Siyasət

Azərbaycan xarici işlər nazirinin müavini İsrailə səfərə gəlib

Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev İsrailə rəsmi səfərə gəlib. Cümə axşamı, dekabrın 29-da o, Tel-Əvivdə Azərbaycan səfirliyinin açılışına hazırlıq işləri ilə tanış olacaq, xəbəri İsrail KİV-ləri yayıb.

Fariz Rzayevin sözlərinə görə, “diplomatik nümayəndəliyin açılması ilə iki ölkə arasında münasibətlərdə, praktiki olaraq, sərhədsiz imkanlar açılacaq”, deyə Vesty.co.il saytı nazir müavinindən sitat gətirir.

Səfirliyin açılması iki ölkə arasında qarşılıqlı fəaliyyəti genişləndirəcək və iqtisadiyyat, turizm, mədəniyyət, elmi tədqiqatlar və bir çox digər sahələrdə əməkdaşlıq üçün yeni kanallar açacaq, deyə Rzayev bildirib. O, həmçinin qeyd edib ki, səfər çərçivəsində öz məktəb müəlliməsinə baş çəkmək niyyətindədir.

“Azərbaycan xarici işlər nazirinin müavininin səfər proqramına Azərbaycanda böyük nüfuza malik olan keçmiş MOSSAD rəhbəri Tamir Pardo ilə görüş də daxildir. Bundan başqa, Fariz Rzayev İsrailin Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşlər keçirəcək”, deyə mənbə bildirib.

Qeyd edək ki, Azərbaycan XİN Fariz Rzayevin İsrailə səfəri ilə bağlı anons verməmişdi.

* Azərbaycan Parlamenti İsraildə səfirlik açılması haqqında qərarı bu ilin noyabrında qəbul edib. (Turan)

Bənzər yazılar

Back to top button