Hadisə

Prokuror Almaniyadan deportasiya olunan AXCP üzvünə 7 il 6 ay həbs istədi

Readmissiya qaydasında Almaniyadan Bakıya deportasiya olunandan az sonra həbs olunan siyasi fəal – Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Cəfər Mirzəyevin işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

AzToday.az Meydan TV-yə istinadən xəbər verir ki, yanvarın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror çıxış edərək, ona 7 il 6 ay həbs cəzası verilməsini təklif edib.

Cəfər Mirzəyevin vəkili Nemət Kərimli müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. AXCP fəalının məhkəməsi yanvarın 13-də vəkilin çıxışıyla davam edəcək. Ardınca özü son sözünü deyəcək və hökm oxunacaq.
Bildirilib ki, Cəfər Mirzəyev özünü təqsirli bilmir, siyasi baxışlarına, hökumətin ünvanına səsləndirdiyi tənqidlərinə, etiraz aksiyalarında iştirakına görə şərlənərək həbs olunduğunu bildirir. Onun sözlərinə görə, narkotik ittihamı şər-böhtandır, mağazada olarkən mülki geyimli şəxslər tərəfindən zorakılıqla saxlanılaraq, polis idarəsinə gətirilib. Orada işgəncəyə məruz qaldığını vurğulayan AXCP üzvünün sözlərinə görə, etiraf videosunda üzündəki xəsarət də bunu sübut edir.

Qeyd edilib ki, Cəfər Mirzəyev 2021-ci ilin noyabrında Almaniyadan Azərbaycana deportasiya olunub, 2022-ci ilin yanvarında isə həbs olunub. O, 2021-ci ilin oktyabrından indiyədək Almaniyadan deportasiya edildikdən az sonra həbs edilən 6 nəfər siyasi fəaldan biridir. Həbs olunanların əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb. Onların arasında Pünhan Kərimli, Malik Rzayev, Samir Aşurov və başqaları da var. Bu siyasi fəalların heç biri özlərini təqsirli bilmir, narkotik ittihamının cəfəngiyyat olduğunu, sosial şəbəkələrdəki tənqidlərinə, Almaniyada olarkən Azərbaycanda siyasi məhbus problemi, insan haqlarının pozulması hallarıyla bağlı etiraz aksiyalarında iştiraklarına görə cəzalandırıldıqlarını bildirirlər. Daxili İşlər Nazirliyi isə onların bu haqda dediklərinin əsassız olduğunu, konkret cinayətə görə həbs olunduqlarını bəyan edib.

Bənzər yazılar

Back to top button