İdman

“Qarabağ” elə bir futbolçu transfer edir ki…

“Qarabağ”ın Kadi Borgesi satması birmənalı qəbul edilmədi. Əslində peşəkar ortamda bu addımın elə birmənalı qiyməti var: “Qarabağ” peşəkar qərar qəbul edib.

Qaldı ki, azarkeşlərə, bu da başadüşüləndir. Dünyanın heç bir yerində heç bir klubun azarkeşləri ən yaxşı futbolçunun satılmasını istəmir, buna görə klub rəhbərliyini tənqid də edirlər.

Amma futbolu biznesə çevirə bilənlər üçün hədəf məlumdur: bəlli imic formalaşdırıb, pul qazanmaq. Pul qazanmaq həm də gələcək üçün təminatdır. Pul qazana bilirsənsə, deməli, gələcəkdə daha da böyüyəcəksən.

Bir müddət əvvəl “Qarabağ”ın hansı xətti tutmasının vacib olduğu ilə bağlı yazı yazmışdıq. Başlıq da belə idi: “Qarabağ” üçün unikal fürsət.

Həmin yazıda Avropada bəlli imic formalaşdıran “Qarabağ”ın bundan sonra hansı yolla getməli olduğunu göstərmiş, digər ölkələrdən nümunə də çəkmişdik.

Və aydın olur ki, “Qarabağ” elə həmin yolla gedir, peşəkar addımlar atır.

Qeyd etmişdik ki, Avropada adından söz etdirən “Qarabağ” bundan sonra futbolçu yetişdirib satmalıdır. Artıq Kadinin satışından sanballı gəlir əldə edilib. Deməli, komandanın gələcəyə hesablanmış planı var.

Böyük ehtimalla, “Qarabağ”ın skautları daha gənc və perspektivli, həm də münasib qiymətə futbolçular gözaltı ediblər. Hansı ölkədən olmasının fərqi yoxdur, əsas odur ki, komandanın oyun fəlsəfəsinə uyğun gəlsinlər və inkişaf etməkdə maraqlı olsunlar.

Belədirsə, demək ki, “Qarabağ”ın zəifləmək yox, güclənmək ehtimalı var. Bəli, həmin futbolçuların adaptasiyası vaxt apara və bu müddətdə oyun keyfiyyətində geriləmə ola bilər. Amma sonradan elə bir “Qarabağ” görərik ki…

Bu mövsüm Avrokuboklardakı çıxış “Qarabağ”a futbolçu bazarında 2 oyunçu satmağa şərait yaratdısa, gələn mövsüm 3-4 futbolçu satmaq olar.

Hə, “Qarabağ”ın tutduğu bu yol, digər komandalar üçün də çığır açmalıdır axı. Yəni onların bəlli stimulu var: perspektivli futbolçularını satmaq üçün dağa-daşa düşməyə ehtiyac yoxdur. “Qarabağ” buradadır. Necə ki, Portuqaliyada əksər klublar “Portu”, “Benfika” , Şotlandiyada “Qlazqo Reyncers”, “Seltik”, Niderlandda “Ayaks”, PSV üçün “işləyirlər”, yəni bu komandalara futbolçu satmaqla qaz vurub qazan doldururlar, Azərbaycanda da elə olmalıdır. Könül istərdi ki, “Qarabağ” tək olmasın, o səviyyədə daha bir klub olsun, mütəmadi olaraq avrokubokların qrup mərhələsində oynasın, onda həm rəqabət artar, həm də ölkənin daxilində də futbolçuların satış bazarı formalaşar.

Məsələn, “Səbail” Afrikadan tapıb gətirdiyi istedadlı bir futbolçunu 1 milyon manata “Qarabağa”a satsa, o vəsait cibini deşməz. “Qarabağ” da bir ildən sonra o futbolçunu Avropa klublarından birinə 4-5 milyona versə, kim qazanacaq? Əlbəttə, Azərbaycan futbolu.

Bir neçə il əvvəl də yazmışdım, bir neçə ay bundan qabaq təkrarladım: “Qarabağ”ın əsas hədəfi Avropaya futbolçu satmaq olmalıdır.

Artıq sistem işləyir, indi qalır bunu inkişaf etdirmək. Yəni Kadinin satılması tam peşəkar addımıdır. Gözünüz sabahda olsun. Sabah “Qarabağ” elə bir futbolçu transfer edəcək ki…

Natiq Muxtarlı

Aut.az

Bənzər yazılar

Back to top button