ManşetSiyasət

Putin MDB-dəki mübahisəli məsələləri birlikdə həll etməyə çağırıb

MDB məkanında çağırışlar, təhlükəsizlik təhdidləri və fikir ayrılıqları artır, lakin əsas odur ki, Birlik ölkələri əməkdaşlığa hazırdır. Bu barədə bazar ertəsi Rusiya prezidenti Vladimir Putin MDB-nin qeyri-rəsmi sammitini açarkən deyib.

“Təəssüf ki, etiraf etməliyik ki, Birlik üzvü olan dövlətlər arasında da fikir ayrılıqları yaranır. Lakin əsas odur ki, biz əməkdaşlığa hazırıq və əməkdaşlıq edəcəyik”, – TASS agentliyi Putindən sitat gətirib.

Onun sözlərinə görə, MDB ölkələrinin liderləri “hər hansı problemli məsələ ortaya çıxsa belə, onları özləri, birlikdə, bir-birinə yoldaşlıq və vasitəçilik yardımı göstərərək həll etməyə çalışırlar”. Belə konstruktiv məcrada MDB ölkələri terrorizm və ekstremizm, transsərhəd cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və korrupsiya ilə mübarizə məsələlərini həll edirlər.

O, sammitə gəldikləri üçün Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderlərinə təşəkkür edib. “Bu, bizim MDB məkanında əməkdaşlığın əsl strateji tərəfdaşlıq, qarşılıqlı fayda və bütün ölkələrin maraqlarının nəzərə alınması ruhunda birgə qurulmasını davam etdirmək istəyimizdən xəbər verir”, – Putin deyib.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib ki, yaxın vaxtlarda MDB-də müşahidəçilər və tərəfdaşlar institutlarının yaradılmasına dair sənədlərin hazırlanmasına başlanılacaq.

“Təşkilatı müasir reallıqlara uyğunlaşdırmaq üçün biz MDB-nin beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməliyik. Yaxın gələcəkdə MDB və Birlik tərəfdaşları yanında müşahidəçilər institutlarının yaradılması ilə bağlı sənədlərin hazırlanmasına başlanılacaq”, – Tokayev deyib.

Sonra görüş bağlı qapılar arxasında davam edib. (Turan)

Bənzər yazılar

Back to top button