Hadisə

Polkovnikdən generala sərt ittihmalar: “Ona nifrət edirəm”

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi general-mayor Mövlam Şıxəliyev və digərlərinin apellyasiya şikayəti üzrə Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə növbəti məhkəmə prosesi keçirilib.

Qaynarinfo xəbər verir ki, Mövlam Şıxəliyevlə birgə 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai İstintaq İdarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov da mühakimə olunurlar.

Ötən prosesdə hakim tərəflərə hüquqlarını izah edib. Mövlam Şıxəliyev İstintaq Təcridxanasından məhkəməyə 6 vəsatət yolladığını bildirib, həmin vəsatətlərin alınıb-alınmaması ilə maraqlanıb. Məhkəmə katibi vəsatətlərin məhkəməyə daxil olmadığını bildirib.

Bundan sonra Sahib Ələkbərov vəsatətlə çıxış edərək səhhətindəki problemlər üzünüdən təcridxana şəraitində müalicə ala bilmədiyini deyib. O, barəsidəki hökmün ehtimallara, istintaq orqanın illüziyalarına əsaslandığını bildirərək, barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib. Hakim vəsatətin müzakirə olunacağını bildirib.

Sahib Ələkbərovun başqa vəsatəti isə bütün media orqanlarının prosesdə iştirakının təmin edilməsi ilə bağlı olub: “Birinci məhkəmə instansiyasında biz mətbuatla əlaqə saxlamadıq. Mətbuatdan yayındıq ki, məhkəmə istintaqı tam və hərtərəfli araşdırılsın”.

Daha sonra Sahib Ələkbərov prosesdə iştirak edən “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşən Balaxanskinin zaldan çıxarılmasını istəyib.
Hakim onun qanunsuz tələbini yerinə yetirməyib.

Müttəhimlər Vüsal Ələkbərovla Yasin Məmmədov da barələrindəki həbs qəti-imkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlə çıxış ediblər. Həmçinin Yasin Məmmədov da “Yeni Müsavat” əməkdaşının məhkəmə zalından uzaqlaşdıırlmasını istəyib.

O daha sonra Mövlam Şıxəliyevin ünvanına müxtəlif ittihamlar səsləndirib: “Mövlam Şıxəliyev mənə nifrət edir, mən də ona nifrət edirəm. Onun mənə hörməti olmayıb, mənim ona vəzifəsinə görə hörmətim olub. Təhsin Ağayev alçaq idarə rəisi olub, baş idarənin rəis müavini olub. O, mənə qarşı düşmənçilik edib, mübarizə aparıb. Mən də bunlarla mübarizə aparmışam, dövlətin mənafeyinə xidmət etmişəm.

Bu gün bu adamla məni necə birləşdirib birgə pul alıb-verilməsində ittiham etmək olar? Bu harada yazılıb, hansı qanunda var? Həyatım boyu bununla münasibətlərim gərgin olub. Bunu bütün respublika bilir. Həyatımı məhv edib. Rütbə almağa qoymayıb, ev almağa qoymayıb. Belə ittiham verərlər? İki düşmən adam pul alıb-verər? Bu adamla münasbətlərim bəllidir. Eldar Mahmudovu tanımıram, ümumiyyətlə bir dəfə belə ünsiyyətdə olmamışam. Mən 2016-2021-ci illərdə DTX-da işləmişəm. İdarə rəisinin müavini olmuşam. Ustalıq dərəcələrim var. 5-6 medal almışam. Korrupsiyaya qarşı mübarizə aparmışam, bu işdə canımı qurban vermişəm. 2015-ci ilə qədər MTN-in yaratdığı neqativ halları aradan qaldırmaq üçün gecə-gündüz işdə yatmışam. O haqsızlığı, o ədalətsizliyi aradan qaldırmaq üçün canımı qurban vermişəm. O neqativ halları mən aradan qaldırmışam. Əgər cinayət eləmişdimsə, 2015-ci ildən 2021-ci ilə qədər DTX-da necə işləmişəm? Dövlət əhəmiyyətli işləri aparmışam. Böyük xidmətlərim olub. Mən işdən vaxtsız çıxmışam. Çünki vaxtında Mövlam Şıxəliyev məni yüksəlməyə qoymayıb. Sonra da sənədlərimi vəkilliyə verdim. Bir il keçəndən sonra isə məni istintaqa çağırdılar ki, guya kimdənsə pul almışam. Araşdırıb xitam vermək əvəzinə, mənə qanunsuz olaraq ittiham verilib. Əsəblərim pozuldu. Bir il məhkəmə getdi, nə boyda təzyiq göstərdilər. Birinin əlinə çəlik verib məhkəmədə şou göstərdlər, mətbuat da çəkib göstərdi. Elbəyi müəllim də (Bakı Hərbi Məhkəməsinin hakimi) təsir altına düşüb barəmizdə hökm çıxardı. Əsəblərim pozulub. Həyatımboyu ağır dərmanla qəbul edib yatmalıyam. Mən təcridxanada 18 saat yatmıram. Əgər günahım var idisə, məni 2015-də tutardız. Sizdən xahiş edərəm ki, vəsatətimi təmin edəsiniz, ev dustaqlığına buraxasınız”.

Daha sonra zərərçəkən Zaur Əliyev vəsatətlə çıxış etmək istəyib. Lakin müttəhimlər qalmaqal yaradaraq ona vəsatəti səsləndirməyə imkan verməyiblər.

Hakim yaranmış gərginlikdən çıxış yolu kimi yazılı şəkildə olan vəsatəti zərərçəkəndən alıb səsləndirməkdə görüb: “Zərərçəkən xahiş edir ki, sabiq baş prokuror Zakir Qaralov, baş prokurorun sabiq müavini Rüstəm Usubov, sabiq hakim Əfqan Hacıyev, DTX işçiləri Mamay Qulubəyov, Rafiq Abdullayev, vətəndaş Arif Allahverdiyev, MTN-in İstintaq Baş İdarəsində rəis müavini işləmiş Təhsin Ağayev məhkəməyə dəvət olunaraq dindirilsinlər”.

Müşavirə otağına yollanan hakimlər oradan qayıtdıqan sonra müttəhimlərin və zərərçəkən Zaur Əliyevin vəsatətlərinin təmin olunmadığını elan edib.

Məhkəmə prosesi yanvarın 9-na kimi təxirə salınıb.

Bənzər yazılar

Back to top button