İdman

“Qarabağ” dağılır – Qurban Qurbanovu nə gözləyir?

Bu gün Azərbaycan futbolunda ən çox müzakirə edilən məsələlərdən biri də Kadi Borgeslə Marko Veşoviçin “Qarabağ” ayrılmasıdır. Bu barədə Qurban Qurbanov Qol.az saytına açıqlama verib. 50 yaşlı mütəxəssis bildirib ki, hər iki futbolçuya ölkə xaricindən ciddi təkliflər var:

“Düzdür, Veşoviçin müqaviləsi mayda başa çatır. Kadi ilə müqavilə olsa da, orada futbolçunun özünün klubun tərk edə biləcəyinə dair maddə də var. Kadi ilə çox ciddi danışıqlar aparan xarici klub var. Bunlar bizə problem yarada bilər. Futbolçularımıza gələn təkliflərlə bağlı xəbərlər, əsasən doğrudur. Elə təklif ola bilər ki, biz qarşısını ala bilmərik. Bu gün bizimlə olan oyunçular sabah olmaya bilərlər”.

Bu açıqlamadan sonra məlum oldu ki, Kadi ilə Rusiyanın kifayət qədər nüfuzlu “Krasnodar” klubu maraqlanır. Futbolçunun transfer qiyməti isə demək olar ki, əvvəlcədən – avqustda müəyyənləşdirib. Həmin vaxt yarımmüdafiəçi ilə 5 illik yeni müqavilə imzalanıb və sərbəst qalma dəyəri 5 milyon dollar olaraq təyin edilib. Bu o deməkdir ki, hansı klub həmin məbləği ödəsə, Kadiyə sahib çıxacaq. Bu məsələdə hələlik “Krasnodar” ən aktiv və realist klubdur. Çünki “buğalar” həm “Qarabağ”ın, həm də futbolçunun tələb etdiyi şərtlərlə razılaşır. Hansısa xoşagəlməz süpriz yaşanmasa, yaxın vaxtlarda trasnfer reallaşacaq. Beləcə, Kadi Azərbaycan futbolunun tarixinə ən bahalı transfer kimi düşəcək.

Qeyd etdiyimiz kimi, braziliyalı vingerdən savayı, Marko Veşoviç də yol üstədir. Onun hansı kluba keçəcəyi isə hələ bilinmir. Amma məlum olan budur ki, monteneqrolu müdafiəçinin “Qarabağ”la müqaviləsi mövsümün sonunda bitəcək. Belə olan halda, istənilən klub yanvarın 1-dən onunla sözləşmə barədə birbaşa danışıqlar apara bilər. Həmin komanda bunu qış transfer pəncərəsində reallaşdırmaq istəsə, Ağdam təmsilçisi ilə hesablaşmalı olacaq.

Bu iki futbolçunun təqribən eyni vaxtda “Qarabağ”dan getmə ehtimalının olması azarkeşləri və futbol ictimaiyyətini narahat etməyə başlayıb. Fevralda UEFA Konfrans Liqasının pley-off mərhələsində mübarizə aparacaq “atlılar”ın 2 aparıcı futbolçusunu itirməsi komandaya baha başa gələ bilər. “Qarabağ”, xüsusilə baş məşqçi Qurban Qurbanovun onların gedişinə əvvəlcədən hazırlıq görübmü? Bu prosesin komandaya nə kimi ziyanı ola bilər? Suallarımızı ağdamlıların sabiq üzvü, futbol eksperti Aslan Kərimova ünvanladıq.

Mütəxəssis düşünür ki, sözügedən futbolçuların gedişi komandanın oyun planına ciddi formada təsir göstərəcək:

“Belə məsələlər barədə fikir bildirmək çox çətindir. Çünki hazırda hadisələrin gedişatından xəbərdar deyilik. Bəli, Veşoviçlə Kadinin gedişi “Qarabağ” üçün böyük itki ola bilər. Onların yoxluğu komandanın oyun planına təsir edəcək. Ancaq bunun hansı dərəcədə olacağı müzakirəyə açıqdır. Veşoviç Avropa arenasındakı çıxışı ilə bu mövsüm çempionun heyətində ən yaxşılardan biri idi. Kadiyə gəlincə, o da “Qarabağ”ın oyun planı baxımından ayrılmaz hissəsidir. Veşoviç, Kadi və Abdulla Zubir üçlüyü bu mövsüm komandanın hücumlarındakı əsas “3-lük” idi. Marko cinah müdafiçəsi olsa da, qol imkanları yaratmaq qabiliyyətinə malik oyunçudur. Buna görə onların gedişi “Qarabağ”a ciddi formada təsir edəcək”.

Kərimov bildirir ki, məsələyə obyektiv yanaşmaq lazımdır. Çünki futbolçulara edilən təkliflər o qədər yaxşı ola bilər ki, onları “Qarabağ”da məcbur saxlamaq sonradan komandaya problem yarada bilər:

“Məsələyə nə qədər “Qarabağ” tərəfdən baxsaq da, futbolçuları da düşünməliyik. Kadiyə burada aldığından 2-3 dəfə artıq məbləğ təklif edirlərsə, qarşısını almaq, saxlamaq mümkün olmayacaq. Belə futbolçuları məcburi saxlasan, ondan sonra heç nə əldə edə bilməyəcəksən. Getmək istəyirsə, getsin. Veşoviç məsələsində isə detalları bilmirik. Onun “Qarabağ”la müqaviləsi bitmək üzrədir. Son zamanlar yaxşı çıxış etdiyinə görə, yəqin ki, təmsilçimizdən daha çox maaş istəyir. Yaş məsələsi də var. Artıq 30 həddini keçir. Ona görə də, Marko ilə yeni müqavilə imzalanması yubanır və ya alınmır. “Qarabağ”ın bu məsələdə fikirləşməsi, tələsməməsi təbiidir. Onun əvəzinə artıq oyunçu da düşünülə bilər. Bu kimi amillər var”.

Aslan bəyin sözlərinə görə, bu futbolçuların getməsi qədər, onları kimlərin hansı formada əvəzləyəcəyi də önəmlidir:

“Əsas məsələ odur ki, onlardan sonra yaranan boşluğu nə vaxta dolduracaqlar, gətirilən futbolçu nə qədər müddətə adaptasiya olacaq? Kadi, Zubir və Veşoviçin özü də 2-3 aylıq uyğunlaşma dövründən keçib. Amma bəzi futbolçular var ki, onlar hələ də “Qarabağ”a uyğunlaşa bilməyiblər. Nəticədə 6 aydı qıraqda qalıblar. Gələnlər tez uyğunlaşmasa, bu ikilinin gedilişinin komandanın oyununa təsiri görünəcək.

Onların gedişi çempionatda öz təsirini ciddi formada göstərməyə bilər, amma qarşıdan avrokubok oyunları gəlir. Tək sevindirici məqam qarşıda 1 ay vaxtın olmasıdır. Təlim-məşq toplanışında bu oyunlara hazırlaşmaq, yeni oyunçuları uyğunlaşdırmaq olar. Amma bu heç də həmişə alınmır. Kadinin gedişindən sonra boşluq olmayacaq. Onun mövqeyində çıxış edə biləcək futbolçu çoxdur. Amma Veşoviçi əvəzləyə biləcək tək futbolçu Abbas Hüseynovdur. O, Marko qədər güclü çıxış etməsə də, beynəlxalq təcrübəsi kifayət qədərdir”. (Publika.az)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button