ManşetSiyasət

Xankəndinin fəthinə mane olan səbəb: Rusiyaya məxsus helikopterin vurulması və yaxud Naxçıvan xanının xəyanəti

VASİF TALIBOV - V KOLONUN NAXÇIVAN KURATORU!

Azərbaycan xalqı olaraq, taleyüklü, məsuliyyətli və çətin bir dönəm yaşayırıq. Təsəvvür edin, parlament tribunasından “Tərtər cinayətləri” adlı üzərimizdəki qara ləkənin baiskarları haqqında sərt ittihamlar səslənir. Təxminən 30 il öncə Şuşanın erməni-rus hərbi birləşmələri tərəfindən işğal olunmasında ən böyük günah sahiblərindən, ancaq Qarabağ müharibəsində pərdə arxasında oynanılan oyunlardan xəbərdar olan, yetərincə sirlərə vaqif general-mayor Elbrus Orucov V kolonun hərbi qolunun əsas siması general-polkovnik Nəcməddin Sadıqov barəsində birdən-birə ilginc açıqlamalar verir… Bütün bunlara paralel olaraq, Naxçıvan və onun 27 illik hakimi-mütləqi Vasif Talıbov və sülaləsi ətrafında cərəyan edən hadisələr bir aydan çoxdur siyasi gündəmi zəbt edib. Məncə, bütün bunlar heç də ayrı-ayrı mövzular deyil, bir-biriylə bağlı olan məsələlərdir, vahid mexanizmin tərkib hissəsidir.

Dəfələrlə qeyd etdiyim kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici siyasət kursu qüsursuzdu. Onun praqmatizmi və diplomatik bacarığı sayəsində 30 ildən bəri “acı bağırsaq” kimi uzanan, “ərəb saçı”na dönən Qarabağ problemi demək olar ki, həllini tapmaq üzrədi. Qarşıda həll olması gərəkən yalnız iki məsələ qalıb: sərhədlərin müəyyənləşməsi və sülh müqaviləsinin imzalanması. Heç bir şübhə ola bilməz ki, çox yaxın zamanlarda bu məsələlər öz həllini tapacaq. Əks-təqdirdə Ermənistan bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək riski ilə qarşılaşa bilər.

Bilirəm, irəli sürdüyümüz bu versiyaya, hər zamankı kimi, yenə dodaq büzən, hətta ironiya edənlər də tapılacaq. Əgər bu cür düşünənlərin bir qismi, sadəcə olaraq, hadisələrdən baş çıxarmayan cahillər ordusudursa, digər qismi də hadisələrin bu istiqamətdə cərəyan etməsini istəməyənlərdi, yəni V kolon. Ancaq nəzərə almaq lazımdır ki, siyasi situasiya artıq lehimizə işləyir və bundan istifadə etmək, şansı əldən qaçırmamaq lazımdır. İlham Əliyev də məhz bunu edir.

Cənab prezidentin ilk vaxtlar bu istiqamətdə atdığı ən doğru addım şimal qonşumuz Rusiya Federasiyası ilə normal siyasi münasibətlər qurmaq, hətta bunu hər iki tərəfin mənafeyinə uyğun olaraq tərəfdaşlıq səviyyəsinə qaldırmaq idi. Ali Baş Komandan bunu bacardı. Artıq Rusiyanın bizə münasibəti əvvəlkindən fərqli, müəyyən qədər ədalətli və xeyrimizədir. Bunu həm Paşinyan, həm də sülh müqaviləsi bağlanmasını dəstəkləyən Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan etiraf edir. Təsadüfi deyil ki, sonuncu “əgər biz indi sülh müqaviləsini bağlamarıqsa, bir müddət sonra əlimizdə olanı da itirə bilərik və yenidən Ermənistan dövləti qurmaq üçün fikirləşərik” ifadələrini dilə gətirir. Bu sözləri ilə Ter-Petrosyan, əslində, həyəcan təbili çalır. O çox gözəl anlayır ki, daha çətin duruma düşməmək üçün İlham Əliyevin irəli sürdüyü şərtlərə razı olmalı, sülh müqaviləsinə imza atmalıdırlar.

