Hadisə

“Əvəz Zeynallının həbsi siyasidir, sadəcə bu fürsətdən istifadə etdilər”

“Məni tanıyanlar bilir, bütün görüşlərimdə Ə.Zeynallının həbsinin siyasi olduğunu bildirmişəm. Amma bu gün Ə.Zeynallı məni özü ilə birlikdə görmək istədiyini bildirib”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri Vəkil Elçin Sadıqov həbsdə olan jurnalist Əvəz Zeynallının məhkəmədə onun ünvanına səsləndirdiyi ittihamlara münasibət bildirərkən yazıb.

“Əvəz Zeynallıdan R.Məmmədov və onun ailə üzləri barəsində yazmamağı xahiş edəndə Əvəz məndən nə qədər pul qazandığımı, dolanışığımın necə olduğunu soruşdu. Allaha şükr etdim və bunun məsələyə nə aidiyyətinin olduğunu soruşdum. O isə bildirdi ki, sən dolanırsan, mən də dolanmaq istəyirəm. R.Məmmədovun ailəsinə dedim ki, bu yaxşı adam deyil, 14 il pulsuz vəkillik etmişəm, indi bir şeyi xahiş edəndə pul istəyir, bununla, ümumiyyətlə, danışmayaq. O gündən sonra Əvəz dayanmadı, hər gün Məmmədova və ailə üzvlərinə qarşı hədyanlar danışmağa başladı. Əvəzin dayanmadığını gördük, hətta 26 avqust 2022-ci il tarixli çıxışında Əvəz adımı çəkməsə də, Məmmədovun müdafiə işinə də ilişmişdi. Məcbur olduq Əvəzlə danışmağa. Əvəz mənə fantastik məbləğ demişdi. Sonra razılaşdıq. Pulu aldı. Cəmi 4 gün sonra yenə hədyanlar danışdı. Mən Əvəzin bunu mənə edəcəyini, yəni pul alıb yenə danışacağını, karusel edəcəyini heç gözləməzdim.

Bu da Məmmədovların haqlı narazılığına səbəb oldu. Həmin gün narazılıq olmasın deyə öz pulumdan Məmmədovların pulunu geri qaytardım. Və sonra mənə dedi ki, ona pul yox, sənədlər verdiyimi deyim. Özü də elə dedi. Sənəd adı gələn kimi, ikimizi də tutdular. Halbuki, CM-nin 312-ci maddəsinin qeydini bilən hər kəs bilir ki, mənim əməlimdə heç vaxt cinayət tərkibi olmayıb. Məni vəsatətə görə həbs etmişdilər.

Əvəzə qarşı müxtəlif ittihamlar və çoxlu epizodlar var. Bəlkə də maddələrinin sayını özü də bilmir. Amma yenə də mənim adımı çəkib şou düzəldir. Onda belə çıxır ki, o biri ittihamların hamısı düzdür, ona görə Əvəz onları pərdələməyə çalışır.

Amma onun həbsi siyasidir, ifadə azadlığına görədir, sadəcə bu fürsətdən istifadə etdilər”.

Qeyd edək ki, Əvəz Zeynallı ötən il sentyabrın 10-da Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə həbs edilib. Sentyabrın 21-də ona qarşı Cinayət Məcəlləsinin 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə – nüfuz alveri) maddəsilə yenidən ittiham elan edilib. Rüşvət ittihamı “Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovla bağlıdır. “Xural TV” rəhbəri 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur.
Əvəz Zeynallı ona qarşı irəli sürülmüş ittihamların heç birini qəbul etmir. O, sifarişlə həbs edildiyini bildirir. “Xural TV” rəhbərinin sözlərinə görə, onu jurnalist fəaliyyətinə, tənqidlərinə görə cəzalandırmaq üçün belə ssenarilər qurulur.

Bənzər yazılar

Back to top button