ManşetSiyasət

Əliyev reallıqlara əsaslanaraq 2023-cü ildə Azərbaycanın dünyada yerini möhkəmləndirmək niyyətindədir

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın bir sıra telekanallarına müsahibəsində ölkənin 2023-cü il üçün xarici və daxili siyasətininin konturlarını açıqlayıb.

Eyni zamanda, o, xarici siyasəti prioritet istiqamət kimi qeyd edib, çünki müxtəlif geosiyasi əsintilərin ölkənin inkişafına və sabitliyinə təsiri daha çox ondan asılıdır. Əliyev Rusiya-Ukrayna müharibəsini artıq keçən il beynəlxalq həyatda hadisələrin adi məcrasını dəyişdirən dünya tarixinin dönüş nöqtəsi adlandırır.

Biz reallıqlara əsaslanmalıyıq, dünyada öz yerimizi bilməli və mövqelərimizi gücləndirməliyik, – deyən Əliyev Azərbaycanın Avropa işlərində tələbat qazandığı əsas sahələri göstərib: bu, enerji təhlükəsizliyi, logistikadır. Burada Qərb əsas diqqəti orta dəhlizə, Rusiya isə Şimal-Cənub marşrutuna verir, əsas ağrılı nöqtə isə Ermənistan tərəfindən bloklanan Zəngəzur dəhlizidir.

Bu yeni geosiyasi şəraitdə Əliyev özünün əsas rolunu Ermənistanla münasibətlərin nizamlanmasında görür, burada strateji vəzifələr İrəvanın sülh müqaviləsi bağlaması, ABŞ və Rusiyanın vasitəçiliyindən səmərəli istifadədir. O bildirib ki, Fransa 44 günlük müharibə ərəfəsində, zamanı və ondan sonrakı qeyri-obyektiv hərəkətləri ilə özünü əvvəllər ATƏT-in Minsk Qrupu tərəfindən idarə olunan sülh prosesindən kənarda qoyub. Ümumiyyətlə, Əliyev açıq şəkildə bildirib ki, Azərbaycan Avropanın bu məsələdə iştirakını istəmir. O, Avropa İttifaqının və ATƏT-in Azərbaycanın razılığı olmadan Ermənistan-Azərbaycan sərhədinə müşahidə missiyasının göndərilməsini misal çəkərək, Avropanın münaqişəyə birtərəfli yanaşmasından narazılığını bildirib.

Əliyev Ermənistanla uzunmüddətli münaqişənin həlli prosesinin gələcək inkişafını ordunun, ölkənin iqtisadi potensialının fəal şəkildə gücləndirilməsi, cəmiyyətin daxili sabitliyi və dünya miqyasında mövqelərinin möhkəmlənməsi kontekstində görür. O, İrəvanla konstruktiv danışıqlara hazırdır, lakin eyni zamanda İrəvanın iddialarına cavab olaraq, keçmişdə deportasiya olunmuş qərbi azərbaycanlıların (keçmiş Azərbaycan İrəvan xanlığının mühacirləri – indiki Ermənistan) tarixi evlərinə qayıtmaq istəklərini dəstəklədiyini bəyan edib.

Əliyev münaqişəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etmək əzmində və inamında dövlətin artan gəlirlərinə arxalanır, bu gəlirlər qlobal enerji böhranının, daha doğrusu, Avropanın Rusiyanın enerji daşıyıcılarından imtinası ilə bağlı artım dinamikası göstərir.

Enerji qiymətlərinin artması sayəsində Azərbaycanın ÜDM-i 2021-ci ildəki 54,6 milyard dollardan 2022-ci ildə 80 milyard dollara yüksəldi, xarici ticarət 2021-ci ildəki 22 milyard dollardan 25 milyard dollara qədər müsbət saldo ilə 50 milyard dollara yüksəldi. Xarici borc 16,9 milyard dollardan $7 mlrd dollara düşdü. Əgər 2022-ci ilin əvvəlində ÜDM-ə nisbətdə borc 17,5% idisə, ötən ilin sonunda 9,5%-ə qədər azalıb.

Dövlət başçısı ərzaq və qeyri-ərzaq məhsullarının bahalaşması ilə əlaqədar əhalinin sosial yükünün azaldılmasına xüsusi diqqət yetirməyi planlaşdırır. Prezident yeni il ərəfəsində minimum pensiyaların 16,7 faiz artırılaraq 280 manata, maaşların isə 12,5 faiz artırılaraq 345 manata çatdırılması barədə sərəncam imzalayıb, eyni zamanda bunun hələ də yetərli olmadığını qeyd edib. Jurnalistlərlə söhbətində o, ölkənin idxaldan asılılığını etiraf edib və əvvəlki illərdə olduğu kimi, bu dəfə də idxalı əvəzləmənin artırılmasını ön plana çəkib.

Müsahibədə insan hüquqlarının, vətəndaş azadlıqlarının pozulması, korrupsiya və Azərbaycan dövlətinə və cəmiyyətinə ziyan vuran digər neqativ hallara toxunulmayıb. Jurnalistlər və prezident bu mövzudan yayınıb, onu xarici təhlükələr problemi və gündəlik yemək qayğısı ilə pərdələyib.

Mehman Əliyev

Turan.az

Bənzər yazılar

Back to top button