Siyasət

Vətəndaş cəmiyyətinin fəalları Bəxtiyar Hacıyevin azad edilməsinə çağırıblar

Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti nümayəndəsi ictimai fəal, xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilən Bəxtiyar Hacıyevin istintaq təcridxanasında aclıq etməsindən dərin narahatlığını bildirib.

“Zərərçəkən olduğu halda Bəxtiyar Hacıyevin həbs edilməsi qanunvericiliyə, hüquqa kobud müdaxilə kimi görünür. İctimaiyyət bu həbsin siyasi motivli olması ilə bağlı yekdil qənaətdədir. Hacıyev bu ədalətsiz qərara etiraz əlaməti olaraq müddətsiz aclıq aksiyasına başlayıb və aclıq onun sağlamlığını təhlükəyə atır”, – vətəndaş cəmiyyəti fəallarının bəyanatında deyilir.

“Ermənistanla sülh müqaviləsilə bağlı danışıqlar prosesinin getdiyi, İranla münasibətlərin pisləşdiyi vaxtda daxili gərginliyə səbəb ola biləcək addımları ölkəmizin milli maraqlarına zidd hesab edirik. Siyasi təzyiq vasitəsi kimi təqsirsiz adamların həbsi praktikasını daxili siyasi gərginliyin əsas mənbəyi sayırıq”, – bəyanat müəllifləri qeyd edirlər.

Müəlliflər Hacıyevi aclığı dayandırmağa, hökuməti isə ona qarşı ədalətsiz qərardan imtina etməyə çağırırlar.

Müraciəti imzalayanlar: Nəsimi Məmmədli, Xalid Ağəliyev, Mehman Əliyev, Ələsgər Əhmədoğlu, Kamran Mahmudov, Rövşən Ağayev, Azər Mehdiyev, Seymur Kazımov, Namiq Abdullayev, İlham Hüseynli.(Turan)

Bənzər yazılar

Back to top button