Dünya

ABŞ Rusiya-Ukrayna münasibətlərində Türkiyənin rolunu yüksək qiymətləndirir

ABŞ Türkiyənin Putinin Ukraynadakı “barbar müharibəsinə” son qoyulması üzrə səylərini yüksək qiymətləndirir. Bu barədə cümə axşamı Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib, xəbəri Turan-ın Amerikadakı müxbiri verib.

“Bütün bu münaqişə boyunca Türkiyə sülh perspektivlərini təşviq etmək üçün NATO üzvü kimi mövqeyi və beynəlxalq ictimaiyyətlə yaxşı münasibətləri ilə yanaşı, Ukrayna və Rusiya ilə münasibətlərindən istifadə etməyə çalışıb”, deyə Prays gündəlik brifinqdə Turan-ın Ankaranın kimin tərəfində olduğu barədə sualına cavabda bildirib.

“Türkiyə dialoq, konstruktiv diplomatiya qurmaq cəhdlərində konstruktiv oyunçu olub”, deyə Prays qeyd edib.

Amerikanın şərhləri cümə axşamı Türkiyə prezidenti Recep Tayyip Erdoğanın Putini Ukraynada sülh danışıqlarının irəliləməsi üçün birtərəfli atəşkəs elan etməyə çağırmasından sonra səslənib.

Erdoğan Kremlin lideri ilə telefon danışığında əsirlərin dəyişdirilməsi ilə bağlı danışıqların “müsbət nəticələrini”, Zaporojye AES-in müdafiəsi və Qaradəniz taxıl təşəbbüsü üzrə səyləri xatırladıb.

Maraqlıdır ki, ilk dəfədir ki, Türkiyə lideri Ukraynanın da eyni öhdəliyi olmadan, Kremli hərbi əməliyyatları dayandırmağa çağırır.

Prays belə deyib: “Əlbəttə, məhz prezident Putin mənasız müharibəyə son qoymaq üçün prezident Erdoğanın və bütün dünyada bir çox digər həmkarlarının çağırışlarına qulaq asmalı olacaq”.

Daha sonra o, əlavə edib ki, “Bu müharibənin başa çatmasını heç kim ukraynalılardan daha çox istəmir, amma fakt odur ki, Rusiya sülh yolunda yeganə maneədir, prezident Putin isə təkrar-təkrar belə bir niyyəti olmadığını nümayiş etdirir”.

Turan-ın müxbirinin verdiyi məlumata görə, bundan sonra Dövlət Departamenti ictimai çıxışlarında və sənədlərdə “Türkiye” adından istifadə edəcək. Türkiyə Səfirliyi Birləşmiş Ştatlardan bu addan istifadə etməyi xahiş edib, bu, ABŞ-ın Coğrafi Adlar Şurası tərəfindən təsdiq edilib.

Bənzər yazılar

Back to top button