GündəmManşetSiyasət

Vardanyan ictimaiyyətə oynayır – Iqor Ələsgərov

Qarabağ separatçılarının faktiki rəhbəri, Rusiyalı milyarder Ruben Vardanyan yükləri və insanları yerüstü nəqliyyatla Laçın dəhlizindəki ekoloji piketdən keçməklə daşımamaq üçün Xankəndi və Yerevan arasında aviasiya əlaqəsi açmaq vəzifəsini elan edib.

Rusiyanın “Kommersant” nəşrinə müsahibəsində Vardanyan belə deyib: “…Aeroport işə salınmalıdır. Bunun üçün beynəlxalq təşkilatlar və bütün ölkələr təzyiq göstərməlidir ki, humanitar dəhliz yaransın və humanitar yük daşıyan təyyarələr aeroporta (Xankəndi – red.) enə bilsin. Bu, Azərbaycandan asılı olmamağın yeganə yoludur. Humanitar təyyarələrin gəlməyinə (Qarabağa – red.) imkan verəcək beynəlxalq sazişə ehtiyac var. Bu, bizim burada bir icma olaraq qalmağımızın, bu cür halların yenidən təkrarlanmamasının mühüm şərtidir. Aeroport tam işlək vəziyyətdədir”.

Məlum olduğu kimi, Xocalıda mülki aeroportun fəaliyyəti Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO – International Civil Aviation Organization) Xocalı aeroportundan (Xankəndi yaxınlığında) uçuşlara icazəsinə faktiki olaraq veto qoyan Bakının qərarı ilə dayandırılıb. Bakı Azərbaycan qanunvericiliyində Xocalı aeroportuna uçuşlara qoyulmuş qadağanı pozacaq təyyarələri vurmağa hazır olduğunu bildirib. Bu bəyanatı 2011-ci ildə Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov səsləndirib.

Vardanyan Bakı və İCAO-nun icazəsi olmadan Yerevan və Xankəndi arasında sərnişin və yük təyyarələri üçün aviasiya əlaqəsinin başlamasına nail ola bilər? Turan-ın suallarını Azərbaycanın Silk Way aviasiya şirkətinin keçmiş naviqatoru-təlimatçısı İqor Ələsgərov cavablandırıb.

“Sərnişin və yük təyyarələrinin Yerevan-Xankəndi marşrutu ilə uçuşu həm texniki, həm də beynəlxalq-hüquqi səbəblərdən qeyri-mümkündür.

Ermənistan aviadaşıyıcıları İCAO-nun qadağasını pozarsa və Xankəndinə uçuş həyata keçirərsə, Bakı İCAO nizamnaməsinə uyğun olaraq Ermənistan şirkətlərinə qarşı tədbir görülməsini tələb edəcək. Bu şirkətlər başqa ölkələrə uçmaq hüququndan məhrum edilə, “qara siyahıya” salına bilər”, deyə ekspert bildirib.

Bundan başqa, hazırda Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Xocalı aeroportunun təyyarələri qəbul etmək və göndərmək üçün texniki imkanları yoxdur.

“İxtisaslaşmış işçilərin işlədiyi müasir naviqasiya, yanacaqdoldurma, təmir və digər istismar xidmətləri olmadan aeroportların təyinatı üzrə istifadəsi mümkün deyil. Qarabağda bunun heç biri yoxdur, mütəxəssislər olsaydı, onlar Qarabağdan kənarda iş tapardı. Rusiya vaxtilə Xocalıda müəyyən avadanlıqlar yerləşdirib, amma onlardan istifadə olunmayıb və çox güman ki, yararsız hala düşüblər. Məlum olduğu kimi, bu aerodroma bir neçə dəfə Yerevandan gələn kiçik ticari təyyarə və helikopterlər eniş edib. Ermənistandan bütün yüklərin Qarabağa daşınması üçün bu, kifayət deyil. Vardanyanın Laçın dəhlizini aviasiya əlaqəsi ilə əvəz etməyə müvəffəq olacağını ehtimal etsək belə, bir kiloqram yükün daşınma dəyəri yüz dəfələrlə artacaq. Həm də Yerevanda belə reyslər üçün mülki təyyarə və yük təyyarəsi yoxdur”, deyə ekspert bildirib.

Hətta beton uçuş-eniş zolağının mövcudluğu Vardanyanın istəyinin həyata keçirilməsi üçün kifayət etmir. Ermənilər bilirlər ki, yaxınlıqda yerləşən Azərbaycan RƏM sistemi Azərbaycan səmasındakı qanunsuz hava obyektini vura bilər, rəsmi Bakı vəziyyətin belə inkişafı mümkünlüyü haqqında xəbərdarlıq edib. Vardanyan sadəcə olaraq ictimaiyyətə oynayır, deyə İqor Ələsgərov qeyd edib. (Turan)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button