ManşetSiyasət

Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələri nə işə yarayacaq?

Prezident İlham Əliyev dekabrın 28-də “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında” fərman imzaladı. Fərmana əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa və kibercinayətkarlığa qarşı mübarizə sahəsində, habelə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyət istiqamətlərinə aid digər sahələrdə əməkdaşlığın səmərəliliyinin artırılması üçün mühüm əhəmiyyət kəsb edən xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda Xidmətin nümayəndələrini Xidmətin təsdiq edilmiş ştat sayı çərçivəsində təyin etmək səlahiyyəti verilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyinatı hansı zərurətdən irəli gəlir?

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl ASTNA-nın suallarına cavab verir.

* * *

– İlham bəy, prezident dekabrın 28-də “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında” fərman imzalayıb. Sizcə, bu hansı məqsədə xidmət edir?

– Xüsusi xidmət orqanlarının fəaliyyətində “əməliyyat şəraiti” deyilən bir termin var. Ölkənin təhlükəsizliyi ilə bağlı istər daxildə, istər xaricdə mövcud əməliyyat şəraitinə nəzarət edərkən yeni faktorlar aşkarlandıqda, o zaman “yeni əməliyyat şəraiti” yarandığı təsbit olunur və yeni əməliyyat şəraitinə nəzarət yeni kompleks təhlükəsizlik tədbirlərinin görülməsini zəruri edir. Fərmanda, “beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa və kibercinayətkarlığa qarşı” mübarizənin səmərəliliyinin artırılması üçün DTX -yə xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələr təyin etmək səlahiyyəti verilməsi, qeyd edilən istiqamətlərdə yeni əməliyyat şəraitinin yaranmasından xəbər verir. Bu cür cinayətkarlıqlara qarşı tədbirlər mübarizəni artıq ölkə daxilində deyil, məhz onların yerləşdikləri xarici dövlətlərdə daha effektli edir.

Azərbaycan terrorizmə qarşı mübarizədə beynəlxalq konvensiyalara qoşulub və xarici dövlətlərlə yaxından əməkdaşlıq edib. Bilirsiniz ki, Azərbaycan özü də beynəlxalq terrorizmin hədəflərindən biri olan ölkədir. Son illərdə radikal dini qrupların Azərbaycanı dəfələrlə təhdid etməsinin şahidi olmuşuq. Bilirsiniz ki, son illər xarici dövlətlərə Azərbaycan vətəndaşlarının miqrasiyası artıb. İran xüsusi xidmət orqanlarının məzhəbçilik xətti ilə xaricdə, xüsusilə Rusiyada, bəzi Avropa ölkələrində yaşayan həmvətənlərimizi cəlb edərək xüsusi təlimlər keçib Azərbaycana qarşı hazırlamaqla məşğuldurlar. Böyük Britaniyadakı səfirliyimizə məzhəbçilərin hücumunun arxasında da İran dini təşkilatları dayanmışdı.

Eyni zamanda erməni terrorçu təşkilatları Azərbaycanın xaricdəki səfirliklərinə və diplomatlarına qarşı terror hadisələri törədəcəklərinə açıq çağırışlar edirlər. Fransadakı səfirliyimizə erməni millətçilərin keçən il təşkil etdiyi basqın bu cür işlərin siqnalıdır. Erməni telekanallarında hətta bu məqsədlə 70-ci illərdə Türkiyə diplomatlarını qətlə yetirmək praktikasından istifadə etməyi vacib bilən bəyanatlar səslənir.

