İqtisadiyyatManşet

Azərbaycanda pullu olacaq yolda tərəzilər quraşdırılır

Bugünlərdə Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 64 kilometrlik hissəsi istifadəyə verilib. Rəsmi açıqlamada bildirilib ki, Qubadan Bakı istiqamətində yenidən qurulan 67 kilometrlik yolun son 3 kilometrində işlər 2023-cü ilin yanvarında tam başa çatdırılacaq. Yolun pullu olacağı gözlənilir. Bununla bağlı bir müddət öncə bəzi rəsmilərin açıqlaması da olub.

Bakı-Quba-Rusiya Federasiyası istiqamətində yeni yol 2017-ci ildən çəkilir. Bu, həmin istiqamətdə çəkilən artıq ikinci yoldur. Birinci yolun tikintisi isə 2008-ci ildə başlamışdı. O vaxt rəsmilər yolun istismar müddətinin 30 il olacağını demişdi. Amma 2012-ci ildə avtomobil yolunun 132 km-lik Bakı-Gəndov hissəsində çatlar və dağılmış hissələr yaranmışdı. Bu, onda yolun inşası zamanı yol verilən konstruktiv səhvlər, normadan artıq yüklənmiş yük maşınlarının hərəkəti ilə izah edildi.

Rəsmi məlumata görə, 2008-ci ilin mayında başlanan birinci layihəyə ümumilikdə 545 milyon 287 min 800 manat xərclənib. Həmin vəsaitin 281 milyon 861 min 800 manatı Bakı-Quba Rusiya dövlət sərhədi avtomobil yolunun 120 kilometrlik hissəsinin təmirinə sərf olunub. Yerdə qalan 263 milyon 426 min manata isə 180 kilometr uzunluğunda beton örtüklü avtomobil yolu tikildiyi bildirilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “Turan”a bildirilib ki, Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun Quba-Bakı istiqamətində deformasiyaya uğramış hissənin yenidən qurulması işlərinin böyük hissəsi yekunlaşıb: “Artıq sözügedən yolun yenidən qurulan hissəsi sürücülərin istifadəsinə verilib”.

AAYDA-dan qeyd olunub ki, yolun ödəniş qiyməti ilə bağlı, hələlik, müzakirələr aparılır: “Qiymətlər yük avtomobillər üçün ayrı, sərnişin avtobuslar üçün ayrı, minik avtomobillər üçün ayrı hesablanacaq. Biz beynəlxalq standarta uyğun tarifləri artıq təqdim etmişik. Yəqin ki, tezliklə qərar qəbul ediləcək”.

Əlavə olunub ki, yük avtomobillərinə nəzarət etmək üçün yolun müxtəlif hissələrində elektron tərəzilər quraşdırılacaq: “Pullu yolun dörd məntəqəsində tərəzilər artıq quraşdırılıb”.

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, bu yolun ilkin çəkilişi kifayət qədər ciddi qanun pozuntuları ilə müşayiət olunub: “Betonla çəkilmiş yola 30 il zəmanət verilmişdi. Ovaxtkı məzənnə ilə götürsək, az qala 1 milyard dollara yaxın xərclənmişdi, amma açılandan bir neçə il sonra yol təmirə bağlanırdı. Təmir adı ilə də ora 10 milyonlarla manat xərclənib, hətta beton yolunun böyük bir hissəsi ləğv edilib və yenidən asfalt yolu ilə əvəz edilib. Müxtəlif adamların adları çəkilsə də, buna görə bugünə qədər heç kim cavabdehlik daşımayıb”.

Pullu yola gəlincə isə, iqtisadçının sözlərinə görə, bu tipli yollar bir çox ölkələrdə var: “Amma orada bu yollar özəl sektor, ya da bələdiyyənin iştirakı ilə çəkilir. Yəni, dövlət-özəl sektor arasında bir müqavilə imzalanır, özəl sektor vəsait yatırır. Vəsait yatırılandan sonra onun geri çıxarılması və yola xidmət etmək üçün həmin yol pullu olur. Bizdə problem ondan ibarətdir ki, biz Azərbaycan vətəndaşı olaraq bu pulu artıq ödəmişik”.

İqtisadçı qeyd edib ki, vətəndaşlar vergi ödəyir və bu vergi nəticəsində infrastruktur layihələri həyata keçirilir: “Dövlət hesabına yolun pullu olması məntiqsizlikdir, çünki həmin yolun çəkilməsində vətəndaş artıq iştirak edib, pul ödəyib. Əgər burada özəl sektorun heç bir iştirakı yoxdursa, sual yaranacaq ki, orada yığılan vəsait nəyə və necə xərclənəcək, kimlər bu vəsaitin yığılmasına nəzarət edəcək? Tariflər necə müəyyən ediləcək və güzəştlər olacaqmı? Həmin yol boyu vətəndaşlar yaşayır, onlar öz evinə niyə pullu gedib-gəlməlidir?”.

N.Cəfərlinin sözlərinə görə, ayrı-ayrı Avropa ölkələrində pullu yollardan istifadə tarifləri fərqlənir: “Bəzi yollarda 1, bəzi yollarda 2, bəzi yollarda isə 3 avro ödənilir. Bu qiymət məsafədən və sürət həddindən asılıdır. Pullu yollarda sürət həddi adətən çox yüksək olur və vətəndaşlara bir nöqtədən digər nöqtəyə daha tez çatmağa şərait yaradır. Amma Azərbaycanda pullu yolların qiymətlərinin beynəlxalq standartlara uyğun olması üçün maaş və təqaüdlər həmin beynəlxalq standartlara uyğun olmalıdır. Avropada maaşların səviyyəsi bizdən bir neçə dəfə çoxdur”.

Bənzər yazılar

Back to top button