Amma İlham Əliyev bütün bunlara bir gündə nail olmadı. Bu, uzun zaman apardı, enişli-çıxışlı yollarla müşaiyət olundu, bəzən uçurumun bir addımlığında dayandıq, yox olmaq təhlükəsi ilə üzləşdik. İlham Əliyevin yürütdüyü praqmatik və alternativi olmayan bu siyasi kursa qarşı nəinki xaricdən, öz içimizdən də güclü müqavimətlər oldu. Girişdə bəhs etdiyimiz “Tərtər cinayətlər”i adlı hadisə məhz cənab Ali Baş Komandanı siyasi-hərbi baxımdan tərksilah etmək məqsədi daşıyır, torpaqlarımızın müharibə yoluyla alınması fikrinin qarşısına çəkilən baryer rolunu oynayırdı. Onlar sanki prezidentə bunu demək istəyirdilər: baxın, güvəndiyiniz ordu budur, bu ordu savaş aparmaq iqtidarında deyil, bu ordu xainlərlə dolu, nizam-intizamsız, paşıpozuq dəstədir!

Təbii ki, prezident bütün bunları anlayır, lazım olan zaman və şəraitin yetişməsini gözləyir və qarşı cəbhəyə güzəştə getmək məcburiyyətində qalırdı. Bununla belə, o, həm daxildə, həm də ölkə xaricində olan anti-Azərbaycan qüvvələrini bitərəf edib, həlledici zərbəni vurmaq üçün çalışmalarını davam etdirirdi. Bu mübarizədə İlham Əliyevə yardım edən qüvvələr o qədər də çox deyildi. Heç şübhəsiz, I Ledi, 1-ci vitse-prezident xanım Mehriban Əliyeva İlham Əliyevin yürüdüyü bu yolda onun ən yaxın silahdaşı oldu. Məhz Mehriban xanımın sayəsində İsrail və Böyük Britaniya krallığı kimi güclü müttəfiqlər əldə olundu. Cənab prezidentin özü isə Rusiya və Türkiyə ilə münasibətləri daha da sağlamlaşdırdı.

Daxildə aparılan və bəlkə də çoxlarının diqqətini çəkməyən mühüm kadr islahatları da ümumi zəfər üçün atılan gərəkli addımlar idi. İlham Əliyev iki güc strukturuna öz inandığı adamlarını – DİN strukturuna Vilayət Eyvazovu, DTX sektoruna isə Əli Nağıyevi təyin etməklə başladacağı Vətən Savaşında daxili stabilliyi qorumaq məqsədi güdürdü. Hadisələrin gedişatı göstərdi ki, İlham Əliyev səhv etməyib, həm DİN, həm də DTX qarşıya qoyulan son məqsədə çatmaq üçün dövlət siyasətini bu günün özündə də uğurla həyata keçirməkdədir.

“Tərtər hadisələri”ndən sonra İlham Əliyevin yürütdüyü siyasəti konseptual olaraq aşağıdakı tezislər şəkilində formulirovka edə bilərik:

– geosiyasi şərait yetişənə qədər müharibə riskindən uzaq durmaq. Əks-təqdirdə V kolonun xəyanətləri sayəsində ordu büsbütün dağıla bilər və Qarabağı həmişəlik unutmaq məcburiyyətilə üzləşərik. Yeri gəlmişkən, 44 günlük savaşın ilk günlərində bu risqlə qarşı-qarşıya qaldıq, yalnız prezidentin məsələyə müdaxiləsi və hücumun şimaldan yox, cənub istiqamətindən davam etdirilməsi, yəni “B” planına keçilməsi, bəzi generalların hücum əməliyyatlarından kənar tutulması labüd təhlükəni ortadan qaldırdı;

– Beynəlxalq aləmin regiona diqqətini cəlb etmək məqsədilə strateji tərəfdaşlara və müttəfiqlərə ehtiyac duyulurdu. Bunun üçün dünya siyasətində söz sahibi olan İsrail və Böyük Britaniya kimi dövlətlərlə daha sıx əməkdaşlığa üstünlük verildi. Bundan başqa, Türkiyə ilə qardaşlıq və müttəfiqlik münasibətləri daha üst səviyyəyə çıxarıldı;

