İqtisadiyyat

Manatın hazırkı vəziyyəti ilə bağlı – Şərh

Mərkəzi Bankın ən son statistikasına görə, 2022-ci ilin arxada qalan dövrü ərzində Azərbaycan manatının qeyri-neft çəkili nominal effektiv məzənnəsi 13,6%, real effektiv məzənnəsi 6,5% bahalanıb.

Bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev sosial şəbəkə hesabında yazıb.

“İdxaldan yüksək asılılığı olan ölkə üçün bu idxal inflyasiyasının təzyiqini xəfiflədən, amma qeyri-neft ixracını çeşidləndirmək istəyən ölkə üçün beynəlxalq bazarlarda rəqabət qabiliyyətinə neqativ təsir göstərən amildir.
Manatın qeyri-neft çəkili effektiv məzənnəsinin formalaşmasında həlledici rolu ölkənin qeyri-neft xarici ticarətinin təxminən 70%-ni formalaşdıran 7 əsas valyutaya oynayıb: lirə, rubl, lari, təngə, avro, yuan və isveçrə frankı.

Azərbaycan manatı onlardan 5-nə münasibətdə nominal olaraq bahalanıb, 2-nə münasibətdə ucuzlaşıb.

Ucuzlaşma gürcü larisinə (14,4%) və rus rubluna (22%) münasibətdə olub.

Digər valyutalara nəzərən bahalanma belə olub: türk lirəsi – 31,6%, qazax təngəsi – 8%, avroya – 8,3%, İsveçrə frankı- 3%, Çin yuanı 11%.

Real effektiv məzənnə indeksinə təsir göstərən 2-ci mühüm amil olan inflyasiyaya gəldikdə, 11 ayın yekunlarına görə 7 ölkədən yalnız 2-də illik inflyasiya Azərbaycandan (bizdə 13,8%) yüksək olub: Qazaxıstanda 20%, Türkiyədə 84%.
Digər ölkələrdə belə olub: Çin 2,5%, Gürcüstan 10,5%, avro məkanı 10,7%, Rusiya 11%, İsveçrə 11,5%.

Azərbaycanla xarici ticarətdə ən yüksək paya malik 2 ölkədən biri kimi Türkiyədə inflyasinın həddən artıq yüksək səviyyəsi manatın real effektiv bahalanma səviyyəsinə nisbətən azaldıcı təsir göstərib”, – deyə o qeyd edib.

Bənzər yazılar

Back to top button