HadisəManşet

Gəncə Dövlət Universitetində inanılmaz olaylar: Müəllimlər Prezidentə şikayət etdi

“Cənab Prezident, sizə bildirmək istəyirik ki, Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti 2013-cü ildən müxtəlif təşkilatlara, kütləvi informasiya vasitələrinə şikayətlər ünvanlayır. Lakin bu barədə heç bir tədbir görülmür. Çünki rektor Yusif Yusibovun qardaşı Cavanşir Yusibov Maliyyə Nazirliyinin aparat rəhbəridir. Ona görə də Yusif Yusibovun bu cinayətlərini, universitetdəki maliyyə maxinasiyalarını, yeyintiləri Cavanşir Yusibov dostları olan Azər Bayramov, Ceyhun Bayramov və Mikayıl Cabbarovun köməkliyi ilə ört-basdır edir”.

Bu sözləri Tribunainfo.az-a göndərdiyi şikayət məktubunda Gəncə Dövlət Universitetinin professor-müəllim eyəti adından Azadə Murad qızı Vəliyeva ünvanlayıb. Şikayətçi məktubunda əlavə edib ki, Naxçıvanda keçirilən əməliyyatları dəstəkləyir, bu əməliyyatları Gəncə Dövlət Universitetində də keçirilməsini arzu edirlər:

“Əgər DTX burada, qanuni şəkildə maliyyə sistemində yoxlamalar aparsa, buranın böyük bir korrupsiya bataqlığı olduğu üzə çıxar. Bu universitetdə rektor heç bir elmi dərəcəsi olmayan, erməni əsilli şəxslərə yüksək maaşlar verir. Tədris prosesi bütün çiyinlərində dayanan professor-müəllim heyətinin maaşı respublikada ən aşağı səviyyədədir. Prezidentin göstərişi ilə minimum əmək haqqı 300 manat müəyyən edilsə də, tədris köməkçi heyətinin maaşı 240-270 manat həddindədir. Ali təhsilli laborantlar xadimə ilə eyni maaş alır. Vəzifələrə təyinatlar hamısı rüşvətlə həyata keçirilir. Rüşvət isə prorektor Şahin Xurşudovun əli ilə yığılır. İmtahanlar testlə keçirilsə də, imtahana düşən 25 sual bunker sualı kimi salınır, bu suallar isə tələbələrə keçilməyən mövzudan salınır. Rektor dəfələrlə deyib ki, “imtahana elə suallar salın ki, tələbələr kəsilsin. Nəyə görə, biz tələbələrə təqaüd verməliyik? Tələbələrə verilən təqaüdə universitetin büdcəsindən xeyli pul gedir. Tələbələri kəsin, qoy bu pulları təqaüdə verməyək. Həm də tələbələr kəsilsə, onda kredit pulu da ödəyəcəklər”. İmtahanları da həmin erməni əsilli Vasif Həsənovun əli ilə keçirir. Universitetdə 8 xidməti maşın var. Rektorun özünün xidməti maşını olsa da, maşın həvəskarı olduğundan son model idman stilli bahalı cip alıb. 20-AA-530.

Bir gün birindən, başqa gün o birindən istifadə edir. Heç magistr təhsili belə olmayan, universitetin nəzdində olan, özünü maliyyələşdirmə prinsipi ilə işləməli olsa da, universitetin büdcəsinin hesabına maliyyələşdirilən İdman klubunun sədrinə də xidməti maşın ayırıb. Universitet əməkdaşlarının narazılığından sonra qeyri-qanuni maliyyələşdirməyə qanuni don geyindirmək üçün, ona əlavə olaraq bir ştat da mühafizə xidməti vəzifəsini yaradaraq həvalə etmişdir. Xidməti maşınların hamısı saz vəziyyətdədir, amma təmir adı ilə sənədləşdirib yalandan pul silirlər”.