– Qərb dövlətləri ilə münasibətlərin daha da intensivləşdirilməsi şimal qonşumuz Rusiyanı qıcıqlandırmasın deyə, balans siyasəti qorunub saxlandı. Bununla da Moskva ilə qarşılıqlı münasibətlər nəinki zədə almadı, hətta başlayacaq bir savaşda Rusiyanın bitərəf mövqe tutacağına qarant əldə edilmiş oldu;

– dünyada yaranan iqtisadi böhranın fonunda Azərbaycanın iqtisadi potensialının yol verdiyi çərçivədə, bəzən də bu çərçivə aşılaraq ordunun hazırlıq qabiliyyəti və hərbi-texniki imkanlarının gücləndiriilməsi əsas prioritet olaraq götürüldü;

– bütün resurslar gizli şəkildə müharibəyə hazırlığa yönləndirildi;

– iqtidar daxilindəki köhnə təfəkkürdən xilas olmaq və daha sərbəst siyasət yürütmək imkanları əldə etmək üçün tədricən dəyişikliyə nail olundu. İlk növbədə, yuxarıda da qeyd olunduğu kimi, idarəetmədə mühüm rol oynayan siyasi postlar (məsələn, XİN, Prezident Adminstrasiyası və s), eləcə də güc strukturları köhnə qvardiyadan təmizləndi və prezidentin inam bəslədiyi gənc, ancaq yetkin və professional kadrlar iş başına gətirildi.

Beləliklə, Azərbaycan 30 il işğalda qalan torpaqlarının azad edilməsi üçün Böyük Savaşa hazır vəziyyətə gətirilmişdi. 2020-ci il sentyabr ayının 27-də səhər saat 6 radələrində başlayan döyüş əməliyyatları bütün təmas xətti boyunca reallaşdırılsa da, əsas ağırlıq şimal istiqamətində, ermənilərin daha etibarlı müdafiə xəttinə yönəlmişdi. İlk iki gün ərzində böyük itkilər verilsə də, demək olar heç bir irəliləyişə nail olunmamışdı. Yalnız bundan sonra cənab Ali Baş Komandan birbaşa döyüş bölgəsindəki səyyari qərargaha gedərək, şimal istiqamətində döyüş əməliyyatlarını başladan generalları, başda Baş Qərargah rəisi Nəcməddin Sadıqov olmaqla, döyüş planlarını həyata keçirmək vəzifəsindən uzaqlaşdırdı və “B” planına keçildi. Bu plana əsasən hücum əməliyyatlarının ağırlıq dərəcəsi düşmənin daha zəif müdafiə mövqeyinə – cənub istiqamətinə yönləndirildi, əməliyyatlara rəhbərlik isə Hikmət Mirzəyev kimi etibarlı generallara və onların aslan parçası olan xüsusi təyinatlılarına tapşırıldı. Doğru olan da məhz bu idi. Qısa müddət ərzində Azərbaycan Ordusu görünməmiş qəhrəmanlıq və rəşadət göstərərək mühüm strateji əhəmiyyət daşıyan yolları, yüksəklikləri və xeyli ərazini işğaldan azad etdi.

Noyabr ayının 4-də Şuşa uğrunda döyüşlər başladı… Şuşa müharibənin taleyini həll edəcək əhəmiyyət daşıyırdı. Bu səbəbdən də Azərbaycan Ordusu nəyin bahasına olursa-olsun, şəhəri ələ keçirmək, ermənilər isə son ana qədər onu müdafiə etmək istəyirdilər. Çünki hər iki tərəf şəhərin həm mənəvi, həm də hərbi-strateji əhəmiyyətini çox gözəl bilirdi.

