Cəmiyyət

Səttar Bəhlulzadənin əsərləri Oğuz Tolğanın əlinə necə keçib? (AÇIQLAMA)

“Hər halda Heydər Əliyev Fondunun imkanı varsa, Səttar Bəhlulzadənin satışa çıxarılan 650 əsərini ala bilər. Komissiya yaradılsın, əsərlər qiymətləndirilsin, göstərilən qiymətə deyil, münasib qiymətə alıb, həmin əsərləri Azərbaycana gətirmək olar”.

Bunu Qaynarinfo-ya açıqlamasında Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziydadxan Əliyev Xalq rəssamı Səttar Bəhlulzadənin əsərlərinin satışa çıxarılmasına aydınlıq gətirərkən deyib. Ziyadxan Əliyev həmin əsərlərin həqiqətən də Səttar Bəhlulzadəyə aid olduğunu təsdiqləyib:

“Bu əsərlərin Oğuz Tolğanın əlinə necə keçib, onu deyə bilmərəm, çünki Azərbaycanda hər şey ola bilər. Mən həmin əsərlərə baxdım, onların hər biri qrafik əsərlərdir, eskizlərdir, rəssamlıqda buna cızmaqara deyirlər. 1970-ci illərdə Səttar Bəhlulzadənin vəfatından sonra onun emalatxanasını boşaldırdılar. Emalatxanada onun belə eskizlərindən milyonlarla vardı. Mən onları görmüşdüm, həmin vərəqləri bir küncə yığmışdı. Yəqin ki, onun əsərlərinin həvəskarları üçün bu kağızlar əhəmiyyətli olub və onları götürüb. Hətta onların çoxunu diqqətsizlikdən emalatxanadan bayıra atmışdılar. Bir çox adamlar onlardan faydalanmışdılar, bayıra atılan vərəqləri yığıb aparıblar. Bir yolla həmin əsərləri ələ keçiriblər”.

Ziyadxan Əliyev bildirib ki, Səttar Bəhlulzadənin nəinki əsərləri, hətta imzası belə qiymətlidir:

“Hər halda bu gün onun əsərlərinə qoyulan qiymət Səttar sənətinə qoyula bilməz. Bunlar cəfəngiyyatdır, şişirtmədir. Deyilənə görə, İncəsənət Muzeyindəbn sertifikat alınıb. Bakıda İncəsənət Muzeyində komissiya var, hər həftənin 3-cü günü əsərləri dəyərləndirib, xarici ölkələrə çıxarılmasına icazə verirlər. Həmin əsərlərə sertifikat alına bilər, amma onların xaricə çıxarılmasına icazə verilmir. Görünür, bunlar hansısa yolla çıxarıb. Yadıma gəlir ki, 1993-cü ildə həmin İncəsənət Muzeyinin özündən xeyli qrafik əsər oğurlanıb, xarici ölkələrə aparılıb”.

Ziyadxan Əliyev deyib ki, satışa çıxarılan əsərlər şəxsin öz malıdır, hansısa muzeydən, kiminsə evindən oğurlamayıb:

“Muzeyin möhrü yoxdur, sata da bilər, hədiyyə də edə bilər. Bu əsərlərdən Azərbaycanda çox adamda var”.

Qeyd edək ki, Xalq rəssamı Səttar Bəhlulzadənin əsərləri “eBay” internet mağazasında Oğuz Tolga adlı şəxs satışa çıxarıb. Səttar Bəhlulzadənin 650 əsəri 18 500 000 dollara (31 450 000 AZN) təklif olunur.

Bənzər yazılar

Back to top button