Cəmiyyət

Azərbaycanın ən köhnə qəzetlərindən biri vəsait çatışmazlığı səbəbindən işini dayandırır

Azərbaycanda ən köhnə qəzetlərdən biri – “İpəkçi” nəşrini dayandırır. Şəki şəhərində dərc olunan qəzetin sonuncu baş redaktoru Aydın Məmmədovun Turan-a verdiyi məlumata görə, redaksiyanın işi qəzetin 90 illik yubileyi ərəfəsində dayandırılır. Qəzetin işinin dayandırılmasına səbəb internet-host, domen və qəzetin saxlanılması üçün digər xərcləri ödəyəcək vəsaitinin olmamasıdır. Son ödəniş tarixi 24 dekabr 2022-ci ildir.

“Medianın İnkişafı Agentliyi” bizə 100 manat belə yardım ayırmır, onların buna haqqı yoxdur. Əvəzində, bizdən ən az 500 manat maaşla üç əməkdaş saxlamağımızı tələb edirlər. Bu Agentlik və onun sələfi 10 illik fəaliyyəti ərzində yalnız vergi ödənişi haqqında tələb irəli sürməklə məşğul olublar, dövlət yardımını isə Ata Abdullayev və Vüqar Səfərli kimi adamlar alırdılar”, deyə baş redaktor A.Məmmədov Turan-a bildirib.

“Azərbaycanda mətbuat dövlət dəstəyi almır. Dövlət yardımı oliqarxlara məxsus olan media qurumlarına verilir”, deyə Məmmədov sonuncu redaksiya məqaləsində yazıb. O, bu məsələni Baş Prokurorluq qarşısında qaldırıb, amma bu idarə ilə dörd aylıq yazışma boyunca qənaətbəxş cavab almayıb.

“İpəkçi” qəzeti 13 mart 1933-cü ildə Şəki şəhərindəki (həmin vaxt Nuxa) İpək Kombinatının nəşri kimi təsis edilib. 2012-ci ildə İpək Kombinatı qəzetin baş redaktoru ştatını ləğv edib, amma A.Məmmədov qəzeti kağız formatda dərc etməyə davam edib, 2018-ci ildə isə yalnız internet formatına keçib. 14 dekabr 1993-cü il tarixində prezident Heydər Əliyev “İpəkçi” qəzetini 60 illik yubileyi münasibətilə təbrik edib.

Özünü araşdırmaçı reportyor kimi qələmə verən A.Abdullayev və ləğv edilmiş Azərbaycan Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərli cinayət əməllərinə görə həbs ediliblər.

Bənzər yazılar

Back to top button