Azərbaycan Ordusuna Şuşanın fəthindən sonra digər torpaqlarımızı – Xankəndini, Xocalını, Ağdərəni, Laçını, Kəlbəcəri işğaldan azad etmək üçün maksimum 5 gün vaxt lazım idi. Çünki həm düşmənin müqavimət gücü qalmamışdı, həm də Şuşa elə bir strateji-coğrafi mövqedə yerləşirdi ki, düşmən qüvvələrinin bir-birilə əlaqəsini kəsirdi. Amma Şuşanın fəthinin prezident tərəfindən elan edilməsindən bir gün sonra baş verən hadisə bütün ümidlərimizi qırdı, Xankəndi xəyalımızın gerçəkləşdirilməsi müəyyən zaman üçün təxirə salındı…

Nə baş verdi? Axı hər şey incəliyinə qədər hesablanmış, plan tıkır-tıkır işləyirdi. Nə oldu ki, birdən-birə hücum əməliyyatları dayandırıldı və 10 noyabr tarixli üçtərəfli sazişini bağlamaq məcburiyyətində qaldıq? Doğrudur, bu sazişin bizim üçün çox üstün tərəfləri var, zaman-zaman həmin üstünlüklərdən istifadə edib, son məqsədi reallaşdıracağıq. Amma məsələ ondadır ki, biz həmin o son məqsədimizə, ən uzağı, 12-13 noyabr 2020-ci il tarixdə çata bilərdik. Nə mane oldu? Hazırlanan plandakı əskiklik nədən ibarət idi? Nəyi nəzərə almamışdıq?

Məncə, nəzərə alınmayan Naxçıvan və Vasif Talıbov faktoru idi. Kimsə ağlına da gətirməzdi ki, son dərəcə savadsız, var-dövlət yığmaqdan başqa məqsədi olmayan bu gerizəkalı boyundan hündürə tullana, bütün gedişatı dəyişə bilən addım ata bilər. Amma Talıbov bu addımı atdı və Azərbaycanı çox çətin vəziyyətə qoymaqla vətənə xəyanət etdi! Məhz onun xəyanəti sayəsində Qarabağ məsələsi hələ də tam olaraq həllini tapmayıb.

Gəlin 44 günlük Vətən Müharibəsinin son günlərini xatırlayaq…

Noyabrın 8-də cənab Prezidentin Şuşanın 30 illik işğaldan azad edilməsi ilə bağlı müraciəti bütün Azərbaycan xalqını qürurlandırdı. Hər kəs Xankəndinin, Xocalının, Ağdərənin, Laçının, Kəlbəcərin işğaldan azad edilməsi xəbərini gözlədiyi zamanda xəbər kanalları belə bir informasiya yaydılar:

“Naxçıvan MR ərazisində – Sədərək rayonunda Rusiyaya məxsus hərbi-kəşfiyyat helikopteri Ermənistan-Azərbaycan sərhəddini keçərək, hava sahəmizə daxil olmuşdur. Xəbərdarlıq edilməsinə baxmayaraq, helikopter Naxçıvan hava sahəsində uçuşunu davam etdirmişdir. Nəticədə Rusiyaya məxsus helikopter ordumuzun əsgərləri tərəfindən vurularaq zərərsizləşdirilmişdir!”

Etiraf etmək lazımdır ki, böyük əksəriyyət ilk olaraq bu xəbərə çox sevindilər, hətta qürur hissi duydular. Xatırlayıram, həmin gün sosial şəbəkələrdə “Rusiya artıq bitib! Biz onun hərbi texnikasını vura biləcək səviyyədə gücə və cəsarətə sahibik!” kimi minlərlə postlar paylaşıldı. Çox az adam gözlənilən təhlükənin mahiyyətini başa düşür və baş verən hadisədən təəssüf hissi keçirirdi. Nə qədər təvazökarlıqdan uzaq olsa da, bu sətirlərin müəllifi olaraq, mən də təhlükəni sezirdim. Elə bu səbəbdən də cəmi iki cümlədən ibarət bir status paylaşdım: “Allah evini yıxsın, Talıbov! Nədən bu xəyanəti etdin?”

Sual edilə bilər ki, burda xəyanət hardadır? Niyə adi bir helikopterin vurulması bizim Qarabağ planlarımızın gerçəkləşdirilməsi yolunda maneə və təhlükə idi? Əgər İlham Əliyev iqtidarı Putin hakimiyyətini 44 günlük savaş vaxtı bitərəf qalmağa, hadisələrə qarışmamağa inandıra bilmişdisə, niyə bu hadisə strateji tərəfdaşlığı poza bilərdi? Bu tip sualların sayını artırmaq da olar. Ancaq məsələyə aydınlıq gətirmək baxımından bu qədəri də yetər.

