Bizim seçimİdman

Gənc yaşda “itkin” düşənlər – Azərbaycanlı futbolçunun “Barselona”ya keçməsinə kim mane olub?

DÇ-2022 bir müddətdir bitsə də, turnirlə bağlı araşdırmalar, təhlillər davam edir. Bəzən maraqlı məqamlar ortaya çıxır. Xorvatiya millisinin heyətiylə bağlı araşdırma apararkən diqqətimiz çəkən detallar oldu. Bu heyətin bir neçə üzvü aşağı yaş qruplar üzrə yığmalarda forma geyərkən Azərbaycan yığmasına rəqib olublar. Belə qarşılaşmaların sayı çox olub. Onlardan biri isə xüsusiylə diqqətimizi çəkdi.

2011-ci il, oktyabr ayında 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa Çempionatının ilkin seçmə mərhələsi çərçivəsində keçirilən görüş – Xorvatiya – Azərbaycan. Həmin matçın icmalına baxsanız, köks ötürəcəksiniz. Çünki gənc futbolçularımız kifayət qədər güclü sayılan rəqibi ilə görüşdə qələbə qazanmışdı. Xorvatları 2:1 hesabı ilə üstələyən milli qrupun digər 2 matçında – Ukrayna və Belçika ilə qarşılaşmalarda da yaxşı çıxış etmişdi.

Görüntülərə baxdıqdan sonra yəqin ki, beyninizdə bir neçə sual yaranacaq: Bu futbolçular indi haradadır? Onların axırı necə oldu? Kiçik araşdırma apardıq. Həmin dövrdə U-17 millisinin heyətində yer alan futbolçuların siyahısını tapdıq. Baxın, həmin siyahıdakı adlardan neçəsi tanış gəlir və sizə nələri xatırladır? Kimlər indi də milli komandadır?

Qurbanəli Əliyev (“İnter”), Nurlan Əhmədov (“Qarabağ”), Kənan Manafov (“Neftçi”), Sadiq Quliyev (“Qəbələ”), Əyyub Əliyev (“Neftçi”), Coşqun Diniyev (“İnter”), Şirməhəmməd Məmmədov (“Qəbələ”), Elvin Camalov (“Qəbələ”), Adil Nağıyev (“İnter”), Kamran Abdullazadə (“Xəzər-Lənkəran”), Fuad İslamzadə (“İnter”), Vahid Zülqədr (klubsuz), Polad Mirzəzadə (“Bakı”), Orxan Əliyev (“Sumqayıt”), Ruslan Nəsirli (“Sumqayıt”), Şamil Camaləddinov (“Sumqayıt”), Namiq Ələsgərov (“Bakı”), Ramin Şirinov (“Qarabağ”) və Elvin Bədəlov (“Zenit”, Rusiya)

Yəqin ki, bir sıra adlar diqqətinizi cəlb etdi. Həmin illərdə bəzi futbolçulara “yaxşı gələcəyi var” deyirdilər. Amma onlardan Sadiq Quliyev, Coşqun Diniyev, Elvin Camalov, Adil Nağıyev, Namiq Ələsgərov və Elvin Bədəlov hazırda Premyer Liqada çıxış edirlər. Sadiqdən başqa hamısı milli komandanın üzvüdür. Digərlərinin aqibəti isə fərqli olub, böyük hissəsi futbolçu karyeralarını erkən başa vurub. Aralarında məşqçi olanlar da var, tamam başqa sahəyə üz tutanlar da. Hələ yolunu azıb itənləri demirik.

İndi isə əks düşərgəyə – Xorvatiya millisinin heyətinə nəzər yetirək. Onlarda da oxşar vəziyyətdir. 5-6 futbolçunun normal karyerası olub. 3 oyunçunun yolu isə daha uğurlu alınıb. Söhbət Dominik Livakoviç, Mario Paşaliç və Marko Pyatsadan gedir. Bir vaxtlar “Yuventus”un əsas heyətinə düşmək üçün mübarizə aparan Pyatsanın karyerasında eniş müşahidə olunduğundan, 4 ildir milliyə çağırılmır. Amma DÇ-2018-ə qədər baş məşqçilərin daimi seçimlərindən biri olub. Paşaliç ilə Livakoviç isə DÇ-2022-də bürünc medal qazanan Xorvatiya millisinin bu uğurundakı əsas pay sahibləri idilər.

Həqiqətən də maraqlı mənzərədir. Bir vaxtlar Ruslan Nəsirli ilə Orxan Əliyevin vurduğu topları tordan çıxardan Livakoviçin Qətərdəki mundialda boynundan bürünc medal asılır. Ancaq adlarını qeyd etdiyimiz futbolçularımızın indi hansı işlə məşğul olduqlarından xəbərsizik. Həmin vaxt U-17 millisinə rəhbərlik edən Təbriz Həsənov da “itkin” düşən futbolçularının durumuna çox üzülür. Həmin dövrü xatırlayan çalışdırıcı çətinliklər bahasına yaxşı komanda qurduqlarını söyləyir. Əsasən 1995-ci təvəllüdlü oyunçulardan ibarət olan komandanın həmin dövrdə uğurlu çıxış etdiyini vurğulayan Həsənovun ürəyi doludur:

“Çox maraqlı məqama toxunmusunuz. Uzun müddət milli komandada çalışmışam, 200-dən çox beynəlxalq oyun keçirmişik. Amma rəqib komandalar və futbolçu barədə statistika aparmamışam. Amma oyunları xatırladıqca, bəzi adlar yada düşür. Dediyiniz oyun indiyə kimi yadımdadır. Ümumiyyətlə həmin dövrdəki komandamız çox yaxşı idi. Uzun müddət onlarla birlikdə çalışmışdım, hardasa 14-15 yaşlarından. Bu səbəbdən onları yaxşı tanıyırdım.

