Cəmiyyət

Ərşad Hüseynov piyadalara səsləndi: “Bu beş şərtə əməl edin”

«Əvvəlki illərin statistikası göstərir ki, qarlı-buzlu küçələrimizdə piyada hərəkət edərkən yıxılaraq ciddi travma (xüsusən qol-qıça sınıqları) alan insanların sayı yol-nəqliyyat hadisələrində travma alanların sayından bəzən 5 dəfə çox olur”.

Bunu nəqliyyat eksperti Ərşad Hüseynov qarlı havada necə hərəkət etməyin yollarını izah edərkən deyib. O bildirib ki, yol təsərrüfatı və kommunal xidmət əməkdaşları yolları qar-buzdan təmizləyərkən, səkiləri unutmamalı, piyada keçidlərinə xüsusi diqqət yetirməlidirlər:

“Əvvəlki illərdə rast gəldiyimiz, qarın hərəkət hissəsindən səkiyə atılması kimi təcrübə çox yanlış və təhlükəlidir. Qarlı-buzlu yollarda təhlükəsiz hərəkət çox önəmlidir. Az qala hamı – dövlət qurumları da, ayrı-ayrı şəxslər də bununla bağlı sürücülərə tövsiyələr verirlər. Amma ötən illərin təcrübəsi göstərir ki, qarlı-buzlu yollarda ən çox əziyyət çəkən, ən çox travma alan piyada hərəkət edənlərdir. Ona görə də məsləhətim onlaradır.

Piyada hərəkət edənlər bunları nəzərə alsalar, yaxşı olar ki aşağıdakılara əməl edəsiniz:

1) səkilər bəzən yolun hərəkət hissəsindən tez donur (avtomobillərin hərəkəti yolun donmasını bir az ləngidə bilər), ona görə də buzlu səkilərlə hərəkət etməyə hazır olmalısınız;

2) Xeyli küçələrimizin səkilərində sürüşkən döşəmə materiallarından (mərmərdən, bəzəkli daşlardan və s.) istifadə edilib. Belə yerlərdə çox ehtiaytlı olun, çünki buz olmasa da, yerdə azca qar olması çox ciddi sürüşmə effekti yaradır;

3) Piyada keçidlərini və ümumiyyətlə, yolun hərəkət hissəsini çox ehtiyatla keçin, çünki avtomobillər həmişəki kimi tormozlanmır. Çalışın yolun hərəkət hissəsində olmayasınız. Ən xəfif sürətlə və kifayət qədər aralıda olan avtomobil də təhlükəli ola bilər;

4) Altı sürüşməyən ayaqqabılardan istifadə etməyə çalışın;

5) Xüsusi zərurət yoxdursa, yollara çıxmayın. Xüsusən yaşlı insanların küçələrə çıxmamasına çalışın.

Bənzər yazılar

Back to top button