Siyasət

Dunya Miyatoviç Laçın dəhlizində hərəkətin bərpasına çağırır

“Dekabrın 12-də Laçın dəhlizinin bağlanmasından sonra Dağlıq Qarabağ ətrafındakı vəziyyəti diqqətlə izləyirəm.

Adamların öz evlərinə, zəruri mallara və xidmətlərə, o cümlədən ərzaq məhsullarına və təcili tibbi yardıma çıxışının olmamasından narahatam. Bu, Dağlıq Qarabağda insan hüquqlarına təhlükə yaradır”, – bu gün Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç bildirib.

“Dəhlizdə ictimai asayişin və təhlükəsizliyin saxlanmasına cavabdeh olan şəxslər təcili olaraq bu yolda nəqliyyatın hərəkətini bərpa etmək və humanitar vəziyyətin pisləşməsinin qarşısını almaq üçün bütün zəruri tədbirləri görməlidirlər. Bundan əlavə, bütün müvafiq əlaqədar tərəflər gərginliyin artmasının qarşısını almalıdırlar.

Mövcud vəziyyət, humanitar yardımın və beynəlxalq insan hüquqları missiyalarının bütün regionlara və insanlara, o cümlədən Dağlıq Qarabağda yaşayanlara sərbəst və maneəsiz çıxışının təmin edilməsinin vacibliyini göstərir.

2021-ci il memorandumunda qeyd etdiyim kimi, aidiyyatı orqanlar bütün müvafiq tərəflərin, o cümlədən mənim strukturumun humanitar yardıma və insan hüquqlarının müdafiəsinə ehtiyacı olanlara prioritet qaydada müraciət etməsinə imkan verən effektiv və çevik çıxış yollarını işləyib hazırlamalıdır.

Mən insan hüquqları üzrə müvəkkil kimi, Dağlıq Qarabağda insan haqlarının vəziyyətini bundan sonra da diqqətlə izləyəcəm. Mən mövcud problemlərin aradan qaldırılmasına kömək etmək üçün bütün müvafiq həmsöhbətlərlə qarşılıqlı əlaqə saxlamağa hazıram”, – Avropa Şurasının insan hüquqları üzrə komissarının məlumatında deyilir. (Turan)

Bənzər yazılar

Back to top button