2011-ci ildəki Avropa çempionatının ilkin seçmə mərhələsində rəqiblərimiz çox güclü idi. Belçika, Xorvatiya və Ukrayna yığmaları idi. Həmin dövrdə onların hər biri çox güclü idi. Heç kim düşünmürdü ki, biz onlara qarşı yaxşı oynayarıq. Xüsusilə ilk oyunda ev sahibi Xorvatiyaya qarşı çıxışımız uğurlu alındı. Onlara qalib gəldikdən sonra Belçika ilə qarşılaşdıq. Həmin görüşdə də yaxşı oynadıq. İlk hissəni uduzsaq da, oyunun sonlarında penalti qazandıq. Ancaq Namiq Ələsgərovun 11 metrlik cərimə zərbəsini qapıçı qaytardı. Ukrayna ilə də heç-heçə etdik, 4 xal topladıq. Həmin milli komandayla davam etsəydim, yaxşı olardı. Ancaq mən başqa komanda ilə işimə davam etdim.

Çox yaxşı komandamız vardı. Xüsusilə hücum xəttimiz çox güclü idi. Orxan Əliyev, Ruslan Nəsirli və Namiq Ələsgərov əla üçlük təşkil edirdilər. Digər futbolçular da çox yaxşı idi. Zəif komanda deyildik. Əfsuslar olsun ki, onların bir çoxu indi futbol oynamır”.

Təbriz bəyin sözlərinə görə, U-17 millisində çıxış edən futbolçuların bir qismi Avropanın böyük klublarının maraq dairəsində olublar:

“Bəhs etdiyimiz heyətdən qolkiperimiz Eyyub Əliyev çox yaxşı çıxış edirdi. Almaniyada beynəlxalq turnirə qatılıb, 22 komanda arasında 3-cü olmuşduq. Həmin vaxt “Şalke”nin nümayəndələri Eyyubla maraqlanırdılar. Sonrakı dövrdə Rəhim Sadıqov diqqət mərkəzində olub. “Barselona”nın təlim-məşq toplanışı bazasında onların dəvəti ilə oyun keçirmişdik və qalib gəlmişdik. Oyundan sonra “Barsa”nın seleksiya məşqçiləri mənə yaxınlaşıb demişdi ki, Rəhimi istəyirik. Mən də bildirmişdim ki, futbolçunun klubu var. Belə məsələlər mənim ixtiyarımda deyildi, sadəcə informasiya verə bilərdim. 1999-cu ildən olan Fərid Nəbiyevi İspaniyada olarkən “Atletiko”nun skautları izlədilər. Orada da mən futbolçu haqqında məlumat verirdim. Oyunçuların 17 yaşları olanda belə hallar çox olurdu. Təəssüflənirəm ki, futbolçular niyə o klublara gedib oynamadılar? Bəlkə də onlar üçün hər şey fərqli ola bilərdi. Amma indi, ümumiyyətlə futbol oynamırlar. Niyə oynamırlar? Bu sual ətrafında çox cavab tapmaq olar. Detalları araşdırılmalı olan məsələdir”.

Həsənov illərdir gördükləri və iş prosesində qarşılaşdığı məqamları nəzərə alaraq problemlərin həll yolu barədə də fikirlərini də bildirdi:

“Bu problem təkcə bizdə deyil. Potsovet ölkələrində, Türkiyədə də var. Amma onlarda vəziyyət bizdəki kimi deyil. Bizdə liqalar, klublar azdı. Gənclərə yaş artdıqca oynamaq və şans qazanmaq lazımdır. Futbolçuların həm sıçrayış, həm də eniş vaxtı olur. Yaxşı formada olanı götürürlər, amma sabah enişdə olanda oynamağa liqa tapa bilmir. Ona görə kənarda qalırlar. Amma digər ölkələrdə elə deyil. Futbolçuların oynaması üçün çox sayda liqa var. Böyük klubların akademiyalarında yetişən futbolçuların əsas komandaya yüksəlmək şansı elə də çox deyil. Onlar inkişaf üçün bəzən aşağı liqalara icarəyə göndərilirlər və orada inkişaf edirlər. Püxtələşəndən sonra əsas komandaya gəlirlər. Amma bizdə belə vəziyyət yoxdur. Başlıca səbəblərdən biri də budur.

Gənc futbolçuların özlərində də problem olur: Ailələrində, ətraflarında, futbola baxışlarında, peşəkarlıqlarında. Bəzən futbolçular yollarını azırlar. Əsgərlik, xarakter problemləri də olur. Sadalaya biləcəyimiz səbəb çoxdur. Bu barədə istənilən qədər danışmaq olar. Amma əsas odur ki, həlli istiqamətində işlər görək. Belə məsələlərdə məşqçilərin fikirlərini öyrənib, proqram hazırlamaq lazımdır ki, futbolçularımızı gənc yaşda itirməyək”.

Sonda bir məqamı toxunaq ki, yazının əvvəlində qeyd etdiyimiz Xorvatiyai ilə görüş yeganə nümunə deyil. U-17 millimiz müxtəlif vaxtlarda süpriz nəticələrə imza atıb. Gənc futbolçularımız indi ulduzlaşan çox sayda həmkarını məyus edib. Amma hazırda vəziyyət tamam fərqlidir. Bir vaxtlar 17 yaşında rəqiblərinə başağrısı olan futbolçuların adları, simaları unudulub. Onların taleyi barədə də məlumatısızıq. Amma onların Avropadakı rəqibləri beynəlxalq arenalarda “at oynadırlar”.

Heybət Məmmədov

Publika.az

Bənzər yazılar

Back to top button