Cəmiyyət

Astarada böyük kəndi ikiyə bölən körpü qəzalı vəziyyətdədir

Astara rayonun iri kəndlərindən biri olan Şiyəkəranı (5 minə yaxın sakini var) ikiyə bölən Pensərçayın üstündəki körpü qəzalı vəziyyətə düşüb. Həmin körpü ötən əsrin 90-cı illərdə yenidən tikilib. Artıq güclü sel körpünün metaldan olan dirəklərini yerindən çıxardıb. Körpü sallanmış vəziyyətdədir. Hər dəfə nəqliyyat vasitəsi keçəndə silkələnir.

Pensər kənd sakini Fərəc Əliyev körpünün üst hissəsini göstərib deyir ki, yararsız hala düşüb: “Ağır yüklü maşınlar körpüdən keçə bilmir. Əsas əkin sahələri də körpüdən o tərəfdədir. Bir çox sakinlər yetişdirdikləri məhsulu əl ilə bu tərəfə keçirdirlər. Valideynlər özləri gəlib uşaqları körpüdən keçirdir, məktəbə yola salırlar. Köpünü təmir etsinlər, ya da yenisini tiksinlər. Çayın suyu çox vaxtı daşır. Onda heç kim burdan keçə bilmir”.

Kəndin 85-yaşlı sakini Meydan Bağırovun deməsinə görə, körpünün qəzalı vəziyyətdə olması ilə bağlı müxtəlif yerlərə müraciətlər olunub: “Mən ikinci sinifdə oxuyanda bu körpü dağıldı. Kənd sakinləri uzun müddət əziyyət çəkdi. Qorxa-qorxa çaydan keçməli olurduq. Sonra da gördüyünüz bu körpünü saldılar. Körpü dağılsa, vəziyyətimiz yaxşı olmaz. Dövlətimiz var. Bu körpü çoxdan tikilib. Balaca körpü olsaydı, özümüz tikərdik. Amma bu körpü böyük xərc istəyir”.

Kənd sakini Emin Səfərov da deyir ki, hər dəfə sel gələndə körpünün bir hissəsini aparır. Onun vurğulamasına görə, gündəlik həyatları körpüyə bağlıdır: “Qəza baş verə, insan tələfatı ola bilər. Uşaqlar eyni vaxtda məktəbə gedirlər, eyni vaxtda da geri qayıdırlar. Körpü uçsa, kəndin bu tərəfinin qarşı tərəflə əlaqəsi itəcək. Əsas yola, kəndin mərkəzinə çıxmaq üçün bu, yeganə yoldur. Pensərçayın bu hissəsi dərindir, onu ilin bu vaxtında keçmək qeyri-mümkündür. Qəbiristanlıq da qarşı tərəfdədir”.

Pensərçayın hər iki tərəfində zibil gözə dəyir. Adının çəkilməsini istəməyən yaşlı sakinlərdən biri söyləyir ki, çay daşanda zibili yuxarıdan gətirir: “Çayın suyu dağlardan gəlir, bulaqların suyudur. Beş-altı kəndin ərazisindən keçir, Xəzər dənizinə axır. Vaxtilə çayın suyundan xörək bişirəndə istifadə edərdilər. Mən bu sudan hazırlanmış çayı içmişəm. İndi suyu çirklidir, çaya zibil atırlar. Çaydan balıq tutardıq, indi yoxdur. Sovetin dövründə tikilmiş körpüdür, qəzalı vəziyyətdədir…”.

Astara rayon İcra Hakimiyyəti Aparatının şöbə müdiri Xanverdi Şirinovun sözlərinə görə, Şiyəkəran körpüsünün yenidən tikilməsi nəzərdə tutulub: “Körpünün tikintisi üçün 1 milyon manat ayrılıb. Yaxın vaxtlarda işə başlayacaqlar”.(Azadliq radiosu)

Bənzər yazılar

Back to top button