Siyasət

Paşinyan Rusiya sülhməramlılarını Laçın dəhlizində öz funksiyalarını yerinə yetirməməkdə ittiham edib

Cümə axşamı Ermənistan hökumətinin iclasında baş nazir Nikol Paşinyan rus sülhməramlılarını Laçın dəhlizində öz funksiyalarını yerinə yetirməməkdə ittiham edib.

“Azərbaycanın Laçın dəhlizini qanunsuz blokadaya alması nəticəsində Dağlıq Qarabağda humanitar vəziyyət olduqca gərgin olaraq qalır, yüzlərlə ailə ayrı düşüb, Dağlıq Qarabağda ilkin zəruri tələbat malları və ərzaq qıtlığı var”, – “Armenpress” Paşinyandan sitat gətirib.

O, Azərbaycanı beynəlxalq öhdəlikləri və nəqliyyat vasitələrinin və adamların maneəsiz hərəkəti ilə bağlı 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı pozmaqda ittiham edib.

“9 noyabr bəyanatında təsbit edilən öhdəlik, yəni Laçın dəhlizinin nəzarətdə saxlanılması Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən yerinə yetirilmir”, – Paşinyan deyib.

“Bu, Azərbaycanın qanunsuz hərəkətləri nəticəsində baş verir, lakin bu, vəziyyəti dəyişmir, çünki Rusiya Federasiyasının sülhməramlı qoşunlarının əsas məqsədi bu cür qanunsuzluğun qarşısını almaq, əsasən də Laçın dəhlizini nəzarətdə saxlamaqdır”, – Paşinyan davam edib.

Bu səbəbdən o, Laçın dəhlizinə Birləşmiş Millətlər Təşkilatı və ya ATƏT-in faktaraşdırıcı missiyasının göndərilməsini vacib sayır. Paşinyan beynəlxalq birliyi Azərbaycana təzyiqləri artırmağa çağırıb.

“Laçın dəhlizinə Birləşmiş Millətlər Təşkilatı və ya ATƏT-in faktaraşdırıcı missiyasının BMT, ATƏT və ya ATƏT-in Minsk Qrupunun faktaraşdırıcı missiyasının göndərilməsi üçün fəal işləmək lazımdır”, – Paşinyan deyib.

O qeyd edib ki, Ermənistan sülh müqaviləsilə bağlı təkliflərini Azərbaycana göndərib və onların əsasında sazişi imzalamağa hazırdır. “Biz belə məzmunlu müqaviləi imzalamağa hazırıq. Ümid edirəm ki, Azərbaycanın da cavabı müsbət olacaq”, – Paşinyan deyib.

Baş nazirin sözlərinə görə, bir neçə ay öncə erməni tərəfi sərhədlərin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın gələcək işinə dair təkliflərini Azərbaycana göndərib, lakin Ermənistan hələlik cavab almayıb.

“Ermənistan sərhəd təhlükəsizliyinin təmin edilməsilə bağlı təklifləri Azərbaycana göndərib, lakin indiyədək cavab almayıb. Deməliyəm ki, bu təkliflər Ermənistanın işğal olunmuş əraziləri probleminin həllini ehtiva edir. Bizim mövqeyimiz əvvəlkitək qalır – Azərbaycan Ermənistanın suveren ərazilərinin işğalını dayandırmalı, onun qoşunları isə çıxarılmalıdır”, – Paşinyan deyib.

Bənzər yazılar

Back to top button