ManşetSiyasət

Prezident İlham Əliyev Avropa İttifaqının dürüstlüyünü şübhə altına alıb

Avropa İttifaqının yeni mülki missiyasının Bakı ilə razılaşdırılmadan Ermənistana, Azərbaycanla sərhədə göndərilməsi öncədən əldə olunmuş razılaşmaların pozulmasıdır. Bu barədə yanvarın 10-da Azərbaycan prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində bildirib.

O xatırladıb ki, Avropa İttifaqının mülki missiyasının Ermənistana göndərilməsi barədə qərar oktyabrın 6-da Praqada Azərbaycan, Ermənistan liderləri, Avropa İttifaqı Şurasının rəhbəri və Fransa prezidentinin görüşündə qəbul edilib.

O zaman razılaşdırıldı ki, 40 nəfərdən ibarət missiya qısamüddətli olacaq və 2 ay – dekabrın 19-dək davam edəcək. Lakin bir müddət sonra Avropa İttifaqının yüksək vəzifəli nümayəndəsi bildirdi ki, missiya uzadılacaq. Onun ardınca bunu Fransa Xarici İşlər Nazirliyinin rəhbəri də təkrarladı.

Sonradan əldə olunmuş razılaşmalar Avropa İttifaqında pozularaq sözügedən müddət bitdikdən sonra yeni missiyanın göndərilməsi qərara alınıb.

“Nədənsə razılaşma pozulub, bu, son dərəcə məyusedicidir… Əgər biz nəyisə, hətta şifahi şəkildə razılaşdırmışıqsa, buna əməl edilməlidir”, – Əliyev deyib.

O qeyd edib ki, dekabrın 20-də Ermənistana yeni missiya göndərilib və bu, Azərbaycanın “aldadılması” kimi qiymətləndirilir. “Bizdə olan məlumata görə, yenə də bizim razılığımız olmadan fevralda oraya böyük nümayəndə heyəti göndəriləcək”, – Əliyev deyib.

O, diqqəti ona yönəldib ki, ATƏT konsensus prinsipini pozaraq Ermənistana missiya göndərmək barədə qərar qəbul edib. “Bu saxtakarlıq üzə çıxanda biz öz etirazımızı bildirdik”, – Əliyev deyib.

Sonra Əliyev qeyd edib ki, hazırda Rusiya və ABŞ-ı Ermənistanla danışıqlar üçün meydança kimi görür. “Minsk qrupunun “ölümündən” sonra Avropa İttifaqı vasitəçilik rolunu oynamağa başladı və biz bunu dəstəklədik, lakin əgər onlar bizim arxamızdan belə oyunlar oynasalar, o zaman bu formatın da gələcəyi şübhə altında olacaq.

Fransa faktiki olaraq özü-özünü prosesdən təcrid edib, indi qalır Amerika və Rusiya. Biz danışıqlar üçün meydançaları belə görürük. Əlbəttə ki, Avropa da iştirak edə bilər, amma bizimlə özünü dürüst aparsa”, – Əliyev deyib. (Turan)

Bənzər yazılar

Back to top button