Cavanşir Yusibov

Şikayətçi əlavə edib ki, bu günlərdə guya universitet tender elan edib, bu tenderin qalibi isə “Leqal FN” MMC olub. Məqsəd nəqliyyat vasitələrinin əsaslı təmiridir. Bu niyyətlə GDU 26239.8 manat şirkətə maliyyə köçürəcək. Amma maraqlıdır ki, universitetin balansında hamısı saz vəziyyətdə olmaqla həddindən artıq xidməti avtomobillər var, bu avtomobillər müxtəlif vəzifə sahiblərini evindən işə və əksinə aparmaq üçündür, rektorun köməkçisinin belə xidməti maşını var. Müəllimlərin maaşı artırılmır, universitetin laboratoriyalarına avadanlıq alınmır, kitabxanada müasir ədəbiyyatlar yoxdur. Belə şəraitdə xidməti maşınların təmirinə 26 mindən çox pulun ayrılması, yalandan kosmetik təmirlərə yüz minlərlə pulun sərf olunması nə dərəcədə düzgündür?(Əslində bu təmirlər də dekanlardan pul yığılaraq həyata keçirilir)”.

A.Vəliyevanın sözlərinə görə, Universitetin tələbə yataqxanasını kosmetik təmir ediblər, bu məqsədlə ayrılmış 8 milyon manat pulun heç 3 milyonu ora sərf olunmayıb:

“İndi saz vəziyyətdə olan xidməti maşınlardan ötrü az qala bir maşının qiyməti qədər təmir xərcləri nəzərdə tutulub. Bu da öz növbəsində keçirilən tenderin formallığını gözlər önünə sərir və maxinasiya şübhələrini artırır. İndi Gəncə Dövlət Universitetinin 5 saylı korpusunun 2 mərtəbəli tədris binasının təmiri üçün guya tender keçirilib. Bu tenderin qalibi isə qeyri-rəsmi şəkildə Yusif Yusibovun qardaşı Çingiz Yusifovun idarə etdiyi “19 Saylı Tikinti Təmir İdarəsi” MMC olub. Universitet balaca ikimərtəbəli bir korpusun təmiri üçün 2 milyon 157 min 123.41 manat ödəyəcək. Bəli, bir manatlıq bir avadanlığı 20-30 manata sənədləşdirib universiteti talan edirlər. Gəncədəki orta məktəblərdə olan təchizat, avadanlıq GDU-dan dəfələrlə yüksəkdir.

Universitetin əməkdaşlarından Heydər Kərimov, Eyyub Mirzəyev, Qulu Qurbanov, Mahizər Hacıyeva və s. kimi müəllimlər xəstəlik səbəbi ilə işə gəlmir, bir neçəsi yataq xəstəsidir, amma buna baxmayaraq onlara tam ştat maaş verilir.

Zəhra Əliyeva

Rektor Yusif Yusibovun illər ərzində GDU-nun maddi-texniki bazasını yeniləmək adı ilə böyük vəsaitlər mənimsəməsi, tələbələrdən rüşvət yığması, kimya kafedrasının baş müəllimi Zəhra Əliyeva ilə eşq yaşaması, onun ailəsini dağıtması, Zəhra xanımın sabiq yoldaşının universitetin həyətində rektor Yusif Yusibovu hamının gözləri qarşısında döyməsi, daha sonra onu qondarma cinayət yolu ilə həbsə atdırması, qorxusundan uzun müddət şəxsi cangüdənlə gəzməsi və s. kimi cinayətləri azmış kimi, indi də maşın təmiri,bina təmiri adı ilə pullar silir.

Azər Bayramov

Cinayətləri bilib, onu deməmək özü də bir cinayətdir, amma rəhbər vəzifəli şəxslər bu cinayətin üstünü ört-basdır edirsə, onda bu dövlətə xəyanət hesab olunmalıdır. Cavanşir Yusibovun, Azər Bayramovun və digərlərinin bu cinayətləri bilə-bilə ört-basdır etməsinə nə ad vermək olar???

Elə bunlar Ali Baş Komandana, cənab Prezidentə edilən xəyanətdir. Çox xahiş edirik ki, Dövlət Təhlükəsizlik Xidməti yolunu bizim universitetə də salsın…

Cənab Prezident, Sizdən çox artıq dərəcədə xahiş edirik ki, bu universitetdə qayda-qanun yaradılması üçün lazımi göstəriş verəsiniz”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Bənzər yazılar

Back to top button