Siyasət

Revanşistlər və Qarabağ klanı Paşinyanı istefaya göndərə biləcəkmi? (ŞƏRH)

“İmkan və şans var ki, Nikol Paşinyan növbəti parlament seçkilərinə qədər baş nazir statusunda qala bilsin. Bu ehtimal çox böyükdür”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ermənistan müxalifət partiyasının üzvü Naira Zohrabyanın ölkədəki hərbi vəziyyəti ləğv etməyə və Baş nazir Nikol Paşinyanı istefaya göndərməsi ilə bağlı çağırışına aydınlıq gətirərkən deyib. Politoloq qeyd edib ki, Paşinyanın istefaya getməsi üçün bu gün Ermənistanda siyasi və hüquqi mexanizmlər yoxdur:

“Birincisi ona görə ki, Ermənistanda hərbi vəziyyət mövcud olduğu üçün Baş naziri istefaya göndərmək mümkün deyil. İkincisi, baş nazirə parlament yolu ilə etimadsızlıq göstərmək olar ki, onların da əksəriyyəti Paşinyanın rəhbərlik etdiyi bloka məxsusdur. Buna görə də parlament yolu ilə də Paşinyanı istefaya göndərmək mümkün deyil. Bu gün Paşinyanı istefaya göndərmək mexanizmləri mövcud olmadığına görə, əsasən revanş götürmək istəyən qüvvələr, xüsusi ilə də Rusiya yönlü və Qarabağ klanına xidmət edən qüvvələr Paşinyanın istefaya təhrik etmək istəyirlər. Çünki başqa cür huquqi mexanizmlər mövcud deyil”.

Natiq Mirinin fikrincə, bu gün onun hüquqi və siyasi zəmində istefaya göndərmək yetərli olmadığı kimi, içtimai və sosail etirazlarla Paşinyanı istefaya göndərmək də mümkün deyil:

“Nə qədər etirazların olduğunu Azərbaycan televiziyası, eyni zamanda Ermənistanda müxalif düşərgələr xüsusu qabartmış olsalar da, görsənən səhnə ondan ibarətdir ki, Ermənistanda böyük əksəriyyət Paşinyanın istefasını istəmir. Hələ də İrəvanda Paşinyanın istefasını istəməyən əksəriyyət mövcuddur. Və Paşinyan buna əsaslanaraq istefaya getmək istəmir. Ayrıca Paşinyanı dəstəkləyən Qərb dünyası var ki, onlar da onun istefaya getməsini istəmirlər. Buna görə də bu canfəşanlığı Rusiya yönlü və Qarabağ klanına xidmət edən revanşist qüvvələrin canfəşanlığı kimi qəbul etmək lazımdır.
Əgər Paşinyanı sadəcə cəmiyyətin etirazı ilə istefaya göndərmək mümkün olsaydı, noyabrın 10-da imzalanan bəyanatdan sonra bunu etmək olardı. Gördüyümüz kimi, ilkin andakı etirazlarla, hətta bir neçə gün sonra da Paşinyanı istefaya göndərmək mümkün olmadısa, düşünürəm ki, bundan sonra Paşinyanın siyasi iradəsindən asılı olacaq. Əlbəttə ki, bundan sonra Paşinyanın prosesi hansı şəkildə yönəldə bilməsindən asılı olacaq. Hələlik Paşinyanın istefasından birmənalı olaraq danışmaq tezdir”.

Qeyd edək ki, Ermənistan müxalifət partiyasının üzvü Naira Zohrabyan ölkədəki hərbi vəziyyəti ləğv etmək və Baş nazir Nikol Paşinyanın istefaya göndərilməsi ilə bağlı çağırış edib.

Bənzər yazılar

Back to top button