GündəmManşet

Əvəz Zeynallının xanımı Prezidentə müraciət etdi

“Xural TV”-nin həbsdə olan Baş redaktoru Əvəz Zeynallının xanımı və sözügedən internet telakanalının əməkdaşı Məlahət Qisuri qızı Zeynalova tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Milli Məclisin spikeri Sahibə Qafarovaya, Prezident Aparatının rəhbəri Samir Nuriyevə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə, eləcə də digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edən Məlahət Zeynalovanın müraciətini olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Diqqətinizə çatdırım ki, həyat yoldaşım, müstəqil, araşdırmaçı jurnalist Əvəz Zeynallı 10 sentyabr 2022-ci il tarixində PA-nın məsul şəxslərinin siyasi sifarişi ilə, saxta, əsassız, heç bir dəlil-sübutu olmayan ittihamlar əsasında Binəqədi rayon məhkəməsinin hakimi Fərid Əmirəliyev, Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun qərarı ilə 4 ay müddətinə azadlıqdan məhrum edilib.

29 dekabr 2022-ci ildə əlavə olaraq, heç bir zərurət olmadığı halda həbsinin müddəti Binəqədi Məhkəməsinin hakimi Abbas Rzayev, Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədov tərəfindən daha 3 ay uzadılıb. Bu müddət ərzində ona qarşı irəli sürülən ittihamların heç biri öz təsdiqini tapmayıb.

Buna baxmayaraq, Sizin verdiyiniz səlahiyyətlərdən sui-istifadə edən məmurlar şəxsi maraqlarını önə çəkərək, yanlış və saxta ittihamlarla bir müstəqil jurnalistin fəaliyyətini dayandırmağa, onu girov götürməyə nail olublar.

Cənab Prezident!

Siz Azərbaycan mətbuatının fəaliyyətinin müstəqil olması, ölkədəki məmur özbaşınalıqlarının ifşa olunması istiqamətində mətbuatın Sizə yardımçı olması ilə bağlı dəfələrlə öz çıxışlarınızda qeyd etmisiniz. Müstəqil mətbu orqan olaraq “Xural” Media Qrupu internet resurslarında bu istiqamətdə fəaliyyətini davam etdirib.

Əvəz Zeynallının Xural TV-nin youtube kanalında yayımlanan “Siyasət Meydanı” verilişində istər Tərtər cinayətləri, istərsə də məmur özbaşınalıqları ilə bağlı müəllif çıxışları olub. Onun Tərtər cinayətləri ilə bağlı apardığı araşdırmalar, şikayətçi və zərərçəkmişlərin müsahibələri zamanı ortaya çıxardığı faktlar başda Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıqov olmaqla, Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Əyyubov, Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov, hərbi prokuror Xanlar Vəliyev və onun qudası Prezidentin Dövlət Nəzarəti Məsələləri şöbəsinin müdiri Kərəm Həsənov kimi məmurların maraqlarına zidd olduğu üçün Əvəz Zeynallının həbsinə siyasi sifariş həyata keçirilib.

Cənab Prezident!

Diqqətinizə çatdırım ki, Əvəz Zeynallı ilə birgə həbs olunan “Səda TV” youtube kanalının əməkdaşı Elnur Şükürova Əvəz Zeynallıya qarşı yalan ifadə verməsi müqabilində azadlığa buraxılacağı vədi verilib, o, bunu etməyəcəyini bildirdiyi zaman Şahin adlı şəxs tərəfindən təhdidlərə məruz qalıb.

Həbsin hüquqi motivində bu günlər haqqında 14 il həbs olunması ilə bağlı hökm verilən, Bəylər Əyyubovla işbirliyində olan, “Baku Steel Company”nin sabiq rəhbəri Rasim Məmmədova da Əvəz Zeynallıya qarşı yalan ifadə verməsi müqabilində azadlığa buraxılacağı vədi verilib, lakin o aldadılıb.

Xatırladım ki, Əvəz Zeynallı ilə birgə həbs olunan vəkil Elçin Sadıqov yalan ifadə verməsi müqabilində ev dustaqlığına buraxılıb. 28 dekabr 2022-ci il tarixində isə İstintaq İdarəsinin Rəhim adlı müstəntiqi Əvəz Zeynallıya “…Üzümə yaxşı bax, yadından çıxarma!” kimi təhdidedici ifadələr işlədib. Görünən odur ki, bu gün də səlahiyyət sahibi olan məmurlarınız Əvəz Zeynallının həbsdə daha uzun müddətə saxlanması üçün əllərindən gələni əsirgəmirlər.

Cənab Prezident!

Ümid etmək istərdik ki, bu məsələ ilə bağlı adıçəkilən məmurlarınız Sizə səhv və yanlış məlumatlar veriblər və Sizin razılığınızı əldə ediblər. O məmləkətdə, o dövlətdə ədalət o zaman ölür ki, günahsızlar cəza alır, günahkarlar mükafat.

Əgər həqiqətləri söyləmək bir jurnalist olaraq Əvəz Zeynallının “cinayət”i hesab olunursa, o zaman nə üçün Tərtər işi ilə bağlı Sizin müvafiq sərəncamlarınız var və artıq heç bir günahı olmayan və 5 il müddətində zorakılıq və işgəncələrə məruz qalan insanlar bu gün bəraət alırlar? Nə üçün bu faktlar deputatlar tərəfindən artıq heç bir qorxu olmadan Milli Məclisdə səslənmdirilir? Əsl cinayətkarlar ictimaiyyətin gözü qarşısında mükafatlandırılır, bu cinayətin izini öz araşdırmaları və fəaliyyəti ilə açan jurnalist Əvəz Zeynallı isə saxta ittihamlarla həbsdə saxlanılır?

Budurmu, bu dövlətin ədaləti?

Cənab Prezident!

Bu gün Əvəz Zeynallının sağlamlığında ciddi problemlər yaranıb. Qan təzyiqi, şəkəri yüksəkdir, üstəlik yaşadığı gərginliklər də onun sağlamlığı üçün ciddi təhlükə yaradır. Gözlərində təcili əməliyyat aparmaq lazımdır. Bir gün belə yubanmaq, ciddi fəsadlarla nəticələnəcək.

Cənab Prezident!

Səlahiyyətlərinizdən istifadə edərək Əvəz Zeynallının istintaq müddətində heç bir ölkəyə getməyəcəyini və istintaqın işinə müdaxilə etməyəcəyini nəzərə alaraq, onun ev dustaqlığına buraxılmasını xahiş edirəm.

İnanıram ki, ətrafınızda olan məmurların adınızdan istifadə edərək, cəmiyyətdə fəaliyyətinizlə bağlı mənfi fikir yaratmalarının qarşısını almaq və ədaləti bərpa etmək üçün belə bir addım atacaqsınız. Nəhayət, girovda saxlanılan bir müstəqil jurnalistin azadlıq hüququnu, ən əsası isə Ədaləti geri qaytaracaqsınız.

Bakı şəhəri, 06 dekabr 2023-cü il

İmza: Məlahət Qisuri Zeynallı”.
Hurriyyet.az

Bənzər yazılar

Back to top button