HadisəManşet

Səlim Müslümov ifadə verməkdən imtina etdi

27 milyonluq işdən başqa bir cinayət işi ayrılıb

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, hazırda ev dustaqlığında olan Səlim Müslümovun işi üzrə məhkəmə istintaqı başa çatır.

İttiham tərəfin məhkəməyə təqdim etdiyi 334 şahidin əksəriyyəti ötən 5 ay ərzində keçirilən məhkəmə iclaslarında dindirilib və sabiq nazirin vəkilləri bunu yetərli sayır.

Hesab edirlər ki, qalan şahidlərin dindirilməsinə ehtiyac yoxdur. Bunu vəkillər dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Səlim Müslümovun işinə baxılarkən bildiriblər.

Məhkəmə prosesinə sədrlik edən hakim Faiq Qəniyev də bildirib ki, bütün ittiham epizodları üzrə şahidlərin əksəriyyəti dindirilib.

Hakim məhkəmə prosesinin iştirakçılarına məlumat verib ki, Səlim Müslümovun işi məhkəməyə göndərilərkən cinayət işindən başqa bir iş də ayrılıb. Həmin cinayət işi də nazirliklə bağlı araşdırmalar zamanı üzə çıxan pozuntular, o cümlədən tenderlərdə iştirak edən şirkət rəhbərlərinin hərəkətlərindəki qanunsuzluqlar, mənimsəmələr və s. hallarla bağlıdır.
Hakimin sözlərinə görə, həmin cinayət işi üzrə indiyədək 1.5 milyon manata qədər ziyanın ödənilməsi təmin edilib və bu istiqamətdə işlər davam etdirilir.

Müslümovun işi kimi, bu cinayət işinin də istintaqı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində gedir.

Dekabrın 26-da məhkəmə iclasında həmçinin hakim Səlim Müslümovun özünə ifadə verməyi təklif edib.

O, məhkəmədə ifadə verməkdən imtina edib. Deyib ki, istintaqdakı ifadəsini təsdiqləyir.

Keçmiş nazir mənimsəmə və rüşvətalma ittihamlarını qəbul etsə də, israfetmə ilə razılaşmayıb.

Səlim Müslümovun məhkəməsi dekabrın 30-da davam edəcək.

61 yaşlı Səlim Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib.

2013-cü ildə əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib. O, 2018-ci ildə nazir vəzifəsindən azad edilib.

2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb.

27 milyon manatlıq mənimsəmə, israfetmə və rüşvətdə təqsirləndirilən Səlim Müslümova qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Səlim Müslümov 27 milyon manatlıq ziyanın 20 milyonunu istintaq dövründə ödəyib. O, həmin ödənişdən sonra ev dustaqlığına buraxılıb. Lakin rəsmi səbəb kimi, onun səhhətindəki problemlər göstərilib.(Meydan TV)

Bənzər yazılar

Back to top button