İqtisadiyyat

Səudiyyə Ərəbistanı Azərbaycanda həyata keçirilən enerji meqalayihələrində iştirak etmək istəyir

Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falih ötən gün Cəbrayıl və Ağdam rayonlarına səfər edib. O, bu ərazilərə sərmayə yatırmaq imkanı ilə işğaldan azad edilmiş bu ərazilərin bərpasının gedişi ilə tanış olub.

Dövlət başçısı İlham Əliyevlə görüşdə Səudiyyə Ərəbistanının naziri ölkəsinin Azərbaycanın enerji sisteminə böyük sərmayə yatırmağa və işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak etməyə hazır olduğunu bildirib.

Rəsmi Bakı Qarabağ münaqişəsinə görə Ermənistanla diplomatik əlaqələr qurmayan Səudiyyə Ərəbistanının mövqeyini yüksək qiymətləndirir.

Bu görüşdən sonra Azərbaycan və Səudiyyə Ərəbistanı arasında elektrik enerjisinin Avropaya ixracına dair iki saziş imzalanıb.

Dekabrın 19-da Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasında çıxış edən o, bildirib ki, Səudiyyə Ərəbistanının ACWA Power şirkəti artıq Azərbaycanda 240 meqavatlıq enerji layihəsi həyata keçirir.

“Lakin biz istərdik ki, daha böyük enerji layihələri həyata keçirək və bir neçə gün əvvəl Azərbaycanın Avropaya elektrik enerjisinin ixracı ilə bağlı imzaladığı sazişə qoşulaq”, – nazir deyib.

Beləliklə, ACWA Power külək elektrik stansiyasının tikintisinə 300 milyon dollar sərmayə qoyacaq, lakin Səudiyyə Ərəbistanı Azərbaycanda daha güclü elektrik stansiyaları layihələrini həyata keçirə bilər, deyə Əl-Falih hökumətlərarası komissiyanın iclasında bildirib.

O cümlədən, səudiyyəlilər Azərbaycanda 500 MVt gücündə dəniz külək stansiyalarının tikintisinə maraq göstərirlər. (Turan)

Bənzər yazılar

Back to top button