Hadisə

Abid Qafarov həbsxana xəstəxanasında kliniki ölüm keçirib

Bir il müddətinə azadlıqdan məhrum edilmiş ictimai fəal Abid Qafarov dünən Penitensiar Xidmətin Müalicə Müəssisəsində kliniki ölüm keçirib. Bu barədə Turan-a onun həyat yoldaşı Elnurə Qafarova bildirib.

Onun sözlərinə görə, həkimlər əvvəlcə onun öldüyü qənaətinə gəliblər, amma sonra onu reanimasiyaya yerləşdiriblər, ürək masajından sonra o, özünə gəlib. “O, bütün bunları xatırlamır, ona bütün bunlar barəsində həkimlər danışıblar”, deyə həyat yoldaşı dekabrın 23-də Abid Qafarovla telefonla danışdıqdan sonra bildirib.

Qafarovu telefonla danışdıqları yerə onunla eyni palatada müalicə alan digər məhbuslar gətirib. “O, özünü pis hiss edir. Abid deyib ki, bədəninin bir tərəfini və üzünün sol hissəsini hiss etmir. O, əlində heç nə saxlaya bilmir, başında ağrılar, qulağında küy var”, deyə Qafarova bildirib.

Müalicə Müəssisəsinə köçürülməsini xahiş etməsinə baxmayaraq, Abidi yüksək temperaturu olduğu halda 10 gün 14 saylı cəzaçəkmə müəssisəsində saxlayıblar.

“Temperaturu 41 dərəcəyə qalxdıqdan və qıcolmalar başladıqdan sonra cəzaçəkmə müəssisəsinin həkimi insult ola biləcəyini deyib, noyabrın 25-də onu hospitala göndəriblər. Amma orada da onun temperaturu yüksək, təzyiqi isə aşağı – 60/40 olub. Dekabrın 22-də isə o, qəfildən yıxılıb və insult keçirib”, deyə həyat yoldaşı qeyd edib.

Öz növbəsində, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Turan-a bildirib ki, Qafarov kliniki ölüm keçirməyib.

“Dünən onun təzyiqi düşüb. Həkimlər müdaxilə ediblər və indi səhhətində problem yoxdur. Müalicə davam edir. Bu gün ailə üzvləri onunla görüşüblər”, deyə Sadıqov bildirib.

* “Bakı Birlik” ictimai təşkilatının rəhbəri və “Kim.tv” YouTube kanalının aparıcısı Abid Qafarov iyulun 13-də bir qrup Qarabağ müharibəsi veteranının şikayəti ilə bir il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Məhkəmə onu CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilib.

İddiaçılar – müharibə veteranları Qafarovun “itaətkar” olmamaq və özbaşınalığa müqavimət göstərmək çağırışını təhqir hesab ediblər.

Hüquq müdafiəçiləri hesab edirlər ki, Qafarovun həbsi “Tərtər İşi”ni, xüsusən təqsirsiz hərbi qulluqçuların həbsini və onlara işgəncə verilməsini tənqid edənlərin təqibi kampaniyasının davamıdır.

Maraqlıdır ki, Abid Qafarov və digər hüquq müdafiəçilərinin tələb etdiyi kimi, “Tərtər İşi”nə yenidən baxıldıqda və satqınlıqda ittiham olunan hərbiçilər azad edildikdə Qafarovu böhtanda ittiham edənlər etiraz etməyiblər.

Bənzər yazılar

Back to top button