Qloballaşan dünyada transmilli mütəşəkkil cinayətkar fəaliyyət də getdikcə geniş vüsət alır. Cinayət təşkilatları tərəfindən informasiya, pul, fiziki əşyalar, insanların, digər maddi və qeyri-maddi sərvətlərin dövlət sərhədlərindən keçirilməsi ilə bağlı qanunsuz əməliyyatların həyata keçirilməsi artıq Azərbaycana da təsir edir. Burada ölkəmiz daha çox korrupsiya, zorakılıq və çirkli pulların məhz xaricdə yuyulması kimi cinayətlərlə üzləşir. Xatırlayırsınızsa, bir ay əvvəl DTX-yə bank əməliyyatlarına və ölkədən pul çıxarılmasına nəzarətlə bağlı daha bir səlahiyyət də verilmişdi. Son vaxtlar məmurların xarici ölkələrdə çoxsaylı mülklərə, biznesə sahib olduqları barədə informasiyalar daha da artıb. Çirkli pulların xaricə həm nəğd, həm də bank əməliyyatları vasitəsilə keçirilməsi ölkənin təhlükəsizlik məsələsidir. Detallara varmadan deyə bilərik ki, xaricdə kök salmış bu sərvətlərin aşkarlanması və ölkəyə qaytarılması bu günün tələbidir və DTX-nin bu işlə yerində -xaricdə fəaliyyət göstərməsi üçün əməkdaşlarının diplomatik korpuslarda və beynəlxalq təşkilatlarda təmsil olunması şərtdir.

Kibercinayətkarlıq da dövrün texnoloji mütəşəkkil cinayətlərindən hesab olunur və Azərbaycan hələ 2001-ci ildən “Kibercinayətkarlığa qarşı Budapeşt konvensiyasına” qoşulub. DTX-nı bu istiqamətdə əsas hədəfi xaricdən Azərbaycana qarşı yönəlik kiberterrorizm və terror məqsədləri ilə kiberməkandan istifadə olunması hallarıdır.

– Hamı bilir ki, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində mütləq xüsusi xidmət orqanının əməkdaşı olur. Bundan başqa xarici ölkələrdə Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti də fəaliyyət göstərir. İndi əlavə olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi nə işə yarayacaq?

– Səfirliklərdə təhlükəsizlik məsələləri ilə bağlı fəaliyyət göstərən əməkdaşların gücündən də istifadə olunacaq , amma təcrübə göstərir ki, bu yetərli deyil və əlavə mütəxəssislərə ehtiyac var. Xarici Kəşfiyyat Xidməti əməkdaşlarının funksiyası fərqlidir. Onların qarşısında digər təhlükəsizlik məsələləri qoyulur və yeri gələndə koordinasiyalı fəaliyyət göstərirlər. Əks-kəşfiyyat DTX-nin funksiyasıdır və bu işi onlar daha peşəkarcasına görürlər.

– Ola bilər ki, bu addım xaricdə Azərbaycan səfirliklərinə qarşı hücumların qarşısını almaq məqsədi ilə yaradılsın. Amma biz bilirik ki, Azərbaycan hakimiyyəti xaricdəki fəallara qarşı, onları susdurmaq üçün addımlar atır. Ola bilərmi Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi həm də bu məqsədə xidmət etsin?

– Xaricdə fəaliyyət göstərən siyasi mühacirlər sığınacaq aldıqları dövlətlərin tam himayəsi və qoruması altındadır. Əgər Azərbaycan dövləti onlara qarşı belə bir addıma cəhd edərsə, o dövlətdə fəaliyyət göstərən DTX əməkdaşının bu işlə bağlılığı sübut olunarsa, bu ilk növbədə Azərbaycanın beynəlxalq imicinə böyük zərbə olur və həmin əməkdaş(lar) ölkədən deport oluna bilər. Təsəvvür edin ki, DTX əməkdaşı hansısa siyasi mühaciri və ya fəalı susdurmaqla və ya ona cəhd etməklə bağlı hərəkətləri iki ölkə arasında necə qalmaqala səbəb olmuş olar? Bu, Azərbaycan dövlətinə lazımdırmı? Rusiyanın İngiltərədəki siyasi mühacirin həyatına sui-qəsdi iki ölkə arasında münasibətləri böhran halına gətirmədimi? İndi Stalin metodları ilə heç kim işləmir ki, Trotskini öldürmək üçün Cənubi Amerikaya Merkader göndərilsin. Bu fərmanın siyasi mühacirlərə, xaricdə fəaliyyət göstərən blogerlərə heç bir aidiyyatı yoxdur.

Bənzər yazılar

Back to top button