Məsələ ondadır ki, Putin nə qədər avtoritar bir lider olsa da, Rusiyanın dövlət siyasəti və bu siyasətin maraqlarına xidmət edən məsələlərdə Rusiyanın bəzi güc mərkəzləri ilə hesablaşmaq məcburiyyətindədi. Rusiyanın Cənubi Qafqazla bağlı dövlət siyasəti isə, əfsuslar olsun ki, bizim xeyrimizə deyil. İlham Əliyev öz siyasi və diplomatik bacarığı və Putinlə şəxsi münasibətləri sayəsində bizə qarşı bu kəskin siyasəti müəyyən qədər yumşalda bilmiş, 44 günlük savaşda Rusiyanın müəyyən qədər bitərəf mövqe tutmasına nail olmuşdu. Bu səbəbdən də Moskvadakı ermənipərəst güc mərkəzləri bəhanə axtarırdılar ki, bu sakitlik pozulsun, Rusiya məsələyə müdaxilə etsin və Azərbaycan Ordusunun irəliləyişinin qarşısı alınsın.

Nə qədər qəribə olsa da, belə bir iyrənc siyasət, yəni Rusiyanın Qarabağda savaşa müdaxiləsi Qərbin liberal dairələrinin də məqsədinə xidmət edirdi. Bu durumda onlar Türkiyəni aktiv savaşın içərisinə soxmaq, Rusiya-Türkiyə qarşıdurmasını körükləmək, nəticədə Türkiyə faktoruna görə, NATO hərbi qüvvələrini bölgəyə gətirmək, bununla da, İran problemini də öz xeyrinə həll etməyi düşünürdülər. Belə bir situasiyada Ukrayna savaşına da gərək qalmayacaqdı. Əslində, Qərb, daha dəqiq desək, ABŞ bu planı gerçəkləşdirmək istəyirdi. Bu planın reallaşacağı təqdirdə həm Rusiyanı, həm çoxdan hədəfinə aldığı Türkiyəni zəiflədəcək, həm də düz İranın burnunun dibinə qədər soxulacaqdı. Bunu hər kəs anlayırdı. Hər kəs onu da anlayırdı ki, burda ABŞ-dan başqa hamı uduzacaq, Azərbaycan isə məhv olacaq! Çünki aktiv döyüş səhnələri onun ərazisində gerçəkləşdiriləcəkdi! Bombalar burda atılacaqdı! Bu ölkənin insanları həlak olacaqdı!

Məncə, həm İlham Əliyev, həm də Putin belə bir dramatik durumdan çıxmaq üçün 10 noyabr sazişini imzalamaqla hər kəsi pat vəziyyətinə saldılar. Artıq Rusiya sülhməramlıları Qarabağda idi, nəticədə Putin ətrafındakı ermənipərəst güclərin sözünü kəsə bilmişdi. İlham Əliyev isə 10 noyabr sazişini imzalamaqla Azərbaycanı məhv olmaq təhlükəsindən, hərbi poliqona çevrilməkdən qurtardı.

Qayıdaq Vasif Talıbov məsələsinə…

Rusiya helikopterinin vurulmasından sonra diqqət çəkən iki hadisə baş verdi:

– Naxçıvan xüsusi təyinatlıları məşhur polkovnik Tehran Mənsimovun başçılığı altında Xankəndi şəhərinə girdi;

– Noyabr ayının 9-da axşam saatlarında Xəzər dənizindəki Rusiyaya məxsus hərbi gəmidən Bakı şəhərinə iki raket atıldı…

