Cəmiyyət

Bakıda avtobuslarda maskadan istifadəyə nəzarət gücləndirilib

Cəbhədə uğurlu əks-hücum əməliyyatı aparan şanlı Ordumuza, eyni zamanda daxildə gizli düşmənə – COVID-19 infeksiyasına qarşı mübarizə aparan fədakar həkimlərimizə dəstək olmaq üçün bu günlərdə arxa cəbhədə olan bizlərdən daha məsuliyyətli olmaq tələb olunur. Hər birimiz üçün həssas olan bu günlərdə çalışmalıyıq ki, əlavə resurslar cəlb etmədən hər iki istiqamətdə qələbə qazanaq.

AzToday.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, ölkəmizdə koronavirus infeksiyasına qarşı sistemli mübarizə tədbirləri həyata keçirilir.

“Dövlət tərəfindən tətbiq edilən profilaktik və preventiv tədbirlər sayəsində son vaxtlar koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. Son günlər aparılan müşahidələr onu göstərir ki, hələ də bəzi sərnişinlər avtobusda, nəqliyyat mübadilə mərkəzlərində və dayanacaqlarda qoruyucu tibbi maskadan istifadə etmirlər və bu da yoluxma halları riskini artırır. Bu baxımdan, avtobuslarda sürücülərin və sərnişinlərin tibbi maskadan istifadə qaydalarına riayət etməsi üçün tərəfimizdən əlavə tədbirlər həyata keçirilməkdədir. Sərnişin axını nəzərə alınmaqla, əvvəlcədən müəyyən olunmuş məntəqələrdə əməkdaşlarımız tərəfindən sürücülərin və sərnişinlərin tibbi maskadan istifadəsinə nəzarət daha artırılıb. Həmçinin, sərnişinlərlə maarifləndirmə xarakterli söhbətlər aparılır və maskadan istifadənin vacibliyi bir daha onların diqqətinə çatdırılır. Tibbi maskdan istifadənin mütləq olduğunu nəzərə alaraq, bir daha sərnişinlərə bu məsələlərə anlayışla, sosial məsuliyyət mövqeyindən yanaşmağı tövsiyə edirik”, – qurum bəyan edib.

Bənzər yazılar

Back to top button