Siyasət

“ABŞ Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir” – XİN

“ABŞ-ın Minnesota Ştat Senatının qətnaməsi kimi təqdim edilən və üzərində senator Meri Kiffmeyer, Senatın katibi və Senatın Qaydalar və Administrasiya Komitəsinin sədrinin imzalarının yer aldığı bu kağız, Senat ofisinin məlumatında da təqdim edildiyi kimi, senator M.Kiffmeyerin şəxsi bəyanatıdır və simvolik bir jest xarakteri daşıyır. Senatın istənilən üzvü tərəfindən bəyan edilə bilən bu kimi kağızın qəbulu üçün hər hansı səsvermə tələb olunmur, yəni bu kağız Ştat tərəfindən rəsmi qətnamə kimi qəbul olunmur. Göründüyü kimi, ölkəmizin işğal olunmuş ərazilərindəki qondarma qurumun Minnesota Senatı tərəfindən guya ki, “tanınması” kimi təqdim edilən kağız əslində Senatda baxılmayan və səsverməyə çıxarılmadan senatorun imzası ilə verilmiş simvolik sənəddir”.

Bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva cari ilin 5 may tarixində ABŞ-ın Minnesota Ştat Senatı tərəfindən Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış qondarma qurumun “tanınması” qətnaməsinin qəbulu ilə bağlı erməni mətbuatında yayılan məlumatla əlaqədar yerli KİV-in suallarını cavablandırarkən deyib.

“Ümumiyyətlə isə vurğulamaq istərdim ki, hər hansı bir qurumun “dövlət” kimi tanınması, ştat qanunverici orqanının səlahiyyətləri xaricindədir. Amerika Birləşmiş Ştatlarının federal səviyyədə mövqeyinə gəldikdə isə, bu mövqe bəllidir; ABŞ Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir”, – deyə L.Abdullayeva vurğulayıb.

Bənzər yazılar

Back to top button