Digər

Məşhur yumurta şirkəti gömrük qaydalarını pozdu

Dövlət Gömrük Komitəsində (DGK) yumurta bazarının əsas oyunçularından olan “Yaşma Quşquçuluq” MMC barəsində inzibati iş başlanıb.

Qaynarinfo xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham edilir.

Həmin maddəyə əsasən, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər isə min beş yüz manat məbləğində cərimə edilir.

İş artıq baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilib. Dekabrın 28-də hakim Emin Abdullayevin sədrliyi ilə baxış iclası keçiriləcək.

“Yaşma Quşçuluq” MMC 10 iyun 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Bəxtiyarov Emin Bəxtiyar oğlu.

Şirkət ötən il qətl hadisəsi ilə gündəmə gəlmişdi. Xızı Rayon Prokurorluğunun yaydığı məlumatda bildirilirdi ki, Xızı rayonu ərazisində yerləşən “Yaşma Quşçuluq” MMC-nin ətraf mühafizəsində işləyən 1999-cu il təvəllüdlü Sərxan Mirzəbabayevin bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Həyata keçirilmiş istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, zərərçəkmişin iş yoldaşı, onunla eyni vəzifədə işləyən 1998-ci il təvəllüdlü Şəhriyar Salahlı şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sərxan Mirzəbabayevin döş qəfəsinin ön səthinin sol yarısına bıçaqla bir neçə xəsarət yetirərək onu qəsdən öldürüb.

Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Şəhriyar Salahlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Bənzər yazılar

Back to top button