İdman

“Mənə dedi, Qurban müəllim, xahiş edirəm, bircə dəfə çempion olun”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubdakı 14 illik fəaliyyəti barədə danışıb.

O, Qol.az saytına verdiyi geniş müsahibədə Ağdam təmsilçisinə gəldiyi ilk gündən sonrakı fəaliyyətinə toxunub. Q.Qurbanov deyib:

“O vaxt (2008-ci il – red.) çempionatımızın səviyyəsi çox yaxşı idi. 4-5, bəlkə də 7 il yerli liqamız yaxşı bir səviyyədə oldu. Klublar çox bərk, imkanlı idilər Bunu qoruyub-saxlaya bilmədik. Ümumiyyətlə, mən öz-özlüyümdə fikirləşsəydim ki, Qurban Qurbanov olaraq “Qarabağ”a gələndə Çempionlar Liqasının qrupunda oynayacağam, davamlı çempion olacağıq, daim Avropa Liqasının, Konfrans Liqasının qrupunda mübarizə aparacağıq, pley-offa çıxacağıq, mənim üçün reallıq olmazdı. Amma get-gedə işləyə-işləyə, addım-addım irəlilədik. Allaha şükürlər olsun, sonda belə uğurlar oldu”.

Q.Qurbanov bildirib ki, bir azərbaycanlı kimi qazandığı nəticələrdən, klubun qurduğu iş prinsipindən razıdır: “Həqiqətən də bu nəticələrə çatmaq arzu kimi idi. Hətta mən həmişə deyirəm ki, “Qarabağ”da 2-3-cü illərim idi, yerli çempionatda yaxşı bir oyun oynamışdıq, qalib gəlmişdik. Ağdamdan olan bir azarkeş vardı. Birbaşa meydançaya daxil olmuşdu. Təsəvvür edin, hətta deyirdi ki, Qurban müəllim, xahiş edirəm, bircə dəfə çempion olun, başqa heç nə istəmirik. Bu, mənim üçün çox təsiredici bir məqam idi. Biz çempion olduq, sonra yenə çempion olduq, ard-arda qruplara düşdük. Mən nəyi deyirəm? Bəlkə də fikirləşsəydim ki, mənim karyeramda 5 ildə 2 dəfə çempion olsam, 2 dəfə avrokubokların qrup mərhələsində oynasam, onsuz da bu, uğurlu nəticə sayılardı. Amma Allah elə etdi ki, davamlı olaraq çempionluq qazandıq, qrup mərhələlərində oynadıq, Çempionlar Liqasının qrup mərhələsində mübarizə apardıq. O böyük klubların Azərbaycana gəlməsi, o təcrübə, Azərbaycanın azarkeşlərinin bu komandaları, böyük futbolun nə olduğunu görməsi mənim üçün çox böyük bir uğurdur. O gün də ilin məşqçisi seçiləndə sual verdilər ki, bəs, nəyə çatmısınız, nəyi istərdiniz, hansı arzunuz var? Mən də söylədim ki, bu gün arzuma çatmışam. Çox istəyirdim ki, mən bu komandada olanda Qarabağ işğaldan azad edilsin. Bu arzuma da çatmışam. Allaha şükürlər olsun. Bundan sonra Çempionlar Liqasının qalibi olsam belə, bu uğur heç vaxt həmin arzumu üstələyə bilməzdi”.

Bənzər yazılar

Back to top button