Hadisə

“Həkim dedi uşaq yaxşıdır, amma bir neçə saat sonra vəfat etdi”

“Avtobusda düşəndə azyaşlı övladımı maşın vurdu. Hadisə bu ilin oktyabrın 23-də Suraxanı rayonu, Zığ qəsəbəsində baş verib. Sürücü xəstəxananın xərclərini çəkib, müalicəsi üçün yardım etdi. Övladım 2 ay xəstəxanada yatdı, həkimlər ona yaxşı baxmadılar, buna görə də vəfat etdi”.

Bunu Meydan TV-yə müalicə aldığı xəstəxanada vəfat edən Hüseyn Cəfərovun anası Yasəmən Cəfərova deyib.

Onun sözlərinə görə, 5 yaşlı oğlunu yaralı vəziyyətdə iki xəstəxanaya aparıblar, amma heç biri qəbul etməyib. Sonra onu Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriblər:

“Uşaq başından, ciyərindən, qabırğalarından zədə almışdı, amma komadan ayıldı. Vuran sürücünün yaxınları müalicəsi üçün pul verirdi. Həkimə dedim ki, uşağın vəziyyət pisdirsə, müalicə edə bilməyəcəksinizsə, daha yaxşı şəraiti olan xəstəxanaya, özəl klinikaların birinə aparım. Həkim dedi ki, yaxşılaşıb, 4 günə palataya köçürəcəm. Qızdırması yoxdur, səhhəti get-gedə düzəlir”.

O bildirib ki, həkimlə danışdığı gün övladı vəfat edib:

“Həkimlə danışdım, uşağın yaxşı olduğunu dedi. Bir neçə saat sonra müstəntiq yığıb vəfat etdiyini xəbər verdi. Uşağım axşamdan ölüb, nə bizə, nə də vuran sürücünün ailəsinə xəbər veriblər. Bizim xəbərimiz olmadan uşağı “morq”a aparıblar. Halbuki, telefonlarımız onlarda vardı. Ölən kimi bizə xəbər vermədən uşağımı niyə “morq”a yerləşdiriblər? Həkim məni arxayın etdi, uşağıma baxmadılar”.

3 saylı Şəhər Klinik Xəstəxananın qəbul şöbəsindən bildiriblər ki, onlar xəstəxanada ölüm baş verən kimi hüquq-mühafizə orqanlarına məlumat verirlər. Mətbuatın suallarını isə yalnız TƏBİB cavablandıra bilər. TƏBİB-dən isə müraiətin araşdırılacağını deyiblər.

Bənzər yazılar

Back to top button