İdman

Ronaldo “Qızıl top” mükafatını satdı – 600 min avro

Portuqaliyalı superulduz Kriştiano Ronaldo 2013-cü ildə qazandığı “Qızıl top”u böyük məbləğə satıb.

Qaynarinfo xəbər verir ki, hər il ən yaxşı futbolçuya verilən, 37 yaşlı ulduzun 2013-cü ildə qazandığı “Qızıl top” Londonda keçirilən xeyriyyə hərracında İsrailin ən zəngin adamı İdan Oferə satılıb.

Mükafat “Make-A-Wish” fondu üçün vəsait toplamaq məqsədilə hərraca çıxarılmışdı. İsrailli iş adamının təklif etdiyi 600 min avro hərracda qalib gəlib. Bu məbləğ birbaşa olaraq ağır xəstələrin istəklərini yerinə yetirən uşaq xeyriyyə fonduna yönəldiləcək.

“Forbes”in məlumatına görə, Oferin sərvəti 9,9 milyard dollar civarındadır. İsrailli iş adamının “Atletiko”da (Madrid) və Portuqaliya “Famalikao”sunda da payları var.

Ronaldo ilk mükafatı 2008-ci ildə “Mançester Yunayted”də oynadığı dönəmdə qazanıb. Digər dörd mükafatı isə “Real”dakı karyerası zamanı əldə edib. 2013-cü ildə “Real”ın heyətində 55 qol vuran Ronaldo həmin vaxt Çempionlar Liqasının qalibi olan “Bavariya”nın futbolçusu Frank Riberi və İspaniya çempionluğunu qazanan “Barselona”nın superulduzu Lionel Messi ilə “Qızıl top” uğrunda mübarizə aparırdı. Mükafatı qazandıqdan sonra Ronaldo onu xeyriyyə təşkilatlardan birinə verməyi qərara almışdı.

Portuqlaiyalı hücumçu özü hərracda iştirak etməyib. Mükafatı Oferə təqdim etmək vəzifəsini isə məşhur futbol agenti Xorxe Mendes boynuna götürüb.

Bənzər yazılar

Back to top button