Cəmiyyət

Nəşriyyat direktorunun karantinli Bakı küçələrindən reportajı (FOTO)

Hava sərindi. Günəş heç görünmədi.

Fontanlar meydanında müxtəlif istiqamətlərdən drel səsləri eşidilir.

Zeynalabdin Tağıyev küçəsində qədim binalardan birinin üstünə pərdə çəkilib. Banerlər asılıb: “Narahatçılığa görə üz istəyiik”. “Binada yenidənqurma işləri gedir”.

Yanımdan gödək, amma kök bir kişi keçir, “addidas” idman paltarı bədəninə kip oturib, başında sarı tennis kepkası var, ayaqlarında burnu iti, dabanlı ayyaqqabı, tikintidən danışır. Arıqlamaq üçün gəzənə oxşayır.

Xəqani Ticarət mərkəzinin yanında, Nizami küçəsində polis və hərbçilər dayanıb. Hərbçi daha cüssəlidir.

“Pizza İnn” kafesinin qapısı açıqdır, amma hələ də stullar masaların üstünə çevirilidir.

“Nigar Rəfibəyli” küçəsində, passajla üzbəüz binaya mansard əlavə ediblər, kimdirsə, ağıllı adamdı, binaya ağırlıq düşməsin deyə mansardın üstünə şüşədən saray tikib, o şüşə sarayın içindədə deyəsən antresol var. İndi bina neçə mərtəbədi? Hesablaya bilmədim.

Nizami küçəsindən “artist döngə”sinə dönürəm. Vaxtiykən orda yaxşı cızbız verərdilər, kafe bağlıdır. Üstündə hindistanlıların hosteli var, yazısı diqqətimi çəkdi: “Biz korona üçün bağlandıq”. Məhləyə açılan darvazanın üstündə “Appartmen Only for muslim” yazısı asılıb.

“Nizami” küçəsinin ən yaraşıqlı binalarından birinin həyətinə girirəm. Nizami 91. Bina kvadrat olduğundan hər qonşu öz balkonunu bir az qabağa artırıb, orta günəş işığının həsrət qaldığı darısqal bir dəhlizə dönüb. Alnıma damcı düşür. Burnuma yuyucu tozunun qoxusu dəyir. Dəhlizdə zivələrdən rəngli paltarlar asılıb. Binanın ikinci mərtəbəsində keçid varmış, onun da üstündə otaqlar tikilib. Yolunuz düşsə, insan fantaziyasının möcüzəvi abidəsini siz də görün.

Qonşuluqdakı binanın altında təmir gedir, “open soon” yazılıb, inandırıcı deyil.

Mərkəz hələ də qorunur. İcazəsi olmayanlar dərhal cərimələnirlər.

Bakıxanov prospekti dezinfeksiya olunurdu. Xlor iyi duydum. Çiyni sarı balonlular daha gözə dəymir.

Maska taxmayanlar bu gün daha çoxdur. Əlcəklilər isə yalnız dükanlarda çalışanlardı.

Şəhərdə öz-özünə danışanların sayı artıb. Biri Rusiya səfirliyinin qarşısında hündürdən nəsə deyib, kimisə nəyəsə inandırmağa çalışırdı.

Kasıb görkəmlilər artıb. Onları mərkəzdə görməzsən, amma iç məhlələrdə çoxdurlar.

Qismətin kababxanasına kabab sifariş etmişdim. Qismət adla tanınan kababçıdır. İki qadın yanaşdı, onlar çatdırılma ilə bağlı nəsə soruşdular, Qismətin cavabından və münasibətindən anladım ki, nə eşitməyimdən və onların indi nə deməyindən aslı olmayaraq, illərin kababçısına aydın bu idi: o insanlara sadəcə bir qarın yemək lazımdır.

Kababçılar həyatda iki şeyi yaxşı tanıyırlar: kabablıq əti, bir də ac adamı.

Böyük pulları xırdalamağa yerlər yoxdur. Mən üç gün idi cibimdə 100 manat gəzirdim. Kofe aldığım kafedə xırda olmadı.
Benzin alanda xırdalandı.

Ayın 27-dən sonra rejim yüngülləşəcək.

Yaşlı bir dostumun səsinin sevincini duydum. Bazaertəsi icazə üçün zəng edəcəm, bəlkə həyətə çıxa bildim, deyir.
Təcilli yardım maşınlarına münasibət həssaslaşıb. Harda dayanırsa, dərhal hamının diqqəti ora yönəlir. “Süleyman Rustəm” küçəsi ilə “İmran Qasımov” kəsişməsində binanın qarşısında dayandı, içindən izolyasiya geyimində iki həkim endi, bir az gözlədilər, sonra bloka girdilər. İşin sonuydu. Ətrafdan ötənlər əvvəlcə yavaşıdılar, sonra durub tamaşa etdilər. Elə mən də. Sonra düşündüm ki, mən nəyi görmək istəyirəm, burda nəyə dayanıram? Əgər orda bir xəstə varsa və mənim ona heç bir yardım etmək imkanım yoxsa.

Dünyada yoluxma sayı : 2 912 552, ölü sayı :202 965. Türkiyədə ölü sayı: 2706

Bizdə yoluxma: 1617, ölü 21.

Qulağıma dəyən fikirlər

* Yoluxma yoxdursa, onda virus mərkəzi niyə tikilir? Bəlkə növbəti dalğa olacaq?

* Bizi evimizdə çürütmək istəyirlər…

Şahbaz Xuduoğlu

Bənzər yazılar

Back to top button