HadisəManşet

GDU-dan şikayətlər səngimir: “Nazirliyin Aparat rəhbəri rektoru müdafiə edir”

“Xahiş edirik ki, Prezident Universitsetdə baş verənlərə reaksiya versin”

Gəncə Dövlət Universitetinin bir qrup professor-müəllim heyəti ali məktəbdə baş verən qanunsuzluqlarla bağlı ölkə başçısına və aidiyyəti qurumlara müraciət etdiyini deyir.

Onlar davamlı olaraq 2013-cü ildən GDU-da baş verənlərdən şikayət etdiklərini desələr də, indiyə qədər problemlərin həll olunmadığını bildiriblər.

Şikayətçilər “Arqument.az”a deyiblər ki, problemlərin həll olunmamasının səbəbi rektor Yusif Yusibovun qardaşı Cavanşir Yusibovun Maliyyə Nazirliyinin aparat rəhbəri olması ilə bağlıdır.

Onların sözlərinə görə, Cavanşir Yusibovun qardaşını açıq şəkildə müdafiə edir: “Ona görə də Yusif Yusibovun bu cinayətlərini, universitetdəki maliyyə maxinasiyalarını, yeyintiləri Cavanşir Yusibov dostları olan Azər Bayramov, Ceyhun Bayramov və Mikayıl Cabbarovun köməkliyi ilə ört-basdır edir. Məhz bu səbəbdən də təhsil naziri Emin Əmirullayev rektorla bağlı heç bir addım ata bilmir”.

“Naxçıvanda keçirilən əməliyyatları dəstəklədik, bu əməliyyatları Gəncə Dövlət Universitetində aparmaq çox vacibdir. Əgər DTX burada, qanuni şəkildə maliyyə sistemində yoxlamalar aparsa, buranın böyük bir korrupsiya bataqlığı olduğu üzə çıxar”, – deyə şikayətçilər bildiriblər.

Şikayətçilər qeyd ediblər ki, tədris prosesi bütün çiyinlərində dayanan professor-müəllim heyətinin maaşı respublikada ən aşağı səviyyədədir: “Prezidentin göstərişi ilə minimum əməkhaqqı artsa da, GDU-da tədris köməkçi heyətinin maaşı 240-270 manat həddindədir. Ali təhsilli laborantlar xadimə ilə eyni maaş alır. Vəzifələrə təyinatlar hamısı rüşvətlə həyata keçirilir. Rüşvət isə prorektor Şahin Xurşudovun əli illə yığılır. İmtahanlar testlə keçirilsə də, imtahana düşən 25 sual bunker sualı kimi salınır, bu suallar isə tələbələrə keçilməyən mövzudan salınır. Rektor dəfələrlə deyib: “İmtahana elə suallar salın ki, tələbələr kəsilsin. Nəyə görə, biz tələbələrə təqaüd verməliyik? Tələbələrə verilən təqaüdə universitetin büdcəsindən xeyli pul gedir. Tələbələri kəsin, qoy bu pulları təqaüdə verməyək. Həm də tələbələr kəsilsə, onda kredit pulu da ödəyəcəklər”. İmtahanları da ona yaxın olan Vasif Həsənovun əli ilə keçirir”.

Müəllimlərin adından daxil olan müraciətdə bildirilir ki, universitetdə 8 xidməti maşın var. Rektorun özünün xidməti maşını olsa da, maşın həvəskarı olduğundan son model idman stilli bahalı cip alıb: “Həmin maşının nömrəsi də 20-AA-530-dir. Bir gün birindən, başqa gün o birindən istifadə edir. Heç magistr təhsili belə olmayan, universitetin nəzdində olan, özünü maliyyələşdirmə prinsipi ilə işləməli olsa da, universitetin büdcəsinin hesabına maliyyələşdirilən İdman klubunun sədrinə də xidməti maşın ayırıb. Universitet əməkdaşlarının narazılığından sonra qeyri-qanuni maliyyələşdirməyə qanuni don geyindirmək üçün, ona əlavə olaraq bir ştat da mühafizə xidməti vəzifəsini yaradaraq həvalə etmişdir. Xidməti maşınların hamısı saz vəziyyətdədir, amma təmir adı ilə sənədləşdirib yalandan pul silirlər”.

Onlar qeyd ediblər ki, bir müddət əvvəl guya universitet tender elan edib, bu tenderin qalibi isə “Leqal FN” MMC olub. Məqsəd nəqliyyat vasitələrinin əsaslı təmiridir. Bu niyyətlə GDU 26239.8 manat şirkətə maliyyə köçürəcək:

“Amma maraqlıdır ki, universitetin balansında hamısı saz vəziyyətdə olmaqla həddindən artıq xidməti avtomobillər var, bu avtomobillər müxtəlif vəzifə sahiblərini evindən işə və əksinə aparmaq üçündür, rektorun köməkçisinin belə xidməti maşını var. Müəllimlərin maaşı artırılmır, universitetin laboratoriyalarına avadanlıq alınmır, kitabxanada müasir ədəbiyyatlar yoxdur. Belə şəraitdə xidməti maşınların təmirinə 26 mindən çox pulun ayrılması, yalandan kosmetik təmirlərə yüz minlərlə pulun sərf olunması nə dərəcədə düzgündür?”.

Ölkə başçısına ünvanlanan müraciətin müəllifləri bildirilər ki, universitetin tələbə yataqxanasını kosmetik təmir etdilər, bu məqsədlə ayrılmış 8 milyon manat pulun heç 3 milyonu ora sərf olunmayıb: “İndi saz vəziyyətdə olan xidməti maşınlardan ötrü az qala bir maşının qiyməti qədər təmir xərcləri nəzərdə tutulub. Bu da öz növbəsində keçirilən tenderin formallığını gözlər önünə sərir və maxinasiya şübhələrini artırır. İndi Gəncə Dövlət Universitetinin 5 saylı korpusunun 2 mərtəbəli tədris binasının təmiri üçün guya tender keçirilib. Bu tenderin qalibi isə qeyri-rəsmi şəkildə Yusif Yusibovun qardaşı Çingiz Yusifovun idarə etdiyi “19 Saylı Tikinti Təmir İdarəsi” MMC olub. Universitet balaca ikimərtəbəli bir korpusun təmiri üçün 2 milyon 157 min 123.41 manat ödəyəcək. Bəli, bir manatlıq bir avadanlığı 20-30 manata sənədləşdirib universiteti talan edirlər. Gəncədəki orta məktəblərdə olan təchizat, avadanlıq GDU-dan dəfələrlə yüksəkdir”.

“Universitetin əməkdaşlarından Heydər Kərimov, Eyyub Mirzəyev, Qulu Qurbanov, Mahizər Hacıyeva və s. kimi müəllimlər xəstəlik səbəbi ilə işə gəlmir, bir neçəsi yataq xəstəsidir, amma buna baxmayaraq onlara tam ştat maaş verilir. Ona görə də xahiş edirik ki, nazir müavinin qardaşı olduğu ilə qürrələnərək bir ali təhsil ocağını məhvə aparan rektorla, həmçinin GDU-da baş verənlərlə bağlı göstəriş verəsiniz”, – deyə şikayətçilər bildiriblər.

Müraciətdəki iddialarla bağlı “Arqument.az”ın GDU-ya göndərdiyi sorğuya cavab verilməyib.

Bənzər yazılar

Back to top button