ManşetSiyasət

“Putinin Rusiya ictimaiyyətini ovutmağa ehtiyacı var”

2023-cü il Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində “Rus dili ili” elan edilib. Rusiya Prezidenti Vladimir Putin dekabrın 26 və 27-də Sankt-Peterburqda MDB dövlət başçılarının ənənəvi Yeni il öncəsi sammiti zamanı rus dilini “çoxmillətli dövlətləri birləşdirən güc” adlandırıb.

Rəsmi məlumata görə, Azərbaycanda tədrisi rus dilində olan 300-dən çox məktəb var. Eyni zamanda Azərbaycanda Rusiyanın bir sıra universitetlərinin filialları fəaliyyət göstərir.

Bu qərar Rusiyanın hansı məqsədlərindən xəbər verir?

Siyasi şərhçi Nəsimi Məmmədli ASTNA-nın suallarını cavablandırıb.

– Nəsimi bəy, 2023-cü il Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində “Rus dili ili” elan edilib. Sizcə, bu addımın məqsədi nədir?

– Müstəqil Dövlətlər Birliyi (MDB) 2014-cü ilin mart ayında Rusiyanın Krımı işğal etməsi və Ukraynanın bu qurumdan çıxması ilə “birlik” mahiyyətini tam itirdi. Bundan öncə isə Gürcüstan 2008-ci ilin avqustunda Rusiyanın işğalına etiraz edərək qurumu tərk etmişdı.

2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu ilə MDB öz siyasi ömrünün son dövrünə qədəm qoyub. Beynəlxalq təcridə məruz qalan Rusiyanın nəinki qlobal, heç regional təsiri də öncəki qədər deyil. Rusiyanın bu çətin günlərində onun yeganə təsəllisi MDB ölkələri ilə normal münasibətlərin davam etdiyini ictimaiyyətə göstərməkdir. Mənim qənaətimcə bu, Putinə təsəlli aksiyasıdır. Eyni zamanda “Rus dili ili” elan edilməsi üzv ölkələrin Rusiya ilə həm də son vida aksiyası olacaq. Hazırda Putinin Rusiya ictimaiyyətini belə mənasız qərarlarla ovutmasına ehtiyacı var. Digər dövlətlər isə bu imkanı ona yaratmaqla Rusiyanın çöküş prosesindən itkisiz çıxmağı hədəfləyirlər.

– Bu Rusiyanın istəyidir təbii ki. Bəs niyə MDB üzvü olan digər ölkələr bununla razılaşmaq məcburiyyətindədirlər?

– Bəli, bu Rusiyanın istəyidir. Lakin bu qərar özlüyündə heç bir ciddi siyasi nəticə yarada bilməz. Bəlkə də bir neçə il öncə hansısa narahatlıq üçün əsaslar ola bilərdi, amma indi şərait xeyli fərqlidir. Qeyd etdiyim kimi üzv ölkələr Rusiyanın bu istəyinə razılaşmaqla əslində onu zərərsizləşdirirlər. Qonşulara qarşı aqressiv davranışını qismən neytrallaşdırmağa çalışırlar. Rusiyanın Ukraynada üzləşdiyi mürəkkəb vəziyyət və müharibənin nəticəsi yaxın dövrdə tam aydınlaşacaq. Zəifləyən və məğlubiyyətlə üzləşən Rusiya ilə nəinki MDB üzvləri, heç Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvləri də hesablaşmayacaq.

– MDB məkanında “Rus dili ili” elan edilməsi Azərbaycanın və digər MDB üzvü olan ölkələrin üzərinə yeni öhdəliklər qoyurmu? Bu öhdəliklər nələr ola bilər?

