Siyasət

Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Dekabrın 21-də Türkiyənin Kayseri şəhərində Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri Zakir Həsənov, Hulusi Akar və Cuanşer Burçuladzenin üçtərəfli görüşü keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, görüş zamanı regiondakı hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişafı, ikitərəfli və üçtərəfli birgə təlimlərin keçirilməsi, o cümlədən regional layihələrin təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə olunub. Görüşün yekunu olaraq birgə bəyannamə imzalanıb.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, nazir Hulusi Akar Azərbaycan, Türkiyə və Gürcüstan müttəfiqliyinin regiona böyük təsir göstərdiyini bildirib.

“Bu sammitdə biz həmkarlarımla birlikdə ölkələrimizlə bağlı mövcud və potensial əməkdaşlıq məsələlərini geniş perspektivdə müzakirə etdik. Həmçinin qlobal və regional hadisələrə dair məlumat mübadiləsi apardıq, fikirlərimizi bölüşdük.

Biz üç ölkə arasında müdafiə, təhlükəsizlik və müdafiə sənayesi məsələləri üzrə gələcək əməkdaşlıq ideyasına əsaslanan əməkdaşlığı davam etdiririk.

2020-ci ildə “Müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun qüvvəyə minməsilə müdafiə və təhlükəsizlik sahələrində mühüm irəliləyiş əldə etmişik. Ölkələrimiz arasında strateji tərəfdaşlıq və əməkdaşlığın inkişafı və genişləndirilməsi böyük əhəmiyyət kəsb edir”, – nazir qeyd edib.

Bənzər yazılar

Back to top button