İlk öncə Tehran Mənsimov məsələsinə aydınlıq gətirək. Milliyyətcə ləzgi olan və bütün Azərbaycanın fəxr etdiyi Tehranın Naxçıvanda nüfuzu daha yüksəkdir. Onu orada “özününkü” hesab edirlər, çox sevirlər. Təbii ki, Tehran bir qəhrəman olaraq seviləsi oğlandır. Ancaq o, siyasi cəhətdən olduqca səbatsız biridi. Vasif Talıbov, onun qardaşı Məhərrəm Talıbov və Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayevlə də yaxın münasibətləri olub. İnsafən bu üçlük onun bütün maddi ehtiyaclarını da qarşılayırmış. Bir növ Tehranın Vasif Talıbova vəfa borcu olub. Çox etibarlı qaynağımdan əldə etdiyim məlumata görə, Tehranın öz döyüşçüləri ilə Xankəndi şəhərinə girməsini Vasif Talıbov istəyib. Sonra hərbi komandanlıqdan gələn əmri – “Xankəndindən çıxın” əmrini dinləməməsi də Vasif Talıbovun istəyi ilə olub. Tehranın haqq etdiyi “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülməməsi və hətta həbs təhlükəsi ilə üzləşməsi faktının arxasında məhz əmrə tabe olmaması durur. Nə yaxşı ki, onun xətrini Bakıda da istəyənlər vardı və onların məsələyə müdaxiləsi nəticəsində (konkret olaraq Məhərrəm Əliyevin adı çəkilir) həbs olunmaqdan qurtulur və sonunda da xidmətini davam etdirməsi üçün Bakıya gətirilir.

Rusiya gəmisindən Bakı şəhərinə atılan raketlərə gəlincə, bu raketlər hədəfə ulaşmadan zərərsizləşdirilsə də, raket atışlarının davam etməsi və kütləvi xarakter alması Bakını viran qoyardı. Bu iki raket, sadəcə, xəbərdarlıq idi.

Sual oluna bilər: Rusiya Azərbaycana raket atması məsələsində haqlı idimi? Bəli, haqlı idi! Nə qədər acı olsa da, mövcud hərb qanunlarına görə, Rusiyanın haqlı olduğunu etiraf etməliyik. Və bu haqqı Rusiyaya Vasif Talıbov vermişdi!

09 noyabr 2020-ci il tarixdə Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazasına məxsus Mİ-24 hücum helikopterinin Naxçıvandakı Azərbaycan Ordusunun hərbçiləri tərəfindən vurulması hərb qanunlarına görə müharibə səbəbi sayılır. Bunu əsas götürən Rusiya tərəfi Azərbaycana müharibə elan edib, hərbi əməliyyatlara başlaya bilərdi, buna haqqı və hüququ çatırdı. O dövrün mətbuatını diqqətlə izlədikdə Rusiya MN-in açıqlamalarında 3 ciddi nüans diqqətə çatdırılırdı:

– helikopter Ermənistanın hava məkanında, Yerasx (Arazdəyən) üzərində vurulub;

– helikopterin vurulduğu ərazi ilə aktiv döyüşlərin getdiyi Qarabağ arasında 100 km-dən çox məsafə var;

– KTMT müqaviləsinə görə, Ermənistan ərazisinə hücum Rusiya ərazisinə hücumdur və nəzərə almaq lazımdır ki, vurulan helikopter Rusiya Ordusunun hərbi inventarına daxildir.

Anti-Azərbaycan əhval ruhiyyəli Rusiya mətbuatı da hadisəni qızışdırır, baş verən hadisəni Rusiyaya təcavüz kimi qiymətləndirirdi. Bunun müqabilində Naxçıvan hakimiyyəti iddia edirdi ki, helikopter sərhəddi pozub və xəbərdarlıq edildikdən sonra atəş açılıb. Ancaq müasir texnoloji imkanlar sayəsində Naxçıvan rəhbərliyinin bu yalanı dərhal ifşa olundu. Belə ki, vurulmuş helikopter Naxçıvan ərazisinə düşsə də, araşdırma nəticəsində müəyyən olundu ki, o, vurulduğu zaman Ermənistan ərazisində olub. Bu təkzibedilməz faktları nəzərə alan Azərbaycan tərəfi Rusiyadan rəsmi şəkildə üzr istədi və kompensasiya ödəməyə hazır olduğunu bildirdi.

Amma şərtlər çox ağır oldu: Azərbaycan ya Rusiya ilə müharibəni gözə almalı, ya da Qarabağda savaş durmalı, Xankəndinə girən xüsusi təyinatlılar ordan çıxmalı və üçtərəfli saziş imzalanmaqla atəşkəs elan olunmalı, Rusiya sülhməramlıları döyüş bölgəsinə yerləşdirilməlidir…

Ardı var

Fərəməz Novruzoğlu

Mənbə: boyuksherg.az

Bənzər yazılar

Back to top button