Siyasət

Vardanyanı nə Moskva, nə də Bakı istəyir – Lavrov və Bayramov

Rusiyanın Ruben Vardanyanın Qarabağa gedib orada siyasi fəaliyyətlə məşğul olmaq barədə qərarı ilə heç bir əlaqəsi yoxdur. Bu barədə cümə günü RF-nin xarici işlər naziri Sergey Lavrov Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla apardığı danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

“Cənab Vardanyanın Rusiya ilə heç bir əlaqəsi yoxdur, Rusiya hakimiyyətinin onunla heç bir əlaqəsi yoxdur, onun xahişi ilə prezidentin onun artıq Rusiya vətəndaşı olmaması haqqında fərmanı imzalanıb və onun Qarabağa getmək və orada hansısa siyasi həyatda iştirak etmək qərarı ilə bağlı bizim heç bir işimiz olmayıb, yoxdur və olmayacaq”, deyə TASS agentliyi Lavrovdan sitat gətirir.

O, Qarabağdakı vəziyyətin bəsit olmadığını deyib və cəlb olunmuş bütün tərəflərin – Azərbaycan, Ermənistan, Qarabağ və Rusiyanın ictimai rəyini nəzərə almağa çağırıb. O, çox çətin şəraitdə işləyən Rusiya sülhməramlılarına hər üç tərəfdən iddia irəli sürüldüyünü nəzərə alaraq, onların ünvanına səslənən iradları rədd edib.

Rusiya sülhməramlıları Laçın dəhlizindəki vəziyyətin nizamlanması üçün hər saat işləyir və tərəflərlə əlaqə saxlayır. “Biz nəqliyyat əlaqəsinin mümkün qədər tez tam bərpa olunmasının və regiondakı mədən yataqlarının işlənməsi ilə bağlı fikir ayrılıqlarının həll edilməsinin tərəfdarıyıq”, deyə Lavrov əlavə edib.

Daha sonra o bildirib ki, Ermənistan XİN başçısının səfəri ləğv edilsə də, RF və Azərbaycan XİN başçıları sülh sazişi ilə bağlı məsələləri müzakirə ediblər. “Hesab edirik ki, tərəflərin mövqelərini yaxınlaşdırmaq üçün hər şey edilməlidir. Müəyyən mərhələdə elə gəlirdi ki, Azərbaycanın Ermənistan tərəfindən müsbət qarşılanan təklifləri müvafiq hüquqi sənəd üçün əsas yaratmağa imkan verəcək. Bizim dostlarımız Rusiya Federasiyasının danışıqlar prosesinə yardım etməsi zərurətini etiraf edirlər, bundan əlavə, bu zərurət Soçidə bu ilin 31 oktyabr tarixində keçirilən üçtərəfli sammitin yekunlarına dair üçtərəfli bəyanatda əksini tapıb”, deyə Lavrov qeyd edib.

Öz növbəsində, Ceyhun Bayramov bildirib ki, Azərbaycan Ruben Vardanyanın Qarabağı tərk etməsini istəyir.

“Onun fəaliyyəti cinayət-avantüra xarakteri daşıyır. Hesab edirik ki, buna son qoyulmalıdır. Və bu insan həmin regionu nə qədər tez tərk etsə, hamı üçün o qədər yaxşı olacaq, bundan ilk növbədə yerli əhali əziyyət çəkir”, deyən Bayramov Vardanyanı region üçün “yad element” adlandırıb.(Turan)

Bənzər yazılar

Back to top button