın səbəbi Rzayevanın Youtube kanalında “Hüquq saatı”nda çıxışıdır. O, həyat yoldaşına qarşı cinayət işindən danışıb.

Qadının sözlərinə görə, ittihamçının iddialarına onun Vasif Əliyevin “rayon prokurorunun kirvəsi olması” barədə sözləri səbəb olub. Bundan əlavə, xüsusi ittihamçı onun korrupsiyaya uğraması barədə Rzayevanın sözlərini böhtan hesab edib.

Dekabrın 14-də Göygöl Rayon Məhkəməsində hazırlıq iclası keçirilib və hakim işi icraata qəbul edib.

“Mənim vəkilim yox idi. Qohumlarımı məhkəməyə buraxmadılar. Hakim məndən Vasif Əliyevdən üzr istəməyi tələb etdi. Amma mən bundan imtina etdim, ondan sonra işə baxıldı. Həyat yoldaşımı həbs etdikləri az deyil, məni, iki uşaq anasını da həbs etmək istəyirlər”, – Rzayeva deyib.

Növbəti iclas dekabrın 19-na təyin edilib.

Əliyevlə əlaqə saxlamaq və Göygöl Rayon Məhkəməsindən şərh almaq mümkün olmayıb.

Media Hüququ Qrupunun rəhbəri Xalid Ağəliyev Rzayevanın diffamasiya ittihamı ilə məsuliyyətə cəlb olunmasını əsassız sayır.

“Əvvəla, Rzayeva ona qədər KİV-də yayılan fikirləri səsləndirib. O, bu faktlar barədə həyat yoldaşına qarşı cinayət işi kontekstində danışıb. Digər tərəfdən, həbs edilən şəxsin ailə üzvü kimi onun müdafiə hüququ var. Odur ki, Rzayevanın böhtan ittihamı ilə təqib edilməsi qanunsuzdur”, – Ağəliyev Turan-a bildirib.

147.2-ci maddəyə görə, Rzayevanı 3 ilədək azadlıqdan məhrumolunma təhlükəsi gözləyir.

Osman Nərimanoğluna gəlincə, o 2022-ci il iyulun 5-də Goranboy və Göygöl rayonları Meliorasiya İdarəsinin məmurlarından və həkimlərdən hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunaraq həbs edilib. O, həbs olunduqdan sonra bildirib ki, ittihamlar yalandır, korrupsiyalarını ifşa etdiyi şəxslər ona böhtan atıblar.

Bənzər yazılar

Back to top button