İdman

Ronaldo bu gün “Əl-Nəsr”də debüt edə bilər

Kriştiano Ronaldo iki oyunluq cəzasına məhəl qoymadan bu gün yeni klubu “Əl-Nəsr”də debüt edə bilər.

Qol.az xəbər verir ki, 2022-ci ilin noyabrında 37 yaşlı futbolçu həmin ilin aprelində baş verən insident səbəbindən İngiltərə Futbol Assosiasiyası (FA) tərəfindən 2 oyunluq cəzalandırılıb. O, ötən mövsüm İngiltərə Premyer Liqasının 32-ci turunda “Everton”a 0:1 hesabı ilə uduzduqları matçdan sonra paltardəyişmə otağına gedən zaman azarkeşlərdən birinin telefonunu sındırdığı üçün bu cəzaya məruz qalıb.

“Daily Mail” nəşri yazıb ki, “Əl-Nəsr” Ronaldonun bu gün Səudiyyə Ərəbistanı çempionatında “Əl-Tai” ilə oyunda komandanın heyətində oynamasını istəyir. Portuqaliyalı futbolçu meydana çıxsa, cərimələnəcək. Ancaq klub rəhbərliyi bu cəriməni ödəməyə hazırdır.

FİFA qaydalarına əsasən, əvvəlki liqalarda cəza müddətinin sonuna kimi oynamayan futbolçular yeni çempionatda ilk oyunları buraxmalıdırlar.

Qeyd edək ki, “Əl-Nəsr” – “Əl Tai” Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Bənzər yazılar

Back to top button