Siyasət

İlqar Məmmədov İlham Əliyevə müraciət etdi

Dekabrın 17-də Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov Prezident İlham Əliyevə müraciət edib.

O, sözügedən müraciətin mətnini özünün feysbuk hesabında dərc edib.

İlqar Məmmədov prezidentdən “Siyasi partiyalar haqqında” yeni qanunun təsdiqini Venesiya Komissiyasının rəyi çıxana qədər ertələməyi xahiş edib.

“Hörmətli cənab Prezident,

Dünən dekabrın 16-da Azərbaycan Respublikasının Milli Məclisi “Siyasi partiyalar haqqında” yeni qanun layihəsini üçüncü oxunuşda qəbul etdi.

Bu qanunun layihəsi parlamentdə təmsil olunan partiyaların, o cümlədən bizim təşəbbüsümüzlə hazırlansa da, gözləntilərimizin tam əksinə, ölkədə partiya sisteminin sağlam inkişafına əngəl olacaq.

Buna dair əsaslandırıcı müşahidələrimizi həm ictimai çıxışlarımızda, həm də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ilə ünsiyyətimizdə dəfələrlə açıqlamışıq.

Təəssüf ki, ölkə daxilində bizim ekspertizaya önəm verilmədi. Onda beynəlxalq ekspertizanı işə cəlb etməkdən ötrü AŞPA Monitoring Komitəsi üzvlərindən xahiş etdik ki, səlahiyyətlərindən istifadə edib Venesiya Komissiyasından bu qanun layihəsi haqqında Təcili Rəy istəsinlər.

Dekabrın 14-də Monitorinq Komitəsi belə bir rəyin istənilməsi haqda qərar verdi. Komissiyanın Təcili Rəyi çox qısa zaman ərzində, adətən bir neçə həftəyə tərtib edilən sənəd olur.

Azərbaycan Respublikasının demokratiya və insan haqları sahəsində beynəlxalq əməkdaşlığına böyük önəm verdiyimiz üçün hesab edirik ki, Venesiya Komissiyasının rəyi qanun qüvvəyə minəndən sonra mənfi olarsa, bu hal ölkəmizin dünyadakı mövqeyinə xoşagəlməz cəhətlər yükləyərək ümumi işimizə zərər vurar.

Bunu yazıb sizdən xahiş edirəm ki, 30 illik qanunun yerini alacaq yeni qanunun qüvvəyə minməsini Venesiya Komissiyasının rəyi çıxana qədər ertələyəsiniz”.

Bənzər yazılar

Back to top button