Hadisə

Vasif Talıbovun vaxtında baş verən Bənəniyar hadisələri araşdırılır?

“Bənəniyar hadisələrində zərər çəkmiş rəhmətlik Rza müəllimin (Rza Nuriyev) ailəsi Naxçıvanın yeni təyin olunmuş daxili işlər naziri Süleyman Neymətov tərəfindən qəbul edilmiş, bildirilmişdir ki, bu məsələ dövlət tərəfindən yüksək səviyyədə nəzarətə götürülmüşdür. Baş verən hadisələr tezliklə hüquqi qiymətini alacaq”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri əslən Culfa rayonunun Bənəniyar kəndindən olan jurnalist Elmar Hüseynov sosial şəbəkə hesabında yazıb.

“Nazir deyib ki, hadisələrdə zərər çəkmiş hər bir bənəniyarlı öz şikayətlərini ayrı-ayrılıqda məktub şəklində Naxçıvan Muxtar Respublikasının Baş Prokurorluğuna, həmçinin Daxili İşlər Nazirliyinə və Prezidentin Naxçıvan MR üzrə səlahiyyətli nümayəndəsinə göndərə və ya müraciət edə bilər”, – E. Hüseynov iddia edib.

Daxili İşlər Nazirliyi jurnalistin iddiasına münasibət bildirməkdən imtina edib.

Xatırladaq ki, Bənəniyar hadisələri 2009-cu il dekabrın 27-də baş vermişdi. Polis kənd sakinlərinin Aşura mərasiminə müdaxilə etmiş, iştirakçılardan bəziləri saxlanılmışdı. Kənd sakinlərindən Yunis Əliyev bütün bunlara etiraz olaraq Polis şöbəsinin qarşısında özünü yandırmışdı. Bu hadisə kənd sakinlərinin Polis şöbəsinin qarşısında etiraz aksiyası keçirməsinə səbəb olmuş və Bənəniyara daxili qoşun hissələri yeridilmişdi.

2010-cu il yanvarın 5-də sakinlərin bir neçə gün davam edən etiraz aksiyası dağıdılmış, həbslər həyata keçirilmişdi. Hadisələr nəticəsində saxlanılan Bənəniyar sakin Rza Nuriyev bir neçə gün sonra vəfat etmişdi.

Bənzər yazılar

Back to top button