Hadisə

Bakıda tanınmış heykəltaraş sevdiyi qadını videosu ilə şantaj edirmiş….

Bakıda Adəm Zindani kimi tanınan heykəltaraş Adəm İsmayılov Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə həbs olunub.

“Qafqazinfo”nun məlumatına görə, 1978-ci il təvəllüdlü heykəltaraş sevdiyi qadını şantaj ediyi üçün hakim qarşısına çıxarılıb.

O, Cinayət Məcəlləsinin 151 (Seksual xarakterli hərəkətlərə məcbur etmə), 156.1 (Şəxsi həyatın toxunulmazlığını pozma) və 176-1.1-ci ( Qadını nikaha daxil olmağa məcbur etmə) maddələri ilə ittiham olunub.

Məhkəmədə Adəm İsmayılov ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilib.

Məlum olub ki, o, zərərçəkmiş Nigar Qasımova (ad-soyad şərtidir) ilə 2017-ci ildə tanış olub.

Cinayət hadisəsinə gəlincə, Adəm 2021-ci ilin dekabrında özünə məxsus emalatxanada Nigara qarşı seksual hərəkətlər edib və bunu gizli olaraq telefonu ilə lentə alıb. O, növbəti dəfə Nigarı münasibətə dəvət etsə də, qadın bundan imtina edib.

Adəm buna cavab olaraq, lentə aldığı görüntüləri Nigara göndərərək onu hədələyib. O, bir müddət sonra ona ya Qasımla (ad şərtidir), ya da onun özüylə evlənməyi təklif edib. Nigar bu təklifdən də imtina edib. Qadının imtinasına baxmayaraq, Adəm İsmayılov özünə məxsus instaqram hesabında qızın adi şəkillərini paylaşaraq onun fahişə kimi təqdim edib. Davamında isə Nigara girib həmin paylaşıma baxmasını deyib.

Adəmin həmin paylaşımları etməkdə məqsədi izləyiciləri vasitəsilə Nigarın ailə üzvlərinə məlumat verməkdən ibarət olub. Nigar onun etdiyi paylaşımları gördükdən sonra mesaj yazaraq həmin paylaşımları silməsini xahiş edib və Qasımla görüşə razılıq verdiyini bildirib. Sonrakı günlərdə Nigar onun mesajlarını cavabsız qoyub.

Adəm isə qisas almaq məqsədilə Nigarın intim fotolarını A4 kağızında çıxartdırıb onun müalicə üçün getdiyini dediyi tibb müəssisəsinin giriş qapısına yapışdırıb. Bu azmış kimi, qələmlə qadının adını və onun fahişə olduğunu, sözügedən tibb müəssisəsinə müalicə gəldiyini girişə yapışdırdığı kağıza qeyd edib.

Adəm İsmayılov daha sonra tibb müəssisəsinin qarşısında olması ilə bağlı mobil telefonla şəkil çəkərək Nigara göndərib və onun çılpaq foto şəkillərini tibb müəssisəsinin giriş qapısının yaxınlığındakı divara yapışdırdığını deyib.

Nigar hədələrin bitməyəcəyini başa düşərək polisə şikayət edib. 2022-ci ilin fevralında isə Adəm İsmayılov İçərişəhərdə Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb.

Qeyd edək ki, A.Zindani ağac oduncaqları üzərində oyma işləri edərək müxtəlif fiqurlar hazırlayıb onları İçərişəhər ərazisində satırdı. Bu səbəbdən heykəltaraş bir neçə media orqanına müsahibələr də verib.

Bənzər yazılar

Back to top button