– Əslində bu qurum yarandığı gündən ciddi siyasi təsirə malik olmayıb. Dövlətlərin üzərinə xüsusi bağlayıcı siyasi, iqtisadi və hüquqi öhdəliklər qoya bilməyib. İlk baxışda dövlətlərin bütün daxili strukturlarını ayrılıqda birləşdirən birgə mexanizmlər yaradılsa da heç biri işlək olmadı. Heç bir dövlət öz daxili və xarici siyasətində, beynəlxalq iqtisadi-ticarət əməkdaşlığında MDB-nin qərarlarını üstün tutmayıb. Onun maraqlarına öncəlik verməyib. Daha doğrusu MDB-nin konkret maraqlarının nədən ibarət olması da əslində aydın deyil. Rusiyanın siyasi-iqtisadi maraqlarının arxasında itib-batan amorf bir təsisatdır. MDB-nin aqibəti Rusiyanın aqibətinə bağlıdır. Bu qurum üzv ölkələrin üzərinə heç bir ciddi məsələdə öhdəlik qoya bilməz. Sadəcə olaraq MDB-nin ünsiyyət dili sovet ittifaqında olduğu kimi rus dilidir. Keçmiş sovet respublikalarında əlaqələrin hələ də davam etməsində bu amilin rolu böyükdür.

– Sizcə, burda Rusiyanın imperialist siyasəti hiss olunmurmu? Rusiya niyə bu iddiasından əl çəkmək istəmir?

-Təbii ki Rusiya hələ də öz imperialist iddialarından imtina etməyib. Xüsusilə də Putin iqtidarı davam etdiyi müddətdə bu siyasətdən asanlıqla imtina olunmayacaq. Eləcə də rus xalqının şüuraltında imperialist və millətçi ideologiya kifayət qədər möhkəmdir. Onun dəyişməsi yeni hərbi-siyasi reallıqlara və zamana bağlıdır.

Ancaq bir məsələ var ki, artıq bu siyasətin fəsadları Rusiya üçün də artmaqdadır. Putin iqtidarı istəməsə belə bu siyasətdən imtina etmək məcburiyyətində qalacaq.

Digər tərəfdən isə MDB-nin belə absurd qərarları Rusiyanın regional siyasətdə hələ də nüfuzunu itirmədiyini göstərmək üçün qəbul olunur.

– Ümumiyyətlə, Rusiya istəyinə çata biləcəkmi, yoxsa onun imperialist siyasəti iflasa uğrayacaq?

– Artıq bu siyasət iflasa uğrayıb. Rusiya Ukraynada özündən dəfələrlə güclü olan Qərb koalisiyası ilə üz-üzədir. Rusiyanın iqtisadi, siyasi, hərbi resursları Qərblə rəqabətdə duruş gətirə bilməz. Qlobal strateji sabitlik üçün əlindəki nüvə silahını əsas kimi təqdim edən Rusiyanın hədələrinə ABŞ və müttəfiqləri boyun əymədilər. Faktiki olaraq bu təhdid işə yaramadı. Rusiya Ukraynaya təcavüzünün bədəlini çox ağır ödəyəcək.

– Azərbaycanı Rusiyanın siyasətindən qurtarmaq üçün hansı addımlar atılmalıdır?

– Azərbaycan onsuz da ticarət-iqtisadi əlaqələrini əsasən Qərblə qurub. KTMT üzvlüyünə qoşulmayıb, Rusiyanın hərbi-təhlükəsizlik çətirinə ehtiyacı olmayan ölkədir. Hərbi baxımdan MDB üzvü olan ölkələr sırasında ən çox NATO standartlarına yaxınlaşan ölkədir. Türkiyə ilə hərbi-siyasi ittifaqın dərinləşməsi, Türk Dövlətləri Təşkilatının əməkdaşlıq platforması kimi möhkəmlənməsi Azərbaycanı Rusiya təhlükəsindən qoruyan faktorlar sırasındadır. Eyni zamanda Qərblə siyasi-diplomatik əlaqələri də əsasən normal saymaq olar.

Azərbaycan məhz bu mürəkkəb mərhələdə Rusiya-Qərb qarşıdurmasında tərəflərdən birinə yaxın olmaqdan çəkinməlidir. Rusiyanın regiondan çıxarılmasında əsas rolu öz üzərinə almamalıdır. Eyni zamanda Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsinə də şərait yaratmamalıdır. Rusiya-Ukrayna müharibəsi Rusiyanın regiondakı yerini və rolunu müəyyənləşdirən əsas faktor olacaq.

Bənzər yazılar

Back to top button