İdman

Ançelotti: “Messi dünya çempionu oldu, amma Ronaldo…”

“Real”ın baş məşqçisi Karlo Ançelotti Lieonel Messinin Argentina millisi ilə DÇ-2022-nin qalibi olması və Portuqaliya yığmasının üzvü Kriştiano Ronaldo haqqında danışıb.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, mütəxəssis hər 2 futbolçunun əfsanəvi oyunçular olduğunu deyib:

“Bu rəqabət həm Messini, həm də Ronaldonu motivasiya etdi. Ötən illər ərzində onlar futbol dünyasının əsas memarları olublar – çox yaxşı oynadılar və çoxlu qollar vurdular. Messi karyerasını dünya çempionluğu ilə başa vuracaq. Ronaldo isə əksinə. Lakin hələ də Ronaldonun əla karyerası var. Xüsusilə burada – “Real”da oynadığı vaxtlarda əla çıxış edirdi. O, hər zaman azarkeşlərin qəlbində olacaq.

Ronaldonun gələcəkdə nə edəcəyini bilmirəm. O, hələ də çox yüksək səviyyədə mübarizə aparmaq istəyir. Düşünmürəm ki, ərəb dünyası bu baxımdan ona yaraşır”.

Qeyd edək ki, Argentina millisi ötən gün DÇ-2022-nin finalında Fransaya qalib gəlib (3:3, penaltilər seriyası – 4:2) və dünya çempionu olub. PSJ-nin futbolçusu Messi oyunda dubl edib.

Xatırladaq ki, Ronaldo hazırda klubsuzdur və azad agent statusu daşıyır. 37 yaşlı forvard Portuqaliya millisinin heyətində DÇ-2022-də çıxış edib və 1/4 finalda Mərakeşə uduzaraq mübarizəni dayandırıb – 0:1. Daha əvvəl Ronaldonun Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə 2,5 illik müqavilə üçün razılaşdığı bildirilirdi.

Bənzər yazılar

Back to top button