GündəmHadisəManşet

“Kərəm Mustafayevin müavini bizi təhqir edərək qovdu” – Həlak olan hərbçinin atası

Ordubad rayonu Vənənd kənd sakini Məzahir Məmmədov hərbi əmri yerinə yetirərkən həlak olmuş oğluna şəhidlik statusu ala bilmədiyini bildirib.

O, bu barədə “Gündəlik Naxçıvan”a müraciətində deyib.

Şikayətçinin oğlu Fazil Məmmədli 29 iyul 2022-ci ildə həlak olub. M.Məmmədov bu işdə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayevi günahlandırıb.

Onun sözlərinə görə, ilk günlər oğluna şəhidlik statusu söz verilsə də, sonradan buna əməl olunmayıb:

“N saylı hərbi hissədə xidmət edən oğlum döyüş təlimi zamanı komandanlığın hərbi əmrini yerinə yetirərkən şəhid olub. Özüm burda olmadığımdan oğlumu 1 saat 45 dəqiqə ərzində general Rəhim Cəfərovun göstərişi ilə təcili dəfn ediblər. Şəhidi necə 1 saat 45 dəqiqə içərisində dəfn edə bilərlər? Hələ də başa düşə bilmirəm. 4 gün sonra dövlət bayrağını gətirdilər. Bayrağı mənə verəndə 10-15 zabit iştirak edirdi. Mənə dedilər ki, bayrağı qəbul et, şəhidlik sənədlərini də hərbi komissarlığa göndərəcəyik. 40 mərasimindən sonra məni Ordubad rayon hərbi komissarlığına çağırıb dedilər ki, hərbi hissənin verdiyi arayışa görə oğluna şəhidlik statusu düşmür”.

Bundan sonra ailə hərbi hissə komandiri Umman Nəcəfovla görüşüb:

“O, bizə dedi ki, bu arayışı Kərəm Mustafayevin göstərişi ilə yazıb. Daha sonra biz Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayevin birinci müavini, qərargah rəisi general Rəhim Cəfərovla görüşdük. O da eyni sözləri deyib, bizi təhqir edərək qovdu”.

Məzahir Məmmədov deyir ki, uzun çək-çevirdən sonra Kərəm Mustafayevin də qəbuluna düşə bilib:

“Teleqram vurduqdan sonra, general Kərəm Mustafayevin qəbuluna düşdük. O, bizi dinləmək belə istəmədi. Dedi ki, sizin övladınıza şəhidlik düşmür. Oğluma verilən əmrin sürətini istədim. Onu da vermədilər. Bildirdilər ki, şifahi əmr verilib. İndi nə edəcəyimi, kimə şikayət edəcəyimi bilmirəm”.

Bənzər yazılar

Back to top button